Uzun illər əvvəl söz azadlığnı insanların əsas haqqı kimi bayraq edən ölkələrdə artıq bir müddətdir ki, qaranlıq və qorxulu vaxtlar başlayıb. Bundan daha qorxulusu isə söz azadlığı haqqını istifadə edənlərin cəmiyyətin bu hüququ müdafiə edəcəklərinə inamının Günəş şüaları altında əriyən qar kimi yoxa çıxmasıdır.
İndi “Söz azadlığı bayraqdarı” olan Qərb ölkələrində heç bir günahı olmayan, sadəcə əlahəzrət qanuna söykənib söz demək haqqından yararlanan jurnalistləri bir anın içində dəmir barmaqlıqlar arxasına ata bilərlər və onları elə özləri kimi bu haqqa arxalanan bir ovuc həmkarlarından başqa heç kim müdafiə etməyəcək.
“The American Conservative” nəşri yazır ki, Assanj və Fillipsin ABŞ və Böyük Britaniya hakimiyyəti tərəfindən təqib edilməsi bir daha “söz azadlığı” və “insan hüquqları” anlayışlarının nə qədər aldadıcı olduğunu nümayiş etdirir. Məqalə müəllifi Piter Xitçens yazır: “İngilislərin necə bəhsə girdikləri hələ də yadımdadır: “Yox, məni həbs etməyəcəklər, səhv bir şey etməmişəm” və ya “Onlar heç nəyə nail ola bilməyəcəklər, bu, qanunsuzluqdur”. Corc Oruell hələ 1941-ci ildə müşahidələrinə əsaslanaraq qeyd etmişdi ki, qanunun hakimiyyətdən üstün olduğuna dair qeyri-müəyyən inam ingilis xarakterinin ayrılmaz hissəsinə çevrilib.
Müəllif yazır ki, “radikalları, ən azı, britaniyalıları artıq söz azadlığı və ya hökumətin sui-istifadəsi ilə bağlı xoşagəlməz məsələlər maraqlandırmır. Bu, ondan irəli gəlir ki, o radikallar, nəhayət, özləri hakimiyyəti ələ keçiriblər və onun bəhrələrindən – müharibələrə başlamaq və başqalarının haqlarını boğmaq “azadlığ”ından həzz alırlar”.
Bu hallar, ilk növbədə, Amerika hərbi qurumlarının bir çox cinayətlərini ifşa edən “Wikileaks”in sahibi avstraliyalı Culian Assanj və Ukraynadan olan reportajları, yumşaq desək, hazırkı münaqişədə Kiyevə şöhrət gətirməyən arzuolunmaz videobloger britaniyalı Qrem Fillipsə aid edilir.
Assanjın üzə çıxardığı gizlinlər barədə təfərrüata varmaq fikrində deyiləm, çünki bu haqda kifayət qədər yazmışıq. Yalnız onu deyim ki, onun tərəfdarları ona qarşı irəli sürülən əsas ittihamı – onun öz hərəkətləri ilə, guya, Amerikanın həyatını təhlükəyə atdığını qəti şəkildə rədd edirlər. Assanjın müdafiəçiləri, əksinə, bunun baş verməməsi üçün onun ən cəsarətli tədbirlər gördüyünü və heç kimin onun vurduğu zərərə dair heç bir sübut təqdim etmədiyini iddia edirlər. Ona qarşı çıxanlar nə deyərlər-desinlər, onun 2007-ci ilin iyulunda Bağdad üzərində amerikalı “Apaçi” helikopter pilotlarının amansız davranışları ilə bağlı ictimaiyyətə açıqlamaları əsl jurnalistikanın nə olduğunun parlaq nümunəsidir. Axı jurnalistika, ümumiyyətlə, nə üçün lazımdır? Dövlətin gizlin işləri haqqında həqiqətin açılması və bununla da dünyamıza bir az ədalətin gətirilməsi niyə cinayət olsun ki?
Amma Vaşinqton bütün imkanları ilə Assanjın ekstradisiyasına çalışır ki, onu amansız şəkildə cəzalandırsın. Bir çox ekspertlər deyirlər ki, Culian ABŞ vətəndaşı olsaydı, Konstitusiyanın Birinci Düzəlişi onu qoruyardı. Lakin Amerika hakimiyyəti onu 1917-ci il tarixli sərt Casusluq Aktı ilə mühakimə etmək niyyətindədir və bu sənəd isə təqsirləndirilən şəxslərin ictimai müdafiəsinə icazə vermir. Xatırlayırsınızsa, çox şübhəli eyni qanunvericilik sənədi 1970-ci illərdə məxvi “Pentaqon sənədləri”ni “sızdıran” Daniel Ellsberqə qarşı da istifadə olunmuşdu. Həmin sənədlərdə Vyetnam müharibəsi və onun keçmişi ilə bağlı ABŞ-ın yüksək rəhbərliyi ilə bağlı xoşagəlməz məlumatlar var idi. İndi oxşar rəylərdən bəlli olur ki, bu, nəcib və dürüst bir hərəkət olub. Ellsberq özü də Culian Assanjı fəal dəstəkləyənlərdən olub.
Adlı-sanlı jurnalistlər açıq bildirirlər ki, bu, siyasi məsələdir. Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Mayk Pompeo Assanjı kəskin tənqid edərkən özü bunu açıq şəkildə etiraf edib. Hətta belə fikirlər söyləyirlər ki, Britaniyanın yüksək çinli məmuru bu məsələyə müdaxilə etsəydi, çətin ki, ingilis məhkəmələri məsələni bu qədər uzadardılar.
Yeri gəlmişkən, Britaniya və ABŞ arasında ekstradisiya müqaviləsi açıq və birmənalı şəkildə siyasi deportasiyanı qadağan edir. Lakin London məhkəmələri və Britaniya hökuməti illərdir ki, sanki terrorda şübhəli bilinən şəxs kimi Assanjın Amerikaya ekstradisiyasını tələb edir. Bir çox tanınmış jurnalistlər İngiltərədə Assanjın niyə bu qədər az jurnalist tərəfindən müdafiə edilməsinə təəccüb edirlər. Axı bu nümunə həm də onların özlərinin söz azadlığı haqqını riskə atmış kimi görünür. Əgər zaman-zaman jurnalistlər belə repressiyalara öyrəşirsə, azad olduğunu iddia edən ölkəyə bu nə hörmət gətirər, nə də yaraşar. Belə davam edərsə, guya, azad olan iki ölkə haqqında sadəcə əfsanələr qalacaq.
Maraqlıdır ki, son illər dünyada məhz ABŞ tərəfindən jurnalistlərə qarşı sərt tədbirlərin və addımların atıldığı barədə geniş məlumatlar yayılır. ABŞ-ın “The Nation“ nəşrində Assanjla bağlı geniş məqalə ilə çıxış edən tanınmış hərbi jurnalist Çarlz Qlass yazır ki, “ABŞ jurnalistləri dəstəkləməkdən danışır, amma, əslində, onların təqib və qətlini təşkil edir. Assanjın işi buna sübutdur”. Qlass sonra belə yazır: “Diktatorlar problemli jurnalistləri silah və raketlərlə öldürsələr də, demokratlar bir az daha səbirli olurlar. Amma son nəticə yenə də eynidir”.
Jurnalist, həmçinin bir çox tarixi faktlara üz tutaraq açıqlayır ki, Somali, Eritreya, İndoneziyanın işğalı altında olan Şərqi Timor, Pakistan, Əfqanıstan və keçmiş Yuqoslaviya da daxil olmaqla, işlədiyi digər bölgələrdə əsgərlər və siyasətçilər cəzasız qalacaqlarına arxayın olub jurnalistləri qətlə yetiriblər. “Həyat tərzi, moda, dedi-qodu və kardaşyanlar haqqında yazmaqla daha təhlükəsiz yol seçən müxbirlər istisna olmaqla, dünyanın elə bir guşəsi yoxdur ki, orada jurnalistlər haqsızlığa və qanunsuzluğa etiraz etməyə cəsarət edərkən güclü qüvvələrin hədəfinə çevrilməsinlər”. Çarlz Qlass bildirir ki, Birləşmiş Ştatların özünü istisna kimi təqdim etməsi bir yana, özünə yaxın dövlətlərin jurnalistləri öldürməsinə də göz yumur. Ötən il mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günündə Prezident Co Bayden demişdi: "Dünyanın cəsur jurnalistləri dəfələrlə göstərdilər ki, onları susdurmaq və qorxutmaq olmaz. ABŞ onları görür və onların yanındadır". Amma müəyyən məqama qədər belə olsa da, əksər hallarda bunun tam əksinin şahidi oluruq.
Məqalədə göstərilir ki, “2003-cü il aprelin 8-də Bağdadda “Əl-Cəzirə”, “Reuters” və İspaniyanın “Telecino” telekanallarının müxbirləri və operatorları ABŞ əsgərləri tərəfindən güllələnərək öldürüləndə, Amerika onlara dəstək vermədi. Vaşinqton ölümləri təsadüf kimi açıqladı, lakin bu izahat hətta Jurnalistləri Müdafiə Komitəsi və Sərhədsiz Reportyorlar təşkilatındakı həmkarları tərəfindən belə rədd edildi. 2007-ci ilin iyulunda ABŞ-a məxsus “Apaçi” helikopteri Bağdad küçələrində bir qrup silahsız mülki vətəndaşı öldürəndə qətllərin qəsdən törədilməsi ilə bağlı iddia heç də inandırıcı olmadı. Ölənlər arasında “Reuters”in jurnalistləri Namir Nur-Eldin və Səid Çma da vardı. Pentaqon İnformasiya Azadlığı haqqında Qanuna əsasən, insidentin araşdırılması tələblərini rədd edib, öldürülənlərin hamısının terrorçu olduğunu bildirmişdi. Rəsmi yalanı yalnız “WikiLeaks”in yaydığı “Collateral Murder” (“Girov Cinayəti”) və ekipajın qətllərə görə sevindiyini nümayiş etdirən videoyazı ifşa etdi.
Jurnalist daha sonra yazır: “Qərb əsgərləri jurnalistləri döyüş bölgələrində, guya, təsadüfən məhv edirlər. Bu hərəkətlər hansısa demokratik ölkədə jurnalisti qəsdən öldürmək planlarından uzaqdır. Lakin bu da baş verir. 2017-ci ilin martında, Tramp prezident kimi fəaliyyətə başladıqdan iki ay sonra “WikiLeaks” MKİ-nın Amerika vətəndaşlarına və xarici siyasətçilərə qarşı kütləvi, əsassız casusluq proqramı ilə bağlı sənədləri dərc edir. İşıq üzü görən 8761 sənəddə göstərilirdi ki, agentlik vergi ödəyicilərinin pullarını MTA-nın oxşar proqramının eynisini tətbiq edərək istifadəçiləri dinləmək üçün “Samsung” televizorlarında “Weeping Angel” (“Ağlayan mələk”) adlı zərərli proqram təminatını quraşdırmaq üçün xərcləyib. “WikiLeaks” “Vault 7” adlı arxivdən olan sənədləri belə şərh edirdi: “Weeping Angel” proqramı yoluxdurulduqdan sonra hədəf televizoru “saxta söndürmə” rejiminə keçirir ki, sahibi səhvən televizorun söndürüldüyünü düşünsün. Əslində isə proqram bütün danışıqları qeyd edir və onları şəbəkə vasitəsilə gizli MKİ serverinə göndərir”. Bu faylları “WikiLeaks”ə MKİ-nın milyonlarla amerikalının şəxsi söhbətlərini onların xəbəri və ya razılığı olmadan dinlədiyini başa düşən məxfi informasiyaya girişi olan bir əməkdaş göndərmişdi.
Keçən il xəbərlərin araşdırmasını aparan “Yahoo!” MKİ-nin yeni direktoru Mayk Pompeonun baş verənlərə cevik və qəzəbli reaksiyasını ortaya qoydu. Sən demə, o, agentliyə “WikiLeaks”in qurucusu Assanjı qaçırıb öldürmək üçün plan hazırlamağı əmr edib. Assanj, onun birbaşa hərbi cinayətlərdə əli olduğunu bildirən 2010-cu ildəki hökumət bəyanatlarına görə MKİ, FTB, Dövlət Departamenti, Müdafiə və Ədliyyə nazirliklərinin hədəfində idi. Araşdırmaçı reportyor Maykl İsikoff deyir ki, “əslində, Mayk Pompeonu əsəbiləşdirən... “Vault 7” haqqında məlumatın sızması idi. Bu, onun agentliyi idi və o, buna nəzarət edirdi”. Beləcə, Assanja qarşı kampaniya kəskin şəkildə güclənmişdi.
Aprelin 13-də Pompeo Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) qarşısına çıxaraq bildirdi ki, “WikiLeaks”-in nəyə xidmət etdiyini açıqlamağın vaxtı çatıb: “Rusiya kimi aktorları tərəfindən dəstəklənən qeyri-dövlət düşmən kəşfiyyatıdır”. “Düşmən kəşfiyyat xidməti” təyinatı MKİ-nin Assanja qarşı istənilən hərəkətini qanuniləşdirmək məqsədi daşıyırdı. Amma belə olmadı. Milli Təhlükəsizlik Şurasının vəkilləri Assanjın öldürülməsinin qanuniliyini şübhə altına aldılar və daha soyuqqanlı MKİ rəsmiləri sui-qəsdlə bağlı məlumatları Nümayəndələr Palatasının və Senatın kəşfiyyat komitələrinə ötürdülər.
Tramp administrasiyası Assanjın məhkəməsiz öldürülməsi planlarından imtina etsə də, nə o, nə də Bayden Culianın İngiltərədəki təkadamlıq kamerada yavaş-yavaş ölməsi ideyasından və onun Amerikaya ekstradisiya edilib yüksək təhlükəsizlik həbsxanasına salınması planından əl çəkmədilər. Məhkəmə prosesi bu gün də davam edir. Həkimlər bildirirlər ki, 2019-cu ilin aprelindən bəri saxlanıldığı Londonun yüksək rejimli Belmarş həbsxanasındakı dəhşətli şəraitdən sağlamlığı artıq zədələnmiş Assanj intihar edə bilər.
İndi bu məhkumluq bir qədər də uzanıb. Belə ki, martın 26-da Britaniya Kral Məhkəməsınin “WikiLeaks”in təsisçisinin işi apellyasiya məhkəməsinə göndərmək hüququna malik olduğuna dair qərarından sonra Assanj ABŞ-a ekstradisiyaya qarşı mübarizədə möhlət qazana bilib. Hakimlər bildiriblər ki, Assanjın iddia edilən doqquz mübahisəli bəndin üçündə uğur qazanmaq üçün ağlabatan perspektivi var. Kollegiyanın sədri Şarp deyib: “Apellyasiya üçün icazə ərizəsi ilə bağlı yekun qərar verməzdən əvvəl cavabdehə təminat vermək imkanı tələb edəcəyik”.
Hakimin dediyi təminatlara aşağıdakı məqamlar daxil edilməlidir: “Ərizəçiyə (Assanja) ABŞ Konstitusiyasına Birinci Düzəliş tətbiq ediləcək; ədalət mühakiməsi iddiaçıya xələl gətirmədən həyata keçiriləcək və milli mənsubiyyətə görə hökm çıxarılmayacaq; iddiaçıya Amerika vətəndaşı kimi Birinci Düzəlişə əsasən müdafiə təqdim ediləcək və iddiaçı ölüm cəzası ilə üzləşməyəcək”.
Cavabdehlərə aprelin 19-a qədər vaxt verilib. Deməli, Assanj hələ yaşayacaq, amma bundan sonra Qərbdə söz azadlığının taleyi necə olacaq, bunu söyləmək çox çətindir.
İlqar RÜSTƏMOV
XQ