ABŞ-ın Azərbaycana hiddəti – 1976-cı ildən tətbiq edilməyən qanun

post-img

Birləşmiş Ştatların ermənipərəst senatorlarının rüsvayçı təşəbbüsü

Avropa Şurası Parlament Assambleyasın­dakı anti-Azərbaycan şou kollektiv Qərbin ermənipərəst mövqeyinin ifadəsi idi. Bu “şou”nun okeanın o tayındakı seqmenti də “aktu­allığını” saxlamaqdadır. AŞPA Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı mənfi rəy yaradır­dısa, eyni “fəaliyyəti” ABŞ-dakı ermənipərəstlər də reallaşdırmaqdadırlar. Belə nəticəyə gəlirik ki, ölkəmizdə Prezident seçkiləri yaxınlaşdıqca, bey­nəlxalq müstəvidəki yarıtmazlıqlar özünü hələ çox göstərəcək. Ancaq məsələ yalnız seçki ilə məh­dudlaşmır. 

Bəli, Azərbaycana qarşı ənənəvi “qətnamə məntiqi” işə salınır. Söhbət Birləşmiş Ştatlar Konq­resinin senatorları – Ed Marki və Bill Kesedi tərə­findən hazırlanmış sənəddən gedir. Bu iki qatı ermənipərəstin istədiyi nədir? Sən demə, Azər­baycandan insan hüquqlarının vəziyyəti ilə bağlı hesabat tələb etmək lazım imiş. Yəni, onların ha­zırladıqları qətnamədə bu məqam yer alıb. Sənə­də müasir dövrün “çılğın ermənipərəstləri” sayılan senatorlar – Marko Rubio, Qari Piters, Elizabet Uorren, Şeldon Uaythaus, Bob Menendez və Piter Uelç də qoşulublar.

Göründüyü kimi, ortada heç bir əndazəyə sığ­mayan həyasızlıq, aşkar cəfəng əməl var. Təsəv­vür edin ki, ABŞ Konqresi Azərbaycandan hesab sormalı imiş. İstər-istəməz düşünürsən: bu adam­lar nə yeyib, nə içirlər? Onların psixi sağlamlıqları yerindədirmi? Bu şəxslər Konqresə necə seçilib­lər? ABŞ dünya jandarmıdırmı?

Əslində, suallar çoxdur. Ancaq bu barədə dü­şünüb məntiq axtaran zaman bəzi məqamları yada salmaq lazımdır. Görəsən, ABŞ-ın “insan hüquq və azadlığını pozan rejimlərə” qarşı müba­rizə adı altında apardığı intervensiya siyasətində hansısa məntiq var idimi? Xeyr! Birləşmiş Ştatlar İraqa hücum çəkdi ki, orada, guya, kimyəvi silah var. Kimyəvi silah tapıldımı?

 

 Yox! Deməli, Vaşinqtonun davranış­larında məntiq və qanunauyğunluq istis­nadır. Məqsəd istənilən “vasitəyə” bəraət qazandırır. Həqiqətən dəhşətli durumdur. Ancaq dəhşət yalnız söylədiklərimizdən ibarət deyil. 

Haşiyə çıxaq ki, Birləşmiş Ştatlar Azərbaycandan ölkəmizin əsas hissəsi ilə Naxçıvanı birləşdirən yolun Ermənistan­dan keçməsinə çalışır. Özü də İrəvanın istədiyi şərtlərlə. Yəni, gömrük və sərhəd nəzarəti tətbiq edilməklə. Ölkəmiz bunun­la razılaşmır, Naxçıvana yolun “Azərbay­candan – Azərbaycana yol” məntiqi ilə, yəni, gömrük və sərhəd nəzarəti olmadan açılmasını istəyir. Nəticədə ölkəmiz sözü­gedən yolun İrandan keçəcəyini bildirir. ABŞ isə buna görə Azərbaycanı, faktiki olaraq, hədələyir. 

Sözümüz ondadır ki, əsassız demarş xarakterli mövqe bildirmək Vaşinqton üçün su içimi kimi bir şeydir. ABŞ hər bir dövlətin suveren seçiminin, maraq və mənafelərinin mövcudluğu amilini nəzərə almaqdan tam uzaqdır. Yəni, sərsəm, an­ti-demokratik ruhlu yanaşmaların hökm sürdüyü ölkədəki senatorların başqa cür düşünmələri mümkünsüzdür. 

Beləliklə, Ed Marki və Bill Kessidi Konqresə, konkret olaraq, Xarici Yardım Aktının 502B(c)-ci bəndinə əsasən, Azər­baycanda insan hüquqlarının vəziyyəti ilə bağlı hesabat tələb edən qətnamə la­yihəsi çıxarıblar. Mövcud əsaslandırma Birləşmiş Ştatlara istənilən ölkədə insan hüquqlarının vəziyyəti ilə bağlı məlumat tələb etmək, həmin ölkəyə təhlükəsizlik sahəsində yardımı azaltmaq və ya tama­milə dayandırmaq imkanı verir. 

Məsələnin imperialist mahiyyətinə nəzər salaq. Alınan məlumatlar əsasında ABŞ-ın hesabat aparılan ölkəyə təhlükə­sizlik yardımı dayanacaqsa, bu, sanki İla­hinin həmin ölkəni tərk etməsi mahiyyəti daşıyacaq. Belə çıxır ki, ərazi bütövlüyü və suverenlik məsələsi ikinci plana keçir. Hətta əhəmiyyətsizləşir. Yəni, ABŞ təh­lükəsizlik dəstəyini dayandırırsa, ölkə, belə demək mümkünsə, havada qalır. Ona kim istəsə, hücum edə bilər və bu, Vaşinqton tərəfindən leqal qiymətləndi­riləcək. Yəqin, antipod kimi qələmə ve­rilən məmləkətə Birləşmiş Ştatların özü də hücum çəkmək “səlahiyyətindədir”. 

Bəli, qaldırılan təşəbbüs son dərəcə mənfur xislətin məhsuludur. Necə deyər­lər, utanmasan, oynamağa nə var? ABŞ senatorları arasında isə utanmaq hissi­yatını itirənlərin sayı kifayət qədərdir. On­ların qətnamələrində Birləşmiş Ştatların Dövlət Departamentindən Azərbaycanda həm ölkə daxilində, həm də “Qarabağa hücum zamanı” erməni əhalinin etnik təmizləməsinə səbəb olan insan hüquq­larının pozulması barədə məlumat tələb olunur. 

Ümumən, onu da vurğulamaq lazımdır ki, müstəqillik illərində Azərbaycanda in­san hüquq və azadlıqları ilə bağlı məsələ həmişə, bir qayda olaraq, Qarabağ mü­naqişəsi müstəvisində qaldırılıb. Nə vaxt ki, ölkəmiz Qarabağ həqiqətlərinə obyek­tiv qiymət verilməsini istəyib, o zaman xaricdə kimlərsə bəyanat verib, qətnamə çıxarıb Azərbaycanın təməl prinsiplərə, guya, hörmətsiz yanaşdığını vurğulayıb. Bir qədər də konkret deyək ki, Bakı sülh danışıqları zamanı Qarabağ erməniləri­nin yaşamına təminat verəcəyini bəyan edəndə, xaricdəkilər ölkəmizdə insan hüquqlarının vəziyəti ilə bağlı “dözülməz mənzərədən” söz açıblar. Təxminən belə: azərbaycanlıların hüquqlarına etinasız yanaşan hakimiyyət ermənilərin hüquqla­rına hörmət bəsləyə bilməz...

Əslində, diqqətə çatdırdığımız “ya­naşma” hazırkı dövr üçün də xarakterik­dir. Baxın, senator Ed Marki vurğulayır ki, Azərbaycan hökumətinin məsuliyyətə cəlb edilməsinin vaxtı çoxdan çatıb: “Hər­bi əməliyyatla Qarabağda sülh və sabitlik problemi həlli olmayıb. Bu qətnamə insan haqlarını qorumaq və regionda etnik er­mənilərə qarşı cinayətləri dayandırmaq üçün Azərbaycan hökumətinə təzyiq göstərir. Biz Qarabağ xalqının iradəsini, hüquqlarını və əsas azadlıqlarını müdafiə etməliyik”. 

Necə deyərlər, eyni dalğa, eyni koor­dinat. Əslində, digər senator Kessidinin də söylədikləri məşhur “Uzaq sahillərdə” filmində səslənmiş bu ifadəni yada sa­lır. Kessedi deyir ki, Azərbaycan, guya, müqəddəs yerləri dağıdır: “Senatorların bu qətnaməsi Dövlət Departamentindən Azərbaycan tərəfindən törədilən insan hüquqlarının pozulması, o cümlədən, öz­başına qətllər, əsirlərə işgəncə verilməsi, etnik ermənilərin Qarabağdan deportasi­yası, dini və mədəni obyektlərin dağıdıl­ması ilə bağlı ətraflı məlumat verilməsini tələb edəcək”. 

Qeyd edək ki, Xarici Dəstək Aktının 502B(c) bəndi ABŞ hökumətini bey­nəlxalq səviyyədə tanınmış insan haqla­rını kobud şəkildə pozan hansısa ölkəyə Birləşmiş Ştatların təhlükəsizlik dəstəyini qadağan edən, lakin təcrübədə istifadə olunmayan qanundur. Nəzərə alaq ki, ABŞ-da heç bir məna daşımayan qa­nunlar külliyyəti istənilən qədərdir. Hə­min sənədlər sırf mühafizəkar yanaşma məntiqi ilə qanunvericilikdən çıxarılmır. Məsələn, Xarici Dəstək Aktının 502B(c)-ci bəndi 1976-cı ildən bəri tətbiq edilmir. 

Bəs indiki durum nə deməkdir? O deməkdir ki, Birləşmiş Ştatların ermə­nipərəstlərinin hiddəti o qədər böyükdür ki, onlar ölkənin qanunvericiliyindəki ən mürtəce məqamlardan da Azərbaycana qarşı istifadədə qərarlıdırlar. Bu qərar­lılığı təsdiqləyən daha bir fakt var. Belə ki, ABŞ-ın Erməni Milli Komitəsi adlarını çəkdiyimiz senatorları qətnamənin qəbulu üçün fəallıq göstərməyə çağırıb və möv­cud istiqamətdə geniş kampaniyaya start verib. Göründüyü kimi, əlavə şərhə ehti­yac yoxdur. Hər şey aydındır. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət