AFFA-nın İntizam Komitəsi “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasovu cəzalandırıb. Bu barədə qurumun iclasında qərar qəbul olunub. Misli Premyer Liqasının XIII turunda baş tutan “Şamaxı” – “Sumqayıt” oyununun 88-ci dəqiqəsində A.Abbasov rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə cəzalandırılıb. O, 1 oyunluq diskvalifikasiya edilib, “Şamaxı” isə 2000 manat cərimələnib.
AFFA-dan verilən məlumata görə, İntizam Komitəsi “Sumqayıt”ın baş məşqçisi Saşa İliçi də “Şamaxı” ilə matçda rəqib komandanın texniki zonasında qeyri-etik ifadə və ya hərəkətə görə 4 oyunluq diskvalifikasiya edib. “Sumqayıt” klubu isə baş məşqçinin hərəkətinə görə 10 min manat cərimələnib.
Bundan əlavə, “Sumqayıt” 5 futbolçusunun sarı vərəqə almasına görə 700 manat cərimə ödəyəcək.
XIII turun “İmişli” – “Sabah” oyununda azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə meydan sahibləri 3000 manat ziyana düşüb. “Qəbələ” – “Araz-Naxçıvan” matçında isə meydan sahiblərinin futbolçusu Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. Onun hərəkətinə görə bölgə təmsilçisi 500 manat cərimələnib.
Qabil YUSİFOĞLU
XQ

