Gənclər “Yay Fest”də bir araya gəliblər

post-img

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şamaxıda təbiət qoynunda təşkil olunan Azərbaycanın ən böyük gənclər festivalı “Yay Fest” çərçivəsində avqustun 18-dən 22-dək keçirilən “Müstəqillik tarixi” düşərgəsi müvəffəqiyyətlə başa çatıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Gənclər Fondundan bildirilib.

Respublikanın müxtəlif regionlarından olan 250 gənc beş gün boyunca bir araya gələrək unudulmaz düşərgə təcrübəsi yaşayıblar. Düşərgənin əsas məqsədi gənclərə Azərbaycan xalqının müstəqillik və ədalət uğrunda apardığı mübarizənin qəhrəmanlıq səhifəsini dərindən öyrətmək, onlarda vətənpərvərlik və dövlətçilik prinsiplərinə sadiqliyi aşılamaq, həmçinin gələcəyin liderləri kimi formalaşmaları üçün zəruri bilik və bacarıqlarını artırmaqdan ibarət olub.

Düşərgənin proqramında dövlətimizin müstəqillik tarixinin gənclərə aşılanması və milli dövlətçilik dəyərlərinə bağlı gəncliyin yetişdirilməsi məqsədilə görüş, interaktiv fəaliyyətlər, motivasiyaedici sessiyalar və komanda oyunları həyata keçirilib.

Düşərgə müddətində 20 Yanvar hadisələrinin canlı şahidi olmuş fotomüxbir Rasim Sadıxovla baş tutan “Tarixin kadrlarında” görüşü gənclərə müstəqilliyə gedən yolda yaşanan tarixi hadisələrin mahiyyətini və milli azadlıq uğrunda göstərilən fədakarlığın əhəmiyyətini daha dərindən hiss etdirib. İştirakçılar nadir fotoşəkillər və şəxsi müşahidələr vasitəsilə Azərbaycanın müstəqillik və suverenlik tarixini dərindən öyrənmək imkanı qazanıblar.

Bununla yanaşı, “Texnoloji inkişaf: Sərhədsiz potensial” və “Beynin sirləri” panel görüşləri, interaktiv fəaliyyətlər - yoqa dərsləri, kətan üzərində rəsm master-klası, airsoft təlimi, intellektual oyun, karate idman növü üzrə master-klas gənclərin şəxsi və peşəkar inkişafını dəstəkləmək, yaradıcılıqlarını artırmaq və motivasiya ruhunu gücləndirmək məqsədi daşıyıb. Eyni zamanda, düşərgə zamanı fləş-mob keçirilərək, iştirakçılar tərəfindən sülhün rəmzi olan göyərçin simvolu canlandırılıb.

Hər günün yekununda konsert proqramı, musiqili müsabiqələr və ocaq ətrafında səmimi söhbətlər təşkil edilib.

Avqustun 29-dək davam edəcək “Yay Fest 2025” çərçivəsində, ümumilikdə 2000-dən artıq gəncin iştirakı ilə “Milli-mənəvi dəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib diplomatiya” mövzularında ardıcıl 8 düşərgə təşkil olunacaq.

Gənclər üçün ənənə halını alan və beşinci dəfədir ki, təşkil edilən “Yay Fest” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.





















Sosial həyat