Qərb siyasi ritorikasının iflası

post-img

Siyasətçilərin 90 faizi geridə qalanların imicini korlayır.

Henri KİSSİNCER

I məqalə

“Danışan Qərb”in təzadları

Əlbəttə, Henri Kissincer siyasəti kə­nardan izləyən adam deyildi. O, xeyli dərəcədə uzun müddət dünya siyasətinin “mətbəx”ində ən sirli məqamlara belə əli çatan diplomat idi. Siyasətin “dərin adamı” kimi, H.Kissincer siyasətlə məşğul olanla­rın 90 faizinin “saxtakar” olduğunu deyir­sə və bunun da geridə qalan 10 faizinin adını batırdığını iddia edirsə...ortada çox ciddi, lakin əksəriyyətin bilmədiyi incəliklər vardır. Belə çıxır ki, Qərb siyasi mühitində sağlam adam tapmaq çətindir. Təbii ki, biz H.Kissincerin metaforik sarkazmının mə­nasını və reallığa nə dərəcədə uyğun ol­duğunu başa düşürük. Məsələ bunda de­yil. Əsas məsələ müasir tarixi mərhələdə Qərb siyasi mühitinin “hansı bataqlıqda” çabaladığını araşdırmaq və onun səbəb­lərinə işıq salmaqdan ibarətdir.

Bu proses keçən əsrin ikinci yarısın­dan daha aydın izlənməyə başlanmışdır. Bütövlükdə Qərb diplomatiyası əhəmiy­yətli uğurlara da imza atmışdır. Lakin zaman-zaman onun heç də təbliğ olun­duğu qədər güclü və sağlam olmadığı da aydınlaşmışdır. Bu özəllik ayrıca Çin və SSRİ istiqamətində aparılan siyasətin nəticələrində əksini tapmışdır. Bir neçə siyasi-diplomatik böhranın fonunda Qərb diplomatiyasının “ördək yerişi” politoloq­ların diqqətini çoxdan çəkmişdir. Xüsu­silə, Karib, Körfəz, Vyetnam və Koreya böhranları, İrangeyt və digər Qərb siya­si-diplomatik şüurunun “yaraları” işığında məsələ xeyli aktuallaşmışdı. 

Bu növ böhranların nəticəsində, hətta amerikan cəmiyyəti siyasi şok yaşamağa başlamışdı. O məqamda amerikalı polito­loqlar və filosoflar “post-həqiqət” anlayı­şını işlətməyə başladılar. Qısa müddətdə bu termin Amerika və Avropa siyasi-dip­lomatik ritorikasının mərkəzi anlayışla­rından birinə çevrildi. Onun işlənməsi o qədər genişləndi ki, 2016-cı ildə Oksford Ensiklopediyasında ilin sözü kimi verildi. 

Bu terminin danışıq dövriyyəsinə bu­raxılması tarixi isə 1992-ci ilə təsadüf edir. Deməli, “post-həqiqət” nədirsə, Qərb siyasi və ictimai-mədəni həyatının linq­vistik sahəsinin əsas anlayışlarından bi­rinə çerilmişdir. Və bu keyfiyyətdə həmin termin Qərb siyasi reallığının performa­tivlərindən biridir (yəni söz kimi həm də siyasi reallığı yaradandır). Elə isə bizcə, H.Kissincerin yuxarıdakı incə ritorikasının arxasından boylanan siyasi-diplomatik gerçəkliyə “post-həqiqət işığında bax­maq” lazım gəlir. Bu ifadədə müasir Qərb siyasi ritorikasının əsas məqamı əksini tapmışdır. Şübhəsiz, “post-həqiqət per­formativ”i indi Qərb siyasi reallıqlarında müşahidə etdiyimiz ritrorik iflasın məntiqi və məzmun özəlliklərini anlamağa imkan verəcək. 

“Post-həqiqət” (post-truth) fenomeni: nə doğru, nə həqiqi

Bu termini dramaturq Stiv Tesiç 1992-ci ildə Fars Körfəzindəki müharibə (1990-1991-ci illərdə aparılan Küveytin azad olunması müharibəsi) haqqında yazdığı essesində işlətmişdir. Bu termin­lə o, amerikan xalqını pessimist olmama­ğa səsləmişdir. Müharibənin ABŞ üçün mənfi olan reallıqlarına, yəni həqiqətlərə deyil, toplumu motivasiya edə biləcək məqamlarına inanmağın daha faydalı olduğuna çağırırdı. Bu tezisi digərləri də işlədərək onu ictimai şüurun elementinə çevirmişlər. Tədricən Qərb siyasi, media, fəlsəfi-elmi ritorikasında bu termin daha geniş yer tutmağa başlamışdır. O, sadəcə dil elementi olaraq lokal bir mənanı ifadə edən termin olaraq qalmamışdır. Bütöv­lükdə ümumi konseptual status alaraq konkret davranış və fəaliyyət faktoru kimi linqvistik sahədə yerini möhkəmlətmişdir. Yəni post-həqiqət anlayış kimi müasir Qərb təfəkkürünün diqqət yetirdiyi termin statusuna yüksəlmişdir. Yuxarıda qeyd et­diyimiz kimi, bu proses 2016-cı ildə onu ilin sözü kimi müəyyən etməyə gətirib çıxarmışdır. Onu deyək ki, həmin proses­də internet nəşrləri də təsirli rol oynamış­dır. Məsələn, 2010-cu ildə bloger Devid Roberts Grist internet nəşrində “post-həqiqət” terminindən istifadə etmişdir. 

Beləliklə, post-həqiqət və ya post-doğ­ru həqiqətləri və doğruları söyləmək üçün deyildir. O, konkret zaman kəsimində cəmiyyəti motivasiya etmək üçün effekt verə biləcək informasiya manipulyasiya­larının sistemidir. Bura istənilən informa­siyanı süni məzmunda verməkdən tut­muş, müxtəlif üsullarla onu geniş məkana yaymağın incə metodlarını hazırlamaq daxildir. Prosesdə mərkəzi rol KİV orqan­larının üzərinə düşür. Onlar öncədən ve­rilən sifarişlər əsasında informasiyanın məzmununu müəyyən edirlər və ictimai şüura təsir yollarını aydınlaşdırırlar. Ardı­cıl, davamlı və həqiqət oxşarlığı yüksək olan formada edilən təqdimat toplumda rəyi dəyişir. Və milyonlarla insan həqiqətə deyil, informasiya vasitələrinin “sırıdığı post-həqiqətlər”ə inanmağa başlayırlar. Bununla da ideoloji və informativ mani­pulyasiyalarla sosial, siyasi, iqtisadi, in­formativ xarakterli reallıqlar yaradırlar və insanları istədikləri istiqamətə yönəldirlər. 

Ən təhlükəli məqam bu üsulda ondan ibarətdir ki, fərdlər və bütövlükdə toplum manipulyasiya olunduğunu anlaya bilmir. Ona elə gəlir ki, həqiqət uğrunda savaşır, doğrunu deyir və buna görə də azad, de­mokratik və humanist davranır. O özünü şərlə mübarizə aparan xeyir kimi təsəv­vür edir. Bu da post-həqiqət qurbanları­nın praktiki olaraq rəyini dəyişməyin ciddi çətinliklərinin olduğunu göstərir. Bir neçə misalda həmin məqamı aydınlaşdıra bilə­rik.

Tipik post-həqiqət nümunəsi

Bu ifadəyə Qərb KİV-də tez-tez reallı­ğı əks etdirən ifadə kimi rast gəlinir. Son illər onun işlənmə sayı milyonları keç­mişdir. Sistemli, ardıcıl, zahiri cəhətdən məntiqi-rasional formada qərbli insanların beyninə yeridirlər ki, bütün bədbəxtliklərin baisi müsəlmanlardır. Səbəbi də ondan ibarətdir ki, İslam din kimi terrorçu yetiş­dirir, fərqli düşünənlərə qarşı dözümsüz­lük yaradır və Qərb mədəni elementləri ilə uzlaşmayan mədəniyyəti, davranışları təbliğ edir. Buna görə də baş örtüyü (hi­cab) və bütövlükdə müsəlman geyimi köhnəliyi, ayrılıqçılığı, başqalarına nifrəti simvolizə edir. 

Nəticə: onlar qadağan olmalıdır! An­caq sadə insanlar öncə buna inanmırlar və etiraz edir, müqavimət göstərirlər. Bu da zaman keçdikcə radikal toqquşmalar yaradır ki, yalanla başlayan post-həqiqət real sosial mühitdə toplumda psixoloji və mədəni parçalanma yaradır. Bunun­la KİV-in canfəşanlığı sayəsində post-həqiqət ictimai şüurda real sosial-psixoloji gerçəkliyə çevrilir. 

Lakin müəyyən dairələr bunlarla ki­fayətlənmirlər. Onlar öz ölkələrində anti­islam mövqeyini daha da genişləndirirlər və paralel olaraq müsəlman ölkələrində gənclərin ideoloji “zəhərlənmələri” əsa­sında antixristian əhval-ruhiyyəsi yaradır­lar, “kafirlərlə müqəddəs savaş zərurəti” kimi təsəvvürlər formalaşdırırlar. Bu pro­sesi maliyyələşdirərək müsəlmanlardan ibarət radikal qruplar yaradırlar. 

Onlar çoxlu sayda olur. Çünki həm, ümumiyyətlə, müsəlmanların birləşmə­sinə imkan vermirlər - onlarla ideoloji ola­raq fərq incəliklərinə malik qrupa çevirirlər və bu əsasda digərlərinə qarşı istiqamət­ləndirilirlər, həm də hər birini konkret müsəlman ölkəsinə qarşı yönəldirlər. Nə­ticədə belə bir ümumi mənzərə alınır: ge­niş geosiyasi məkanda müsəlman ölkələ­rində qarışıqlıq yaratmaq, onların dövlət kimi imicini korlamaq üçün xüsusi “post-həqiqət informasiya şəbəkəsi” fəaliyyət göstərir. Bu prosesdə çox güclü dağıdıcı rol oynaya biləcək qruplar və təşkilatlar da yaradıla bilər. Konkret nümunəsi kimi Əl-Qaidə, İŞİD və digərlərini göstərmək olar. O da faktdır ki, bu növ təşkilatların li­derlərini müəyyən xidmətdən sonra onları yaradan xüsusi xidmət orqanları məhv edirlər və milyonların gözündə “terrora qarşı mübarizə aparan dövlət” imiclərini formalaşdırırlar. Bunun da iki təbliğati hə­dəfi vardır. 

Birincisi, yeni, daha gizli və daha “le­gitim” görünən post-həqiqət informasiya məkanı formalaşdırılır. İkincisi, bütövlük­də İslamofobiyanın şüurlara və psixologi­yaya təsiri daha da genişlənir və dərinlə­şir. 

Bütün bunların yekun informasiya məqsədi isə “İslam terror dinidir” böh­tanını atmaqdan ibarətdir. Qərb cəmiy­yətlərində bu səbəblərdən İslamofobiya getdikcə güclənir və toplumlarda dözüm­süzlük artır. Çox düşündürücüdür ki, son illər artıq bu proses siyasi şüurda daha geniş yer almağa başlamışdır. Bir neçə fakta baxaq.

Miqrantlara qarşı hibrid təhlükələr 

İndi Qərbdə məhz bu saxta və əsas­sız məntiqlə səs toplamağa çalışan par­tiyalar az deyildir. Onlar sağ və sol siya­si-ideoloji düşərgələrdə getdikcə daha çox səs yığmağa başlamışlar. Demək olar ki, Avropanın bütün inkişaf etmiş ölkələrində təşkilatları vardır. Bura Fran­sa, İsveç, Almaniya, Avstriya, Belçika, İta­liya, Hollandiya kimi inkişaf etmiş ölkələr də daxildirlər. Hollandiya, Almaniya və Avstriyada daha radikal mövqeli islamo­fob ideologiyalı partiyalar vardır. Onların birbaşa ideoloji təxribatları, maliyyə və təşkilati dəstəyi ilə bir neçə dəfə Avropa ölkələrində Qurani-Kərim nümayişkaranə yandırılmışdır və bundan siyasi şou kimi istifadə etmişlər. Bununla milyonlarla av­ropalının psixologiyasında antiislam ele­mentini daha da alovlandırmışlar. Belə radikal və fundamentalist əhval-ruhiyyə­nin formalaşmasında bir sıra Avropa si­yasiləri, o cümlədən rəsmi adamları aktiv rol oynamaqdadırlar. 

2021-ci ildə hazırlanmış beynəlxalq miqyaslı hesabata görə, 2017-2021-ci illərdə Avstriyanın baş naziri olmuş Se­bastyan Kurts onların sırasında ilk yer­dədir. Ən düşündürücü məqam ondan ibarətdir ki, Avropa mədəniyyətində xü­susi yeri olan Avstriyada S.Kurts siyasi karyerasını əsas olaraq xaricilərə qarşı düşmən mövqeyi üzərində qurmuşdur. Hesabatı hazırlayanlar onu belə ifadə etmişlər: “xaricilərə qarşı düşməncəsinə ritorika”! Burada müsəlmanlara qarşı çox mənfi münasibət ayrıca yer tutmuşdur. Buna görə də hesabat hazırlayanlar ay­rıca bir bənddə S.Kurtsun müsəlmanlara qarşı atdığı addımları fakt kimi gətirərək təhlil etmişlər. 

Kurtsun antiislam islahatları

Öncə, onu vurğulayaq ki, həmin he­sabat hər il Qərbdə çalışan ciddi imicli alimlər tərəfindən hazırlanır. 2021-ci il hesabatını Corctaun Universitetinin və Almaniya-Türkiyə Universitetinin profes­sorları hazırlamışlar. Hesabatın hazırlan­masında insan haqları və ksenofobiyanı öyrənən 35 alim və ekspert də iştirak et­mişdir. 

Bundan başqa, hesabatı bir neçə nüfuzlu təşkilat dəstəkləmişdir. İslamofo­biyanı Öyrənən Beynəlxalq Mərkəz, Rut­gers Universitetinin hüquq, təhlükəsizlik və irq Mərkəzi, Kaliforniya Universitetinin İslamofobiyanı öyrənmə və sənədləş­dirmək üzrə Layihəsi, San-Fransisko və Leopold Vays İnstitutunun ərəb və müsəl­man etnik qruplarını öyrənən Proqramı və başqaları vardır. 

Hesabatda göstərilir ki, Avropa ölkələ­rinin ictimai həyatının bir çox sahələrində islamofobiya özünü göstərmişdir. Bir sıra Avropa ölkəsində bu proses təşkilati xa­rakter almışdır. 

Fransa və Avstriyanın qanunvericilik bazası isə İslama qarşı radikal mövqedə olan təşkilatların formalaşmasına hüquqi baza yaratmışdır. Bu artıq müasir cəmiy­yətlərdə yeni bir hüquqi nonsesdir. Çünki heç bir aspektdə demokratiyaya, libera­lizmə, insan haqlarına və söz azadlığına uyğun gəlmir. Filosoflar belə bir vəziyyəti Avropa cəmiyyətlərinin dərin parçalanma­sı, onun şovinist və ultramillətçi mövqeyə yuvarlanması kimi qiymətləndirmişlər. Yurgen Habermas kimi filosof isə emosi­onal şəkildə “Ey, Avropa” nidalı əsər yaz­mışdır! O, Avropanın ideoloji çöküşündən çox narahatdır və hazırda “Qoca qitə”də toplumsal həmrəyliyin sağlam yöndə get­mədiyinə əmindir. 

Bu da onu göstərir ki, Qərbdə post-həqiqət sindromunun yeni mərhələsi baş­lamışdır və onun ilkin fəsadları Avropa mədəniyyətini və siyasi şüurunu zəhər­ləməkdədir. 

Füzuli QURBANOV, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət