Yusif Məmmədəliyev – 120
Dekabrın 4-də görkəmli kimyaçı alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans öz işinə başlayıb.
Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkil etdiyi elmi məclis ölkəmizdə kimya elminin və sənayesinin inkişafında müstəsna xidmətləri olan akademikin elmi irsinin tədqiqi və çağdaş tələblər baxımından yenidən dəyərləndirilməsinə həsr olunub. İştirakçılar Fəxri xiyabanda akademik Yusif Məmmədəliyevin məzarını ziyarət ediblər. AMEA-nın Rəyasət Heyətinin binasında keçirilən açılış mərasimindən əvvəl isə yubilyarın həyat və fəaliyyətinə həsr olunmuş fotosərgiyə baxış keçirilib.
Təntənəli mərasim akademik Yusif Məmmədəliyevin ömür yolunu əks etdirən videofilmin nümayişi ilə başlanıb. İştirakçıları salamlayan elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Yusif Məmmədəliyevin elmi irsi bu gün kimya sənayesində, elmi-tədqiqat müəssisələrində və ali təhsil proqramlarında geniş şəkildə tətbiq olunur. Alimin 120 illik yubileyi münasibətlə elm və təhsil müəssisələrində ölkə ictimaiyyətinə, alimlərə və tələbələrə onun həyat və elmi fəaliyyəti barədə ətraflı məlumat verən tədbirlər təşkil olunur, tələbələrə müvafiq mövzular üzrə tədqiqat tapşırıqları verilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli 2025-ci ilin Azərbaycan elmi ictimaiyyəti üçün bir çox tarixi faktlarla əlamətdar olduğunu söyləyib. Alim qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizin elm siyasəti və qayğısı nəticəsində Azərbaycan alimləri öz yaradıcı fəaliyyətləri ilə ölkəmizin inkişafına töhfə verirlər.
Akademik Yusif Məmmədəliyevin elmi irsinin daim ölkəmizin rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini deyən akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin akademikin 120 illik yubileyi ilə bağlı sərəncamında onu Azərbaycan elminin yetirdiyi parlaq sima və Azərbaycanda neft kimyasının bünövrəsini yaratmış alim kimi səciyyələndirdiyini vurğulayıb. Yusif Məmmədəliyev Azərbaycanın elm tarixinə neft–kimya məktəbinin banisi olaraq düşüb. AMEA rəhbəri akademik Yusif Məmmədəliyevin ölkəmizdə elmlə təhsilin inteqrasiyasına da daim diqqət yetirdiyini, Bakı Dövlət Universitetinin rektoru olduğu illərdə daim elmi nailiyyətlərin təcrübədə sınaqdan keçirilməsinə çalışdığını söyləyib.
Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov Yusif Məmmədəliyevin həyatı barədə maraqlı məqamları konfrans iştirakçılarının diqqətinə çatdırıb. Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev bildirib ki, Azərbaycanın ictimai və intellektual mühitində akademik Yusif Məmmədəliyevin timsalında onlarla, bəlkə də, yüzlərlə dünya şöhrətli alim yetişir və Azərbaycan xalqı artıq dünyanın elm mərkəzlərindən birinə çevrilir.
Konfrans iştirakçılarını salamlayan AMEA-nın müxbir üzvü, akademik Yusif Məmmədəliyevin qızı Sevda Məmmədəliyeva Yusif Məmmədəliyevin xatirəsinə göstərilən böyük ehtirama görə ölkə rəhbərliyinə dərin minnətdarlığını ifadə edib, konfransınbütün təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Konfrans çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik və UNESCO-nun baş direktorunun müavini Lidiya Britonun videomüraciəti dinlənilib.
Sonra bir sıra yerli və xarici alimlər “AMEA-nın Yusif Məmmədəliyev döş nişanı” və “AMEA-80” döş nişanı ilə təltif ediliblər.
Konfransın birinci günündə dünyanın müxtəlif elm mərkəzlərini təmsil edən tanınmış alimlərin iştirakı ilə “Yusif Məmmədəliyevin elmi, pedaqoji və təşkilati fəaliyyəti: Azərbaycan və dünya elminin inkişafına verilmiş töhfə”, “Kimya elmində müasir çağırışlar: varislik və innovasiyalar” və “Elmi irs və gələcəyin üfüqləri” mövzularında panel sessiyaları keçirilib.
Konfrans bu gün davam edəcək.
İştirakçılar alimin vətəni Naxçıvanda da olacaqlar.
XQ


