Türkiyədə keçirilən “Kültür yolu” festivalında Azərbaycan təmsil olunub

post-img

Türkiyədə keçirilən məşhur “Kültür yolu” festivalında Azərbaycan musiqiçiləri iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, Ərzurum şəhərində baş tutan festival proqramı çərçivəsində iki qardaş ölkənin mədəniyyət nazirlikləri və Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə “Can Azərbaycandan sevgilərlə” adlı konsert keçirilib.

Ərzurumdakı İbrahim Erkal Mədəniyyət Sarayında keçirilən konsert proqramına maraq böyük olub. Tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər.

İlk öncə çıxış edən Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Türkiyə tarixi dostluğu və qardaşlığının bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də inkişafından danışıb. O, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına istinad edərək, dünyanın seçilən mədəniyyət tədbiri olan məşhur “Kültür yolu” festivalı çərçivəsində Azərbaycanın zəngin mədəniyyəti, musiqisi, muğam sənəti, milli rəqslərimizin təqdim ediləcəyini bildirib.

Daha sonra təqdim edilən konsert proqramında Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu çıxış edib. Qrupda gənc xanəndə və muğam müsabiqəsi laureatı Aytən Məhərrəmova, tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov, nağarada Elnur Əliyev çıxış ediblər.

Konsert proqramında bir sıra muğamlarımız, xalq mahnılarımız, “Azərbaycan”, “Qarabağ”, “Bəribax”, “Xudayar təsnifi”, “Çırpınırdı Qara dəniz”, “Yaşa mənim xalqım” və s. əsərlər ifa olunub.

Tədbirdə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Zəngəzur-Azərbaycan Xalq Rəqsləri Ansamblı “Cəngi”, “Zəngəzur yallısı”, “Uzundərə”, “Vağzalı” və s. milli rəqslərimizi ifa ediblər.

Qeyd edək ki, konsert proqramına maraq böyük olub, tamaşaçıların çoxsaylı alqışları ilə müşayiət edilib.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Mədəniyyət