Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Qərbi Azərbaycan – yurd yerimiz” mövzusunda konfrans keçirilib. Eyni zamanda universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın təşkilatçılığı ilə yaradılmış Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Türkoloji Mərkəzin açılışı olub.
Mərasimdə ADPU-nun rəhbərliyi, Milli Məclisin deputatları, ali təhsil ocaqlarının rektorları, Qərbi Azərbaycan İcmasının üzvləri və ziyalılar iştirak edib, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Türkoloji Mərkəzin fəaliyyəti, elmi araşdırmaları ilə yaxından tanış olublar.
Konfransı giriş sözü ilə açan ADPU-nun prorektoru Mahirə Hüseynova Pedaqoji Universitetdə “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi” və “Türkoloji Mərkəz”in fəaliyyətə başlamasının həm universitet, həm də dövlətimiz üçün əhəmiyyətli hadisə olduğunu vurğulamış, Qərbi Azərbaycanın ölkəmizin ayrılmaz tərkib hissəsi olduğunu dilə gətirib. O, eyni zamanda, türk dünyası ilə qarşılıqlı əlaqələrimizin Ulu Öndər Heydər Əliyev tərəfindən bərpa edildiyini, cənab prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq bu münasibətlərin gündən-günə daha da genişləndiyi qeyd etmişdir.
ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri professor İbrahim Bayramov Qərbi Azərbaycanın ölkəmizin tarixi torpaqları olduğunu söyləyərək, bunu etnik tərkib, toponimlər, tarixi abidələr kimi 3 faktla əsaslandırıb. O, bu faktları sübut edən əsaslı dəlillər səsləndirib, apardığı elmi-tədqiqatın nəticələrini qeyd edib.
Universitetin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmov isə Qərbi Azərbaycanın təhsil tarixinin araşdırılmasının önəmini qeyd edərək, İrəvan Gimnaziyasının ən görkəmli məzunlarının məhz azərbaycanlı olan Əziz Əliyev, Mustafa Topçubaşov və Əhməd Rəcəbli olduğunu vurğulayıb, yaradılan mərkəzin elm aləminə uğurlu töhfələr verəcəyinə əminliyini ifadə edib.
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan adının dövlət səviyyəsində ilk dəfə Ümummilli lider Heydər Əliyev tərəfindən dilə gətirildiyini diqqətə çatdırıb. O, 2022-ci ildə Prezident İlham Əliyev tərəfindən Qərbi Azərbaycan İcmasının yaradıldığını xatırladaraq, Qərbi Azərbaycan İcmasının fəaliyyətinin xeyli genişləndirildiyini vurğulayıb.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov türkologiya və türkçülüyün qarşılıqlı əlaqəsindən bəhs edərək bu bağlılığın 3 dövrə bölündüyünü söyləmiş və konfrans iştirakçılarını məlumatlandırmışdır. O, cənab prezident İlham Əliyevin andiçmə mərasimində türk dövlətləri ilə ölkəmizin qarşılıqlı əlaqələrinin bundan sonra daha da genişlənəcəyi fikrini xatırladaraq Pedaqoji Universitetdə “Türkoloji Mərkəz”in yaradılmasının bu baxımdan da alqışalayiq addım olduğunu söyləmişdir.
Milli Məclisin deputatı Sadiq Qurbanov mənfur düşmənlərimizin tarixən türkləri parçalamaq, türk dövlətlərinin birləşməyinin qarşısını almaq fikrində olduqlarını söyləyib, 1926-cı ildə Birinci Türkoloji Qurultayın keçirilməsinin onların bu planlarını sarsıtdığını qeyd edib.
AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin yaradılmasının dövlətçiliyimiz üçün əhəmiyyətli addım olduğunu vurğulayıb, ADPU-nun 100 ildən artıq tarixə malik müəllim yetişdirən məbəd olduğunu qeyd edib, tələbələrin gələcəkdə pedaqoji kadr olaraq Qərbi Azərbaycan həqiqətlərini şagirdlərə çatdıracağını dilə gətirib.
Milli Məclisin deputatı Musa Urud isə Qərbi Azərbaycan İcmasının fəaliyyətə başladığı dövrdən etibarən qarşıya qoyulan əsas məqsədlərə nail olunduğunu, bu qurumun fəaliyyəti nəticəsində qərbi azərbaycanlılar barədə beynəlxalq təşkilatlarda çıxışlar səsləndirildiyini, xaricdə məqalələrin çap etdirildiyini söyləyib.
Azərbaycanda Atatürk Mərkəzinin əməkdaşı Nazir Əhməd isə indiki Ermənistan ərazisinin tarixən azərbaycanlılara məxsus olduğunu bildirib, fikirlərini faktlarla əsaslandırıb.
XQ