Özbəkistan mətbuatında ölkəmizə dair müsabiqə elan edilib

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) 2024-cü il üzrə Özbəkistan mətbuatı və ictimaiyyəti arasında Azərbaycana, habelə Özbəkistanla tarixi dostluq əlaqələrinə dair müsabiqə elan edib.

Nominasiyalar arasında “İlin televiziya verilişi”, “İlin tərcümə əsəri”,  “İlin sənədli filmi”, “Dostluq əlaqələrini təbliğ edən ilin ən fəal azərbaycanlı və özbək ədibi”, özbək mətbuatında dostluğumuz, Azərbaycan haqqında ən çox materiallar dərc edən mətbu orqan (qəzet, jurnal, sayt, televiziya kanalı, radio), habelə Özbəkistanda Azərbaycan dilinin tədrisi və təbliği, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatına aid ilin layihəsi və  başqa  mövzular var. 

Müxtəlif nominasiyalarda qaliblər Mədəniyyət Mərkəzinin fəxri diplom və pul mükafatlarına layiq görüləcəklər. 

2024-cü ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik” ili elan edilməsi ilə əlaqədar AMM tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi plandaşdırılır. 

Bununla əlaqədar mərkəz müsabiqədə mətbuat üzrə COP-29 Beynəlxalq ekoloji təşkilatda Azərbaycanın rolu, ətraf mühitin mühafizəsi, tullantısız mühit və texnologiyalar, yaşıllıqların qorunması və artırılması, iqlim dəyişiklikləri mövzularını təşviq edən məqalələrə üstünlük verəcək və müsabiqəyə bu mövzular üzrə nominasiyalar da daxil edib.

Bildiyimiz kimi, İSESKO tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Bununla əlaqədar “Şuşa – İslam dünyasının Mədəniyyət paytaxtı” adlı nominasiya müsabiqədə yer alıb. Bu nominasiya üzrə Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi, mədəniyyət paytaxtımız Şuşa şəhəri, onun tarixi, mədəniyyəti, Prezident İlham Əliyevin uğurlu siyasəti, rəşadətli Azərbaycan ordusunun Şuşanı azad etməsi, Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, eyni zamanda, tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər, Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi və s. barədə məqalələr əsas götürüləcək. 

Eyni zamanda Özbəkistanda 2024-cü ilin Prezident Şavkat Mirziyoyev tərəfindən “Gənclərə və biznesə dəstək ili” elan edilməsi ilə əlaqədar builki müsabiqədə xüsusi nominasiya yer alıb. Nominasiyada gənclərin milli dəyərlərə əsaslanaraq intellektual inkişafı, onların elm və texnologiyalara yiyələnməsi, güclü iqtisadiyyatın qurulması, biznesin,  innovasiyaların dəstəklənməsi  mövzularına önəm veriləcək. 

Qeyd edək ki, müsabiqədə qalib gələn özbək jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan Mediaturda iştirak etmək imkanı əldə edəcəklər.

Media nümayəndələri ölkəmizin paytaxtı Bakıya və respublikamızın tarixi məkanlarına, işğaldan azad edilmiş bölgələrə səfər edəcək, mədəniyyət, turizm məkanlarında olacaq, çəkilişlər aparacaq, məqalələr hazırlayacaqlar.


Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       

Mədəniyyət