Kanada baş naziri: Ukraynanın ən yaxşı təhlükəsizlik zəmanəti güclü ordu olacaq

post-img

Kanadanın baş naziri Mark Karni hesab edir ki, Ukraynanın əsas təhlükəsizlik təminatı güclü milli orduya malik olmaqdır. Bu barədə “Ukrinform” xəbər yayıb.

“İstənilən təhlükəsizlik zəmanəti güclü Ukrayna ordusundan başlamalıdır. Burada söhbət silahlanmadan, təlimdən və dözümlülükdən gedir”, – deyə Karni vurğulayıb.

O əlavə edib ki, Ukraynanın təhlükəsizliyi hərtərəfli olmalıdır – quruda, dənizdə və havada. “İstəkli dövlətlərin koalisiyası bütün bu sahələrdə dəstək göstərə biləcək. Kanada da bu çoxsaylı qrup daxilində öz rolunu müəyyən edəcək”, – deyə baş nazir bildirib.

Karni, həmçinin qeyd edib ki, Kanada Ukraynanın gələcək təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirələrdə fəal iştirak edir və potensial olaraq mühüm rol oynaya bilər. Onun sözlərinə görə, ABŞ-ın bu prosesdə iştirakı isə mütləqdir.

Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, ölkəsi üçün real təhlükəsizlik zəmanətləri maliyyə dəstəyi və silah təminatından ibarət ola bilər. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampdan bu məsələdə müsbət siqnal alınıb və bu, digər dövlətlərin də prosesə qoşulmasına imkan aça bilər.

NATO-nun baş katibi Mark Rütte isə Kiyevə səfəri zamanı tərəfdaşların təhlükəsizlik zəmanətlərinin hazırlanması üzərində işlədiyini açıqlayıb. O, Zelenskiyə müraciət edərək bildirib ki, danışıqlar vaxtı gələndə Ukrayna prezidenti arxasında dostlarının gücünü hiss edəcək və bu, Rusiyanı əldə ediləcək hər hansı razılaşmaya əməl etməyə məcbur edəcək.

Digər tərəfdən, ABŞ-ın vitse-prezidenti Cey Di Vens bəyan edib ki, Vaşinqton Ukraynanın təhlükəsizliyi üçün əsas yükü daşımalı deyil. Onun sözlərinə görə, əsas məsuliyyəti Avropa ölkələri üzərinə götürməlidir: “Bu, onların qitəsi və onların təhlükəsizliyidir. Prezident də açıq şəkildə bildirib ki, burada irəli addımı məhz Avropa atmalıdır”.

S.ELAY

XQ

Dünya