Qazax Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Gənc alimlərin yay düşərgəsi” təşkil olunub. Avqustun 21-dən 26-nadək davam edəcək düşərgədə respublikanın müxtəlif bölgələrindən gəlmiş 90 nəfər magistr, gənc alim və tədqiqatçı iştirak edib.
Düşərgənin əsas məqsədi “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclərin ideoloji hazırlığını gücləndirmək, bilik və təcrübə mübadiləsini təmin etmək, yeni elmi əlaqələr qurmaq olub.
Avqustun 22-də düşərgə iştirakçıları Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun tarixi-mədəni məkanlarına ekskursiyada olublar. Onlar “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı və Göyəzən filiallarını, Səməd Vurğunun Poeziya evini, Molla Pənah Vaqifin abidəsini, “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini, Heydər Əliyev Mərkəzini, Tarix-Diyarşünaslıq və Ədəbiyyat muzeylərini, Qazax Müəllimlər Seminariyasını və digər görməli yerləri ziyarət ediblər.
Düşərgə çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov gənc alimlərlə görüşüb. Görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri çıxışında Qazaxın tarixi, mədəni irsi, sosial-iqtisadi inkişafı barədə məlumat verib, gənclərə elm, təhsil və vətənpərvərlik yolunda uğurlar arzulayıb. “Dəyərli gənc alimlərimiz, müstəqil Azərbaycanın gələcəyi sizin əllərinizdədir”, – deyə icra başçısı bildirib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin nümayəndəsi Kənan Kərimov, Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev və digər rəsmi şəxslər çıxış edərək düşərgənin əhəmiyyətindən danışıblar.
Gənc alimlər göstərilən diqqət və qonaqpərvərliyə görə təşəkkürlərini bildirərək, düşərgənin onların elmi və şəxsi inkişafında mühüm rol oynadığını qeyd ediblər. Sonda xatirə şəkli çəkilib.
Bu düşərgə elmə könül verən gənclərin birliyini, həmrəyliyini nümayiş etdirməklə yanaşı, onların vətənə, tarixə, mədəniyyətə bağlılığını daha da gücləndirib.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Qazax