Ermənistan parlamentinin komissiya sədri Koçaryan bunu Xocalı qatili Ohanyana xatırladıb
Nikol Paşinyanın komandasında tarixi həqiqətləri, mövcud reallığı qəbul edib, obyektiv və sağlam düşünməyə başlayanların sıraları genişlənməkdədir. Bunu təqdirəlayiq hal, son nəticədə hayların özləri üçün faydalı olacaq müsbət tendensiya saymaq olar.
Sərlövhəyə çıxardığımız etirafı sıravi erməni deyil, Ermənistan parlamentinin milli müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryan edib. İctimai televiziyanın efirində çıxışı zamanı Tavuş rayonundakı 7 Azərbaycan kəndindən anklav olmayan 4-nün qaytarılması barədə danışan Koçaryan sərhəd məsələsinin öz həllini tapmasının və iki ölkə arasında müəyyən edilən xətt üzərində sərhəd qoşunlarının dayanmasının vacibliyini bildirib.
“Sabah gəlib yerimizdə oturacaqlar, qan töküləcək. Kəndlər Azərbaycana qaytarılmalıdır”,– deyən deputatın sözlərinə görə, problemin həlli danışıqlar yolu ilə sərhədlərin müəyyənləşdirilməsindən və əlavə qan axıdılmasının qarşısının alınmasından keçir. A.Koçaryan həmkarı və partiyadaşı Petros Kazaryanın problemin azərbaycanlıların götürdüklərini geri qaytarmaması ilə bağlı olması barədə açıqlamasına bu cür reaksiya verib: “Biz də onlardan (Azərbaycandan – red.) çox şeyi götürmüşdük, hətta geri verməyəcəyimizi söyləyirdik. Bəs axırı nə oldu? Bu məsələlər son nəticədə beynəlxalq hüquqa əsaslanaraq həll olunmalıdır. Biz hər dəfə dövlət sərhədini çəkəndə nə almalıyıq və nəyi verməməliyik anlayışı ortadan qalxır. Əgər siz bu gün tərslikdən əl çəkməsəniz, sabah ölkəmizin təhlükəsizlik məsələsi həll ediləndə təqsirkar kim olacaq?”.
Bu fikirləri efirdən təkcə professor Kazaryanın diqqətinə deyil, bütövlükdə, erməni ictimaiyyətinin nəzərinə çatdıran Koçaryan bununla hakimiyyətin siyasi mövqeyinin konturlarını həm də müxalifətə göstərmiş oldu.
İqtidarın müəyyənləşdirdiyi strateji xəttə uyğun hərəkət edən Koçaryan sərhədin delimitasiyasının hansı xəritələrə istinadla aparılıcağı ilə bağlı suala da aydınlıq gətirməyə çalışıb. O, bu məsələdə də kompromisə getməyin vacibliyini önə çəkib: “Sadəcə olaraq, optimal variantı tapmaq üçün müəyyən bir yoldan keçmək lazımdır. İndi biz həmin xəritənin harada olduğunu axtarmaqla məşğuluq. Sovet İttifaqının dağılmasından sonra, 1991-ci ildə imzalanan Alma-Ata Bəyannaməsində iki ölkə arasında dəqiq sərhəd xətti göstərilib. Düzdür, müxtəlif xəritələr mövcuddur. Misal üçün, deyirlər ki, 1920-ci ilin xəritəsi normaldır. Amma biz deyirik ki, 1926-cı ilin xəritəsi daha münasibdir. Bu məsələdə Kəlbəcərlə bağlı, ümumiyyətlə, heç bir problemi yoxdur. Axı, əvvəllər Ermənistan üçün sərhəddə ayırıcı xətt yox idi, hətta su ehtiyatı problemi də mövcud deyildi”.
Xəritələrin zaman keçdikcə dəyişdiyini, mövqelərdə də yerdəyişmə olduğunu deyən parlamentin komissiya sədri indi onların orada, özlərinin isə burada oturduğunun reallıq kimi qəbul olunmasını vurğulayıb: “Onların qoşunları bu gün yerləşdirilib və onlar faktiki olaraq hələ də Ermənistanın suveren ərazisindədir. İntəhası, bu məqam digər problemlərə bir qədər uzaqdan yanaşmaq üçün çox yaxşı açardır. Problem isə ondan ibarətdir ki, sərhəd xətti çəkilməlidir, qoşunlar güzgü effekti ilə yerləşdirilməli, sərhəd qoşunları isə həmin ayırıcı xətt boyunca dayanmalıdır”.
***
Ermənistan İctimai televiziyasına müsahibəsində Andranik Koçaryan Tavuş vilayətinin sakinlərini kəndləri tərk etməməyə, silaha sarılıb döyüşə çağıran Seyran Ohanyanın da (Ermənistanın sabiq müdafiə naziri, Xocalı soyqırımının təşkilatçılarından biri. Hazırda Paşinyan hakimiyyətinə müxalifdir – red.) cavabını verib: “Seyran Ohanyan yüksək səslə Tavuş sakinlərinə onları hansı təhlükələrin gözləyə biləcəyini izah edib. Yaxşı olardı ki, Ohanyan eyni tonda onu da izah etsin ki, əgər biz sülhə aparan məntiqə əməl etməsək, daha nələr baş verə bilər. Reallıq budur: bizim olan bizimdir, onlara aid olan isə onlarındır”.
Andranik Koçaryan sonra təklif edib ki, Seyran Ohanyan xalqı qorxutmaq və İrəvana qayıtmaq əvəzinə, Tavuş vilayətindən qayıtmasın, elə orada qalıb yerli ərazi müdafiə problemlərini “yoluna qoysun” və bu zaman “zəngin” təcrübəsindən istifadə etsin.
Hayastan parlamentinin komissiya sədrinin hayların generalı Ohanyana verdiyi məsləhəti keçmiş “qarabağlı” general və zabitlərin hamısına aiddir.
Elxan SAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi
– Nikol Paşinyan reallığı başa düşür ki, əgər dörd kəndi geri qaytarmasa yenə də iki ölkə arasında toqquşma ehtimalı arta bilər. Kəndlərin qaytarılması sülh sazişinin imzalanmasını da sürətləndirə bilər. Çünki Paşinyan daha sonra deyir ki, Ermənistan regional layihələrdə iştirak etmək istəyir. Həmin layihələrin müəllifi Azərbaycandır. İkitərəfli münasibətlərin normallaşması üçün gərək kəndlər qaytarılsın, Zəngəzur dəhlizi ilə bağlı müəyyən məsələlər həll olunsun.
Bəli, Paşinyanın ətrafında onun kimi düşünənlər də var. Məsələn, spiker Alen Simonyan baş nazir kimi erməni cəmiyyətinə belə bir mesaj verib ki, dörd kəndin qaytarılmadığı təqdirdə Azərbaycanla müharibə qaçılmaz ola bilər. Yəni, iqtidar komandası hazırda sağlam təbiğatla məşğuldur. Onlar deyirlər ki, həmin kəndlərin Ermənistana dəxli yoxdur. Hətta Simonyan deyib ki, biri çıxıb o kəndlərin Ermənistana məxsus olduğunu isbat eləsin. Əlbəttə ki, dörd kəndin onlara heç bir aidiyyatı yoxdur. Parlamentin komissiya sədri Andranik Koçaryan da eyni strategiyaya sadiqdir. Yəqin ki, qapalı toplantılarında Paşinyan bu məsələləri müzakirə edəndən sonra vahid bir strategiya seçir və ona uyğun açıqlamalar verir.
Amma son vaxtlar erməni müxalifəti də fəallaşıb. Mövcud hakimiyyətə qarşı radikal müxtəlifət və separatçılar birləşiblər. Axırıncıların “lideri” Samvel Şahramanyan Fransa nəşrinə bildirib ki, onlar hələ də fəaliyyətlərini davam etdirirlər. Halbuki Qarabağdan qaçarkan separatçı qurumun bütün strukturlarını buraxdığını rəsmən elan etmişdi.
Şahramanyanın açıqlamasından əsəbiləşən Paşinyan Ermənistanda yalnız bir hökumətin və bir iqtidarın olduğunu bəyan edib. O, sadəcə, bu məsələlərin həllini ləngidir. Müxalifət indi də daxildə terror xofu yaratmağa çalışır. Onlar hakimiyyət devrilməsə ölkəni terrorun bürüyəcəyi ilə hədələyirlər. Bunu gözəl anlayan Paşinyanın qapalı toplantıları keçirməkdə bir məqsədi də komandasında çatın olub-olmamasını yoxlamaqdır. Hələlik belə bir təhlükə olmasa da, zaman Ermənistan hakimiyyətinin əleyhinə işləyir. Nikol Paşinyanın yeganə və düzgün çıxış yolu sülhə tez nail olmaq və Azərbaycan və Türkiyə ilə regional əməkdaşlığa qoşulmaqdır.
İ.HƏSƏNQALA
XQ