“Qara qızıl” artıq tariximizə qara deyil, qızılı hərflərlə yazılır
Neft yataqlarına malik ölkələrin heç də hamısı “qara qızıl”ı insan kapitalına çevirməyi bacarmayıb. Amma Azərbaycan formalaşdırdığı düzgün neft strategiyası sayəsində bu gün beynəlxalq miqyasda tanınan ölkələrdən biridir. Dünyanın bir çox ölkələri neftlə zəngin yataqlara malikdir, amma onlar səfalət içində, yoxsulluq şəraitində həyat sürürlər. Üstəlik, həmin ölkələrdə daxili sabitlik pozulur, “qara qızıl” onlara fəlakət aqibəti yaşadır. Azərbaycana isə neft rifah, inkişaf, sabitlik və güc gətirib.
“Bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək”.
Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri iki gün əvvəl Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibəsində deyib.
* * *
Tarixə qısa ekskurs edək. Azərbaycan dünyada həm neft, həm də qaz ölkəsi kimi tanınır. Dünyada sənaye üsulu ilə neft ilk dəfə 1846-cı ildə Azərbaycanda çıxarılıb. Həmin vaxt dünya neftinin əsas hissəsi Azərbaycanın payına düşürdü. Tarixdə yenə ilk dəfə – XX əsrin ortalarında dənizdə “qara qızıl”ı neftçilərimiz çıxarıb. Azərbaycan SSRİ-də ikinci respublika idi ki, donor sayılırdı. Yəni, ümumittifaq büdcəsinə oradan aldığımızdan daha çox ona vəsait ödəyirdik.
Bəs, 1990-cı illərin əvvəlində Azərbaycanda vəziyyət necə idi? Sovetlərin süqutundan sonra müstəqilliyinə qovuşmuş, iqtisadiyyatı iflic olmuş, daxili sabitliyi pozulmuş bir ölkə çıxış yolu axtarmalı və tapmalı idi. Onda Azərbaycan gənc və müstəqil dövlət kimi olduqca ağır çağırışlarla üz-üzə qalmışdı. Ölkədə kütləvi işsizlik hökm sürür, yoxsulluq dərəcəsi günbəgün artırdı. Məhz belə ağır vəziyyətdə Azərbaycana xarici sərmayəni cəlb etmək, doğrudan da, böyük səriştə, uzaqgörənlik tələb edirdi. Beynəlxalq arenada böyük siyasi çəkiyə malik ulu öndər Heydər Əliyev bu çağırışlara cavab verdi. Həmin keşməkeşli dövrdə böyük strategin neft strategiyası yeganə çıxış yolu oldu. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nın imzalanması bütün sahələrdə dönüş yaratdı. Dünyanın aparıcı şirkətləri ilə imzalanmış bu müqavilə Azərbaycan üçün ağır durumdan qurtuluş yolu oldu. Bundan sonra ölkəmiz dünyada tanındı, neft-qaz sektorumuza nüfuzlu şirkətlərin marağı artdı və bu maraq əməli işlərə, müsbət nəticələrə gətirib çıxardı.
* * *
Torpaqlarının 20 faizi işğal altında qalan, 1 milyon qaçqını və məcburi köçkünü olan Azərbaycan 1994-cü il sentyabrın 20-də dünyanın altı ölkəsinin 10 neft şirkəti ilə dənizdə yerləşən “Azəri–Çıraq–Günəşli” yataqlarının birgə işlənməsinə dair konsorsium yaratdı və hasilatın pay bölgüsü sazişini imzaladı. Müqavilə ilkin olaraq 30 ilə hesablanmışdı. Ehtiyatları, təxminən, 4 milyard barel həcmində qiymətləndirilən üç ofşor neft yatağının işlənməsinə 7,4 milyard ABŞ dolları məbləğində sərmayə qoyuldu. ARDNŞ-nin payı və qonorarlar da daxil olmaqla, Azərbaycan hökuməti 80 faiz mənfəət əldə etməli idi. Konsorsiumdan əldə olunan neft gəlirləri 1999-cu ilin dekabrında Prezident Heydər Əliyevin fərmanı ilə yaradılan Dövlət Neft Fondunda toplandı. Amma “Əsrin müqaviləsi” üzrə işlər heç də hamar getmirdi. Kənar təzyiqlərə baxmayaraq, xarici oyunçuların dəstəklədiyi güclü regional əməkdaşlıq, Azərbaycan və Gürcüstan liderlərinin siyasi iradəsi sayəsində 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan neft kəmərinin açılışı gerçəkləşdi. Artıq respublikamız tərəqqi yoluna qədəm qoymuşdu.
2017-ci il noyabrın 8-də Prezident İlham Əliyevin Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında dediyi sözlər özündə tam reallığı əks etdirirdi: “Əsrin müqaviləsi”nın nəticələri sadəcə olaraq Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var. Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu, dünya miqyasında xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün bizim müstəqil ölkə kimi yaşamağımızda, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir”.
* * *
Azərbaycan iqtisadi müstəqilliyini özü təmin edib. İqtisadi müstəqillik isə siyasi müstəqilliyin bünövrəsi sayılır. Bu gün ölkəmiz istər regional, istərsə də beynəlxalq platformalarda özünün müstəqil və prinsipial mövqeyini sərbəst şəkildə ifadə edir. Sirr deyil ki, məhz iqtisadi müstəqillik siyasəsində qazandığımız uğurlar Vətənimizi dünya çapında tanınan söz sahibinə çevirib.
Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edən Azərbaycan qazıntı yanacağından istifadə etməklə yanaşı, yaşıl enerji kimi vacib məsələyə daim xüsusi əhəmiyyət verib. Bu günlərdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurasına üzv ölkələrin nazirlərinin 2-ci iclaslarının Bakıda keçirilməsi ölkəmizin mövcud sahəyə diqqətinin göstəricisidir. Azərbaycan artıq postneft erasının çağırışlarına səs verməkdədir. Bunlar təbiətin mühafizəsi, dünyada gedən iqlim dəyişikliklərinə dair qlobal təşəbbüslərinin prioritet götürülməsi, yaşıl enerjiyə keçid kimi məsələlərdir.
Son yüz ilin tarixi göstərir ki, “neft bumu”nu yaşamış ölkələrin heç də hamısı tərəqqiyə, yüksək rifaha qovuşmayıb. Əksinə, əvvəldə də vurğuladığımız kimi, “qara qızıl”, “mavi yanacaq” kimi sərvətlər onlar üçün hərbi-siyasi çəkişmələrə, hakimiyyət dəyişikliklərinə, daxildə uzunmüddətli qeyri-sabitliyə, hətta aclıq və səfalətə səbəb olub. Fəqət, burada bəzi istisnalar var. Azərbaycan özü üçün məhz həmin istisnanı yaratmağı bacaran, üzləşə biləcəyi çətinlikləri vaxtında və yüksək diplomatik səriştə ilə önləyən dövlətlərdəndir. Mövcud üstünlüyün əldə olunmasındakı ən başlıca amil isə xalq–hakimiyyət birliyidir. Bu, həm müharibə kimi çətin mərhələnin, həm də dinc dövrün sınaqlarından zəfərlə çıxmış və bu gün dünyaya örnək ola biləcək birlikdir!
İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri
“bp”-nin statistikasına baxsaq, görərik ki, dünyanın 71 ölkəsi neft hasilatı ilə məşğul olur. BMT üzvü olan dövlətlərin, təxminən, üçdə birinin neft iqtisadiyyatı var. Yerdə qalan yetmiş faiz həmin enerjinin istehlakçısıdır. Qeyd etdiyimiz 71 ölkənin otuzunda böyük həcmdə neft hasil edilir. Bu ölkələrin iqtisadiyyatlarının formalaşması birbaşa neftə bağlıdır. Amma həmin ölkələrin heç də hamısı normal rifaha, inkişaf səviyyəsinə gəlib çatmayıb. Nümunə kimi onlardan ancaq onunu göstərə bilərik ki, neft amili əhalinin rifah halının yaxşılaşması reallığını doğurub.
Olduqca fərəhləndirici haldır ki, bu gün Azərbaycan həmin onluğa daxil olmasa da, çox yaxın mövqedə qərar tutub. Əgər biz start vəziyyətini götürsək, müstəqilliyimizn ilk on ili o qədər çətin, iqtisadiyyatın enişi ilə keçən dövr olub ki, iyirmi birinci əsrə gəlib çatmağımızın özü möcüzədir. Doğrudur, tərəqqinin işartıları “Əsrin müqaviləsi”ndən görünürdü. Məsələ ondadır ki, Azərbaycan “Azəri–Çıraq–Günəşli” yatağından ilk mənfəətini 1999-cu ilin dekabrın sonlarında aldı. 2001-ci ildə Dövlət Neft Fondunun hesabında cəmi 271 milyon dollar vəsait var idi. Həmin vəsaitin ölkə iqtisadiyyatına xərclənməsinə isə 2003-cü ildən etibarən başlamışıq. Azərbaycanın dirçəlişi, oturuşmuş iqtisadiyyata malik dövlətə çevrilməsi isə məhz son iyirmi ildə baş verdi. İndi biz yüksək yaşayış səviyyəsinə çatmış, inkişaf etməkdə olan ölkələrə nəzər yetirsək, görərik ki, onların əksəriyyətinin 50 ildən yuxarı, bəzilərinin 70-80 illik müstəqillik stajı var. Azərbaycanın onlarla müqayisə edilmək üçün zaman məsafəsi yoxdur.
Bir anlıq torpaqlarımızın işğala məruz qalmadığını təsəvvürə gətirək. Əgər müstəqilliyə qovuşandan sonra sakit, əmin-amanlıq şəraitində vəsaiti və gücü sosial rifaha, quruculuq işlərinə yönəltsəydik, tez bir zamanda çox şeyə nail olardıq. Amma təəssüf ki, neft gəlirimizin 20-25 milyard dollarını ancaq müdafiə qüdrətimizi möhkəmləndirməyə xərcləmişik. Həmin vəsaiti qeyri-neft sektorunun inkişafına, əhalinin rifah halının yüksəldilməsinə yönəltmək imkanımız olsaydı, o məbləği azı iki dəfə artıra bilərdik. Yəni, öndə gedən neft ölkələri ilə müqaisədə biz quyunun dibində idik. Amma Azərbaycan son iyirmi, xüsusən də, son on ildə irəliyə doğru elə bir sıçrayış etdi ki, çoxları bu uğuru heç otuz ildə əldə edə bilməyib.
İmran BƏDİRXANLI
XQ