İtaliyanın “RAI” telekanalı Azərbaycanın kosmik və innovasiya ekosistemi sahələrində qazandığı uğurlardan bəhs edən reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, kanalın ölkəmizə ezam olunan jurnalisti Barbara Karfanya Azərbaycanın texnoloji cəhətdən inkişaf edən ölkə olduğunu bildirib. Qeyd edib ki, təbii ehtiyatlarla zəngin olan Azərbaycan özünün müstəqil rəqəmsal gələcəyini və texnoloji suverenliyini qurub. Vurğulanır ki, Azərbaycan kosmik sənayenin inkişafında önəmli rol oynayır, orbitə buraxdığı müxtəlif təyinatlı peyklər ölkənin informasiya təhlükəsizliyinin təmin olunmasına töhfələr verib, eyni zamanda, telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını aradan qaldırıb. Azərbaycanın kosmosda öz orbital mövqeyi var və özünəməxsus kosmik resurs əldə edib.
Reportajda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədovun, “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanovun, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sədrinin müavini Rəşad Xalıqovun və Agentliyin İnnovasiya ekosistemi departamentinin müdiri Yevgeniya Bikmurzinanın müsahibələri yer alıb.
“Azərkosmos”un regionda ilk peyk operatoru olduğu, peykləri vasitəsilə telekommunikasiya və Yerin müşahidəsi xidmətlərini təqdim etdiyi bildirilir. Qeyd olunur ki, Azərbaycan innovativ kosmik ekosistemin inkişafında mühüm rol oynayır, fəaliyyətini təkmilləşdirir, yeni xidmətlər və həllər təqdim edir.
Eyni zamanda bildirilir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yerli sahibkarlara müasir texnologiya və texnoloji avadanlıqların əldə olunmasında yardım göstərir. Agentlik innovasiyaya əsaslanan elmi tədqiqatları dəstəkləyir, innovativ layihələri, o cümlədən startapları stimullaşdırır, onları qrant, güzəştli kredit və vençur vasitəsilə maliyyələşdirir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma