Avropa İttifaqında ermənipərəstlik tonu – Klaarın “kövrək sülh” məntiqi

post-img

Aİ-nin xüsusi nümayəndəsi Bakı–İrəvan nizamlamasına mürəkkəblik gətirir

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Tovio Klaarın Antaliya Diplomatik Forumundakı çıxışı nəinki təmsil etdiyi qurumun, ümumən, kollektiv Qərbin Azərbaycan–Ermənistan münasibətlərinə, xüsusən, ölkələr arasındakı sülh prosesinə yanaşmasını bir daha ortaya qoydu. Yanaşma müsbət deyil, daha doğrusu, ermənipərəst mahiyyət daşımaqla, konstruktivlikdən tam uzaqdır. Ümumi dəyərləndirməmiz bundan ibarətdir. 

T.Klaarın dedikləri, eyni zamanda, beynəlxalq ictimaiyyətin gözləntisini ortaya qoyur. Əslində, sülhü həmin gözləntinin birbaşa motivi saymaq olmaz. Tam aydındır ki, konkret ermənipərəst Fransadan fərqli olaraq, Aİ daha çox “köhnə qitə”­nin perspektivi üzərinə fokuslanıb. Perspektivdə ümid var. Avropanı Mərkəzi Asiya və Çinlə bir­ləşdirən nəqliyyat dəhlizinin fəaliyyət göstərmə­sinə olan ümid. Ancaq çox təəssüf ki, bu ümiddə “erməni kartı”nı əsas götürmək əzimini görürük. Əslində, hazırda Azərbaycan–Ermənistan sülh müqaviləsinin imzalanmamasının ən böyük səbə­bi də elə budur. Ümumən, kollektiv Qərb “erməni kartı”nı, necə deyərlər, sağlam saxlamaqda israr­lıdır. Klaarın bildirdikləri fonunda vurğuladığımız cəhətə də toxunacaq, mövcud xüsusdakı bəzi məqamlara aydınlıq gətirəcəyik. 

İlk növbədə onu deyək ki, cənab Kla­arın çıxışında pozitiv kimi görünən bir nüans var. O, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzərində işin bu il başa çatdırıla biləcəyini vurğulayır. Əlbəttə, bu deyimdə əminlik yox, ehti­mal hiss olunur. Yəni, guya, hər şey mə­lumdur, qalır son nöqtəni qoymaq. Hiss olunur ki, hər şeyin məlum və aydın ol­duğunun bildirilməsi ilə aşılanan pozitiv­lik görüntüsü, əslində, vəziyyəti sırımaq cəhdidir. Daha dəqiq desək, durumu tərəflərdən birinə diktə etmək cəhdidir. Hansı tərəfə? Əlbəttə ki, Azərbaycana. Görünür, Aİ-nin Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin bərqərar olması prose­sində iştirakı bundan ibarətdir... 

Əslində, T.Klaar Aİ-nin qatı ermə­nipərəst mövqeyi ilə seçilən Xarici si­yasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelldən yalnız bir qədər diplomatik tərzi ilə fərqlənir. Söz və ifadə seçimində ehtiyatlı davranır, ilk baxışdan, özünü tərəf kimi göstərmir. Bu adam fikrini təmsil olunduğu qurumun mövqeyi olaraq təqdim edir. Mövqe isə yekunda yenə ermənipərəst təsir bağış­layır. 

***

T.Klaar bildirir ki, Azərbaycanın və Er­mənistanın liderləri məsuliyyət daşımalı və sülh sazişini imzalamalıdırlar. Təbii ki, sülh sazişini imzalamaq məsuliyyət­siz hərəkət ola bilməz. Yəni, cənab Klaar heç də yenilik etmir. Ancaq onun məsu­liyyət çağırışı tərəflərdən hansınınsa or­taq məxrəcə gəlmək istəmədiyinə dair təəssürat formalaşdırır. Bu yerdə xüsusi nümayəndənin, uzun illər proses üzərin­də işləyən biri kimi, sülhün mümkünlü­yünə əminliyi əhəmiyyətini itirir. Həm də ona görə ki, bütün tərəflərin ədalətli qəbul ediləcək razılaşma əldə etməsinin vacib­liyindən söz açan Klaar, niyəsə, tarixə baş vurmaq qərarına gəlir. Onun sözlə­rinə görə, Avropanın son yüz ildəki tarixi qalibin qoyduğu sülh şərtinin kövrəkliyini nümayiş etdirir. Ardınca isə deyir ki, hə­min tarix barışıq və düşmənçiliyin ara­dan qaldırılmasının mühüm faydalarını göstərir. Maraqlıdır, avropalı diplomat nə demək istəyir? Necə yəni qalibin qoydu­ğu şərtlər kövrək olur? Bəs şərti qoyan kim olmalıdır? Bəlkə, bunu məğlub etmə­lidir, xəbərimiz yoxdur...

Avropanın son yüz ildəki tarixində ən böyük müharibə İkinci Dünya müha­ribəsidir. Qalib keçmiş SSRİ idi. Yoxsa, cənab Klaar bildirir ki, Sovetlər Birliyi məğlubiyyətə uğratdığı Almaniyanı iki yerə böldüyü üçün axırda özü də dağıldı? İran–İraq müharibəsində birinci qalib gəl­di, indi ölkələr arasında kövrək olan nə var? Əlbəttə, onların tam normal keçin­diklərini söyləmək doğru sayılmaz. Müm­kün olmur, olmasın, əsas odur qan tökül­məsin. Eləcə də bizdə. Məcbur deyil ki, Azərbaycan və Ermənistan bir-birinə can deyib can eşitsin. Başlıca məqam qarşı­durmanın olmamasıdır. Buna görə hazır­da sülh müqaviləsinə həssas yanaşmaq şərtdir. Həssaslıq isə ədalətli münasi­bətdən keçir. Təəssüf ki, nə Aİ-nin, nə də ümumən, kollektiv Qərbin məsələyə baxışı ədalət prinsiplərinə söykənir. 

***

Bir vaxt Ermənistan rəhbərliyinin di­linə belə bir ifadə düşmüşdü: Azərbay­can maksimalist mövqe tutur. Onda hələ Qarabağdakı separatçı rejim qalırdı. Elə həmin vaxt avropalılar deyirdilər ki, sülh üçün kompromisə getmək lazımdır. Belə çıxırdı ki, həmin rejim də, saxlanılmalı idi, bölgədəki on min erməni silahlısı da. Başqa cür düşünmək mümkünsüzdür. Çünki Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri bir araya gəlirdilər, ikinci Qarabağ da daxil olmaqla, ölkəmizin ərazi bütövlü­yünü tanıdığını dilə gətirirdi, ancaq sonra­dan görürdük ki, bu etiraf heç də separat­çı rejimin ləğvi və Ermənistan ordusunun hissələrinin Qarabağdan çıxarılması deyil. Halbuki, 44 günlük müharibənin yekunla­rını təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda məsələ qəti şəkildə qoyulurdu. Həmin sənədin imzalanmasın­dan ötən üç ilə yaxın müddətdə Azərbay­can nə əldə etdi? Heç nə! Axırda Ermə­nistanın baş naziri Nikol Paşinyan bildirdi ki, Qarabağın seçkili hakimiyyəti var. Yəni, təxminən, belə: mən, Ermənistan lideri olaraq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıram, həmin seçkili hakimiyyət özü bilər. Bu azmış kimi, Paşinyan bölgədə Er­mənistan hərbçilərinin olduğunu danma­ğa başladı. Üstəlik, artıq canını tapşırmış qondarma rejimdə keçirilmiş saxta “prezi­dent seçkiləri” ilə bağlı təbrik də göndərdi. Bütün daşlar Azərbaycan hərbi gücə üs­tünlük verəndə – lokal xarakterli antiterror tədbirlərindən sonra yerinə oturdu. 

***

Sözümüz ondadır ki, azacıq yumşaq davranış erməni avantürizmi üçün fürsət yaradan haldır. Azərbaycanın mövqeyini isə Prezident İlham Əliyev dəfələrlə vur­ğulayıb. Dövlətimizin başçısı mövqeyini fevralın 26-da Xocalı sakinləri ilə görüşdə bir daha dilə gətirdi və bildirdi ki, Ermə­nistanın bir yolu var, o da Azərbaycanın şərtlərini qəbul etmək. 

Bəli, indi T.Klaar bildirir ki, qalibin şərtləri sülhü kövrəkləşdirə bilər. Bundan sonra rəsmi İrəvan, loru dildə desək, aya­ğını qaldırıb nərdivanın yuxarı pilləsinə qoyacaq. Bir halda ki, Klaar kimi gizli, Borrell kimi aşkar dəstəkçiləri var, başqa nə etməlidir ki? Hələ Fransa Preziden­ti Emmanuel Makron kimi dəstəkçini və ABŞ tərəfindən səslənmiş ermənipərəst düşüncələri bir kənara qoyuruq. Sülhü kövrək edən məhz belə dəstək və mövqe nümayişləridir...

T.Klaarın çıxışının növbəti tərəfinə diqqət yetirək. Aİ-nin xüsusi nümayən­dəsi 1991-ci ilin Alma-Ata Bəyannamə­sini ehkamlaşdırmaq yolu tutur. Nəzərə alaq ki, eyni məntiqi rəsmi İrəvan da irəli sürməkdədir. Klaarın sözlərinə görə, Er­mənistan və Azərbaycan kontekstində artıq bağlanmış sazişlərə, o cümlədən, 1991-ci ildə Alma-Ata Bəyannaməsi im­zalanan zaman Ermənistan və Azərbay­can SSR arasında demarkasiya xətləri əsasında sərhədlərin delimitasiyasına arxalanmaq lazımdır: “Müqavilə insanla­rın və yüklərin, o cümlədən, Ermənista­nın cənubundan keçməklə Azərbaycanın əsas hissəsindən Naxçıvana keçidi üçün sərhədin açılmasını ehtiva etməlidir”.

Bəli, Klaar əvvəldə vurğuladığımız “er­məni kartı”nı qorumaq məntiqinə köklənib. Yəni, burada onun Azərbaycanın əsas hissəsindən Naxçıvana keçid üçün sərhə­din açılması məntiqi İrəvana dəstək anla­mına söykənir. Diqqət yetirək, Klaar Aİ-nin yanaşması baxımından sülhə töhfəni sər­hədləri açmaq və Ermənistanla nəqliyyat əlaqələrini bərpa etməkdə gördüyünü bildirir. Bu yerdə Azərbaycanın məsələyə münasibətindən söz açaq. Prezident İlham Əliyev bəyan edib ki, Naxçıvana yolda heç bir sərhəd və gömrük nəzarəti olmamalıdır. Yəni, “Azərbaycandan Azər­baycana yol” məntiqi əsas götürülməlidir. Ermənistan buna razı deyil. Razı deyilsə, problem yoxdur. Onda ölkəmiz Naxçı­vana yolun İran ərazisindən keçəcəyini bildirir. Elə məhz budur Aİ-ni, ümumən, kollektiv Qərbi narahat edən. Çıxışından hiss olundu ki, Azərbaycan–Ermənistan sülh müqaviləsi baxımıdan Alma-Ata Bə­yannaməsini ehkamlaşdırmaq yolu tutan T.Klaar da hadisələrin sözügedən səmtə doğru cərəyan etməsini arzulamır. Əlbət­tə, onun və dostlarının nə istədikləri bir o qədər önəmli deyil. Əsas olan Bakının mövqedir. 

Bəli, Azərbaycan bu mövqedədir ki, erməni avantürizmi tam şəkildə tərksilah edilməlidir. Cənubi Qafqaz coğrafiyasın­da “erməni kartı”na heç vaxt üz tutul­mamalıdır. Klaarın sözləri ilə desək, Aİ ölkələri sülh yolu ilə nizamlamadan fay­da götürmək, Avropanı Mərkəzi Asiya və Çinlə birləşdirən nəqliyyat dəhlizinin eti­barlılığını təmin etmək istəyirlərsə, bilmə­lidirlər ki, Azərbaycanın inam bəslədiyi formul seçilməlidir. Yəni, Ermənistan bu­nunla razılaşmırsa, öz işidir. Sülh müqa­viləsi imzalansın, İrəvan əvvəlki qaydada təcriddə qalsın. Yaxud saziş heç imza­lanmasın. Avropa İttifaqı isə razıdırsa, ancaq İran ərazisindən keçəcək marştur­dan faydalansın. Olmasın 42-43 kilometr, olsun 80-100 kilometr. Yol, yoldur. Bu yerdə Klaarın Türkiyəni sülh prosesində dövriyyəyə salmaq cəhdinin heç bir mə­nası yoxdur. Çünki Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyir.

***

Bir daha bildirək ki, Azərbaycanın müharibə qalibi kimi irəli sürdüyü sülh müqaviləsi şərtləri heç də kövrək deyil. Cənab Klaar yanılır. Əlbəttə, buna ya­nılmaq demək olmaz. O, sadəcə kollek­tiv Qərbin baxışını ifadə edir. Baxış isə diqqətə çatdırdıqlarımızla məhdudlaşmır. Bakı–İrəvan sülh anlaşmasının Avropanı Mərkəzi Asiya və Çinlə birləşdirən nəqliy­yat dəhlizinin fasiləsiz fəaliyyətinə inam verəcəyini vurğulayan Klaar onu da bil­dirir ki, təmsil etdiyi qurum yalnız bu hal­da özünün regionda iştirakını göstərmək alətini, yəni mülki müşahidə missiyasını Ermənistandan geri çəkəcək. Deməli, xüsusi nümayəndə, el dilində desək, xo­ruzun quyruğunu göstərir. 

Bəli, cənab Klaar, faktiki olaraq, sülh müqaviləsinin imzalanmayacağını deyir. Bir halda ki, Aİ Ermənistanın ərazi bütöv­lüyü və suverenliyi ritorikası ilə çıxış edib Naxçıvana yolun “Azərbaycandan Azər­baycana yol” məntiqini heçə sayır, həmin ritorikanı sülh müqaviləsinin tərkib hissəsi kimi görmək mövqeyini ortaya qoyur və ölkəmiz bu qoyuluşla razı deyil, deməli, Bakı–İrəvan sülh anlaşması da olmaya­caq. Belə bir saziş olmadığı müddətdə isə Aİ-nin müşahidə missiyası Ermənistanla şərti sərhəddə qalacaq. Ən əsası isə İrə­van həmin missiyanın gözü qarşısında ərazidə təxribatlar törətməyə davam edə­cək. Nəzərə alsaq ki, Ermənistan hazırda sürətlə silahlandırılır, o zaman deyə bilərik ki, ölkə özünün yer almadığı layihə üçün təhlükə saçacaq. Haqqında söz açdığı­mız sərhəd təxribatları bunun ilk simp­tomlarıdır. Aİ-nin müşahidə missiyasına gəldikdə, onun üzvləri həmin təxribatlar üçün, bir növ, Qərbin beynəlxalq miqyaslı təminat faktoruna çevriləcək. Ermənistan pozuculuğunu avropalı müşahidəçilərə arxalanaraq həyata keçirəcək. T.Klaarın söylədiklərinin açması bunlardır. 

Görünür, elə buna görə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələlə­ri şöbəsinin müdiri Hikmət Hacıyev bir neçə gün əvvəlki açıqlamasında bildir­mişdi ki, Azərbaycan–Ermənistan sər­həd xətti qarşıdurma xətti olmamalıdır. Görünür, ikinci istiqamət üzrə “fəaliyyəti” əsas götürən qüvvələr aktivləşiblər. İndiki məqamda, T.Klaarın həm diqqətə çatdır­dığımız fikirləri, həm də sonuncu deyimi bu şəxsin timsalında Avropa İttifaqının həmin qüvvələrdən biri olduğunu tam şə­kildə təsdiqləyir. 

Əvəz CAHANGİROĞLU
XQ



Siyasət