İcra başçısı çobanlarla bir süfrədə

post-img

Yay otlaqlarına köç etmiş qoyunçuluq təsərrüfatlarını yoxlamaq məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev dağların qoynuna — çoban yataqlarına qalxmışdı. Bu səfər sırf administrativ yoxlama deyildi, bu dağların, elin, zəhmətin nəfəsini duymaq idi.

Məhərrəm Quliyev aidiyyəti qurumların rəhbərləri ilə birlikdə, Kəpəz dağ silsiləsinin ətəyində yerləşən yaylaqlarda fəaliyyət göstərən heyvandarlıq təsərrüfatlarını ziyarət edərkən, hər bir çobanla səmimi söhbətlər etdi. Dərələrdə qurulan kiçik yaylaq çadırlarında, qaya kölgəsindəki su mənbələri başında aparılan bu söhbətlər yalnız gündəlik qayğılarla məhdudlaşmadı, insanla dövlət arasında olan etimad körpüsü bir daha möhkəmləndi.

İcra başçısının bu ziyarəti sadəcə formal protokol ziyarəti deyildi. O, çobanların gündəlik həyat şəraitini şəxsən yerindəcə görmək, qarşılaşdıqları sosial çətinlikləri birbaşa dinləmək üçün onların süfrəsinə oturdu. Bu yaxınlıq, bu səmimiyyət Goranboyda dövlət idarəetməsinin humanist yönünün bariz göstəricisidir.

Söhbətlər zamanı məlum oldu ki, yaylaqlarda çalışan çobanların əsas qayğıları arasında baytarlıq xidmətlərinin vaxtında göstərilməsi, mal-qaranın mütəmadi peyvəndlənməsi, su və yol problemi, həmçinin mobil rabitənin zəifliyi kimi məsələlər durur.

İcra başçısı bu məsələləri bir-bir qeyd aldı və dərhal aidiyyəti üzrə qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Əsas məqsəd bu idi: Goranboyun dağ kəndlərində, ən ucqar yaylağında belə dövlətin əli, nəfəsi hiss olunsun.

Goranboy rayonu uzun illərdir ki, kənd təsərrüfatının, xüsusilə də heyvandarlığın əsas dayaqlarından biri kimi tanınır. Yay aylarında rayonun dağlıq ərazilərində yüzlərlə baş xırdabuynuzlu və iribuynuzlu heyvan otarılır. Bu isə həm kəndli üçün dolanışıq, həm də ölkənin ərzaq təhlükəsizliyi üçün vacib resursdur.

Bu görüş zamanı Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi və təsərrüfat sahibləri ilə heyvandarlığın mövcud vəziyyəti, gələcək inkişaf imkanları ətrafında geniş fikir mübadiləsi aparıldı. Müzakirələrdə otlaq sahələrinin genişləndirilməsi, heyvanlar üçün müasir yaylaq məskənlərinin tikilməsi, mobil baytarlıq xidmətlərinin təşkili, genetik təkmilləşdirmə və satış zəncirinin gücləndirilməsi kimi vacib məsələlər gündəmə gəldi.

Bəzən bir rəhbərin ucqar bir dağa qalxması, bir çobanla eyni süfrəyə oturması, bir qoyunun, bir quzunun dəyərindən danışması, o çoban üçün illərlə davam edən səssiz zəhmətinin görünməsi anlamına gəlir. Məhərrəm Quliyevin bu səfəri də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu, kəndlinin tək qalmadığını, uzaqda da olsa dövlətin onun yanında olduğunu göstərən mənəvi güvən mesajıdır.

Goranboy rayonu üçün kənd təsərrüfatının inkişafı sadəcə statistik göstərici deyil, bu, həyat tərzidir. Bu həyat tərzinin əsas daşıyıcıları isə, məhz Kəpəz yaylağında gecələr ay işığında sürü çəkən, səhərlər günəşlə oyanan

Sonda qeyd etmək yerinə düşər ki, bu cür səfərlər təkcə yerlərdə vəziyyətlə tanış olmaq üçün deyil, həm də böyük siyasətin əsasını – yerli icraçılıqla vətəndaş arasında körpü qurmaq üçün mühüm vasitədir. Yaylaqda çəkilən yollar, qoyulan su xəttləri, çatdırılan yem yardımı – bunlar həm də rayonun strateji inkişaf xəritəsinin bir parçasıdır.

Bu gün Kəpəz dağının qoynunda bir çadırda qaynayan çaydan gələn buxar, bəlkə də, yaxın gələcəkdə bir aqroparkın, bir məhsul markasının, bir ixrac potensialının təməlidir.

Goranboy bu inkişafın yolundadır. Və bu yol Kəpəz yaylağından keçir.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Goranboy









Sosial həyat