Fransa prezidenti Emmanuel Makron Braziliyaya üç günlük səfəri çərçivəsində həmkarı Luiz İnasio Lula da Silva ilə görüşüb. Liderlər Belemdə keçiriləcək BMT-nin 30-cu iqlim sammitindən əvvəl Amazon və “yaşıl” investisiyaların qorunmasını müzakirə ediblər. Prezidentlər Ukrayna münaqişəsinə münasibət və Avropa İttifaqı ilə (Aİ) ilə Cənubi Amerika ölkələri arasında ticarət sazişinin bağlanmasının çətinlikləri kimi aktual məsələləri ictimaiyyətə açıqlamamağa üstünlük verdilər.
Emmanuel Makronun Braziliya səfəri pərtlik ilə başlayıb. Braziliya Prezidenti Lula da Silva televiziya kanalları ilə birbaşa yayımlanan tədbirdə Emmanuel Makronu 2007–2012-ci illərdə dövlət başçısı olmuş Nikola Sarkozi ilə səhv salıb. Braziliya lideri fransalı həmkarının da iştirak etdiyi tədbirdə deyib ki, “Bu axşam Sarkozi və mən Rio-de-Janeyroya gedəcəyik”. Mərasim iştirakçıları Lula da Silvaya prezident adlarını səhv saldığını bildirəndən sonra o, “Bu gün Makron ilə Rio-de-Janeyroya gedəcəyik” deyərək sözlərinə düşəliş edib. Makronun bundan pərt olub-olmadığı bildirilmir, amma ehtimal etmək olar ki, hər halda adının hazırda Fransa məhkəmələrinin daimi “qonağı” olan Nikola Sarkozi ilə səhv salınmasından məmnun qala bilməz.
Bəs, Makronu uzaq sahillərə yollanmağa nə vadar etmişdi? Əsas müzakirə mövzularının qlobal problemlərlə, xüsusilə, iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq, eləcə də iqtisadi əlaqələr olduğu bildirilir. Ancaq Qərb mətbuatı yazır ki, Fransa prezidenti Braziliya ilə münasibətlərin yaxşılaşmasına çalışır. Məsələ ondadır ki, Jair Bolsonaronun prezidentliyi dövründə Paris və Brazilia arasında dialoq normal məcrada inkişaf etmirdi. Buna görə də, Makron Braziliya ilə münasibətləri yaxşılaşdırmağa ümid edir. Sabiq prezident J.Bolsonaro ultra-mühafizəkar olaraq, “mülaiym” Makronu çox sevmirdi və hətta Fransa prezidentinin həyat yoldaşı ilə bağlı zarafata da yol vermişdi. İndiki prezident Lula da Silva isə əksinə, heç vaxt yanlış ifadələrə yol verməyən siyasətçi kimi tanınır.
Bundan başqa, Fransa prezidentinin okeanın o tayına yollanmasının arxasında dayanan mühüm səbəblərdən biri də Braziliyanı Ukrayna müharibəsində Qərbin yanında dayanmasına inandırmaq idi. İndiyədək Braziliya Rusiya–Ukrayna müharibəsində neytral qalacağını bildirirdi. Amma mütəxəssislər əmindirlər ki, Braziliya liderini inandırmaq çətin məsələdir. Lula da Silva dəfələrlə Kiyevə silah verməyəcəyini və Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyini vurğulayıb. Braziliya liderinin fikrincə, ABŞ və Aİ-nin strategiyası münaqişənin danışıqlar yolu ilə həlli perspektivini sarsıdır.
Prezidentlərin görüşlərindən sonra səsləndirilən bəyanatlar da belə deməyə əsas verir ki, Makron Ukrayna məsələsində istəyinə çatmadı. Hələ bundan öncə cənab de Silvanın ABŞ-a səfəri zamanı Rusiyaya münasibətini dəyişmək üçün ona təsir göstərməyə çalışmışdlar. Ancaq Braziliya lideri mövqeyindən geri çəkilməmişdi. Ona görə də, Vaşinqtonun bacarmadığı bir işin Parisin öhdəsindən gələcəyini gözləmək sadəlövhlük olardı. Ən azından ona görə ki, ABŞ-dan fərqli olaraq Fransa ticarət və iqtisadi əməkdaşlıqda Braziliyanın mühüm tərəfdaşı deyil. Bundan başqa, Rusiya bu sahədə daha güclü mövqeyə malikdir. Moskva Braziliyaya gübrə, taxıl və neft məhsulları ixrac edir.
Bununla belə, Braziliya Fransa ilə bir sıra sahələrdə əməkdaşlığını davam etdirir. Belə sahələrdən biri də sualtı gəmi istehsalıdır. Birgə istehsal olunan beş sualtı qayığın üçüncüsü çərşənbə günü İtaquai limanında suya buraxıldı. Beşinci sualtı qayıq üçün braziliyalılar nüvə texnologiyalarının satılacağını gözləyirlər. Ancaq nüvə energetikası sahəsində Paris ehtiyatlı davranmağa çalışır. Mərasimdə iştirak edən Makron da bildirib ki, Paris nüvə texnologiyasının yayılmaması öhdəliklərinə ciddi şəkildə riayət olunması şərtilə hərbi nüvə sualtı qayığın tikintisində Braziliyaya kömək edə bilər.
Ancaq Fransa mətbuatı Parisin nüvə yardımı məsələsində Braziliyaya qucaq açacağına şübhə ilə yanaşır. KİV-in yazdığına görə, Braziliya tərəfi Parisi inandırmağa çalışır ki, reaktorun sualtı qayığa inteqrasiyasına kömək edəcək texnologiyanın həcmini artırsın. Həmçinin Braziliya atom elektrik stansiyası (turbin, reaktor) üçün avadanlıq satmasını da Parisdən xahiş edir. Amma indiyə qədər Fransa nüvə texnologiyasının yayılmaması ilə bağlı beynəlxalq tələblərə zidd addımlar atmaqdan çəkinir. Fransa daha çox iqtisadi sektorlara maliyyə yatırmağı prioritet sayır və Paris birbaşa investisiya həcminə görə (40 milyard avro) Braziliyada dördüncü böyük investor sayılır. Ancaq prezident da Silvanın kabineti hesab edir ki, Fransanın sərmayəsi Braziliyanın ölçülərinə görə uyğun deyil. Latın Amerikasının ən böyük ölkəsi Parisi “stavka”nı qaldırmağa çağırır. Ancaq Makron buna hazırdırmı?
Səbuhi MƏMMƏDOV
XQ