ABŞ Etnik Fondunun rəhbərləri Qafqaz Müsəlmanları İdarəsində

post-img

Dekabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Şeyxülislam A.Paşazadə Azərbaycanda mövcud unikal multikultural həyat tərzi haqqında, ölkə rəhbərinin səy və təşəbbüsləri sayəsində dövlətimizin beynəlxalq dinlərarası dialoq müstəvisində qabaqcıl rolu, dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsinin dünya miqyasında dinlərarası əməkdaşlıq istiqamətində fəaliyyəti barədə danışıb.

QMİ sədri bu yaxınlarda ABŞ-da səfərdə olarkən keçirdiyi yüksəksəviyyəli görüşlər, din xadimləri və ictimai liderlərlə ünsiyyətləri zamanı Azərbaycana münasibətdə müsbət tendensiyaların artdığından məmnunluğunu ifadə edib.

Şeyxülislam yarım əsrə yaxın davam edən dostluq və əməkdaşlıq münasibətlərinə malik olduğu Vicdana çağırış Fondunun prezidenti Ravvin Artur Şnayerin adını və Azərbaycana xoş münasibətini xüsusi dəyərləndirərək, onunla ötən aylarda Nyu-Yorkda şəxsən görüşündən bəhs edib. Şeyxülislam A.Paşazadə Ravvin A.Şnayerin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə keçirdiyi görüşləri böyük rəğbətlə yada salıb. Bildirib ki, Artur Şnayerin oğlu Mark Şnayerin də ölkəmizin dostu olmasını yüksək qiymətləndirir.

ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer Azərbaycan dövlətinin və dini liderinin dünya miqyasında mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrdən danışıb. Azərbaycanın evsahibliyi etdiyi və dünyanın nüfuzlu dini liderlərini mütəmadi bir araya gətirdiyi beynəlxalq forumların əhəmiyyətini vurğulayıb.

XQ

Son xəbərlər