Hayastanın yeganə ixrac yolu Türkiyədən keçirmi?

post-img

Dünən Türkiyənin ingilis dilində nəşr olunan “The Daily Sabah Newspaper” qəzetində tanınmış yazar Məlik Altinokun “Ermənistanın yeganə ixrac yolu Türkiyədən keçir?” adlı məqaləsi dərc olunub. Yazıda irəli sürülən bir çox fikir və mülahizələrin aktuallığını nəzərə alaraq, kiçik ixtisarlarla “Xalq qəzeti”nin oxucularına təqdim edirik. 

“Azərbaycanın bu günlərdə cəmi 24 saat ərzində Dağlıq Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror addım­larında parlaq uğur əldə etməsi İrəvan üçün gözlənilməz olub və bütün Ermə­nistanı şoka salıb.

Bu ölkədəki qatı millətçilər Qarabağ­dan gələn ermənilərin “qaçqınların acı­nacaqlı vəziyyətini əks etdirən şəkilləri” ilə uydurma 1915-ci il deportasiyası ara­sında müqayisə apararaq cəmiyyətdəki ajiotajı daha da qızışdırırlar. 

Son günlər paytaxt İrəvanı kütləvi etiraz aksiyaları bürüyüb. Nümayişçilər baş nazir Nikol Paşinyanı korafəhmlik və ətalətdə günahlandırır. Etirazçılar, həmçi­nin hökumətin başçısını həmçinin “xalqı satmaqda” ittiham edirlər. 

Paşinyan hakimiyyətə gəldiyi zaman ona sələflərindən miras qalan ağır prob­lemləri “rasional yolla” həll edəcəyini vəd etmişdi. Bu, əvvəlcə cəmiyyətdə ümidlər yaratmışdı. Bununla belə, tezliklə baş na­zirin səriştəsizliyi üzə çıxdı, belə ki, onun Rusiya ilə Qərb arasında “müvazinət” ya­ratmaqda çətinlik çəkdiyi bəlli oldu. 

Məqalədə qeyd olunur ki, Azərbay­can 2020-ci ilin sentyabrında Qarabağda uğurlu hərbi əməliyyat həyata keçirə bildi və tarixi zəfər qazandı. Burada qardaş Azərbaycanın hünərvər əsgər və zabit­lərinin qeyri-adi qəhrəmənlığını zərrə qədər belə azaltmadan vurğulanmalıdır ki, işğalçı Ermənistanın 44 günlük müha­ribədə ciddi uğursuzluğa düçar olmasının əsas səbəblərindən biri də məhz Paşin­yanın xarici siyasətdəki kobud səhvləri və səbatsızlığı idi. Moskva Paşinyandan narazı idi və İrəvanı Türkiyənin hərtərəf­li dəstəyini alan Azərbaycan qarşısında müdafiə etmədi. 

Müəllif sonra bunları yazır: “Paşinyan başa düşürdü ki, Ermənistan 1990-cı il­lərin əvvəllərində işğal etdiyi ərazilərdən geri çəkilməlidir. Əks təqdirdə, Ermənis­tan dövlətinin mövcudluğu sual altına düşə bilər. Lakin Paşinyanın bu mövqe­yi erməni cəmiyyətində baş nazirə qarşı etimadsızlığı gücləndirdi. Paşinyan artıq cəmiyyətdə ciddi problemlərlə üzləşirdi, lakin siyasi arenada baş nazirə alternativ görməyən erməni elektoratı sonda onu öz vəzifəsində saxladı.

Paşinyan Ermənistana uzun müddət mane olan “Böyük Ermənistan” kimi xül­yalardan, digər tarixi yanlışlıq və məh­dudiyyətlərdən qurtulmaq əzmində qətiy­yətli görünürdü. Hətta Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ermənistanın “əbədi düşməni” hesab edilən Türkiyəyə də gəl­mişdi. Eyni zamanda, o, müttəfiqi Rusi­yanı əvəz etmək üçün Qərbdə alternativ ittifaqlar axtarırdı, hətta ABŞ ilə birgə hər­bi təlimlər keçirməyə qərar vermişdi. 

Paşinyanın ABŞ-a arxalanaraq, re­gional aktyorları özündən uzaqlaşdır­ması səhv addım idi və bu məntiqi başa düşmək çətindir. Çoxsaylı şərhçilərin fikrincə, bu, ilk baxışda baş nazirin təc­rübəsizliyi kimi görünürdü. Bununla belə, İrəvanın xarici siyasəti Ermənistan daxi­lindəki kəskin hakimiyyət mübarizəsini əks etdirirdi. 

Paşinyan üçün rəqiblərinin zərər­sizləşdirmək arzusu hər şeyin fövqün­də dururdu və indi də belədir. Bu, onun stixiyasıdır. 30 ildən artıqdır ki, Dağlıq Qarabağda möhkəmlənmiş hakimiyyət Ermənistanın “dərin dövləti”ni təmsil edir. Paşinyan isə, faktiki olaraq millətçi ictimaiyyətin mənəvi lideri kimi fəaliyyət göstərir. Heç kəsə sirr deyil ki, İrəvanda hazırkı iqtidarın hər bir addımı Dağlıq Qarabağın müqaviməti ilə üzləşib. 

Status-kvonun əbədiləşdirilməsini özünün həyati məqsədi hesab edən er­məni diasporasu və lobbisi də baş na­ziri dəstəkləməkdən imtian etdi. Bütün qüvvələr cinayətkar “Qarabağ klanı”nın hakimiyyətə qayıdışı üçün səfərbər olu­nurdu. Lakin Ermənistan əhalisi vaxtilə koçaryan və sarkisyanların qəddar və korrupsioner siyasətindən təngə gəldiyi üçün Paşinyanı hakimiyyətdən qovmağa tələsmədi. 

Xülasə, Paşinyanın Azərbaycanın Dağlıq Qarabağdakı antiterror addımları­na qarşı çıxmaq istəməməsinin kökündə onun özünün bir düşməni digərinə qarşı qoymaq strategiyası dayanırdı və ədalət naminə demək lazımdır ki, o, bu hiyləgər siyasəti hələlik “uğurla” həyata keçirir, yəni hakimiyyətini qoruyub saxlaya bilir. 

Baş nazir bir çox digər məkrli manevrlərə də əl atırdı. Belə ki, o, həyat yoldaşı Anna Akopyanı dəstək üçün Ukraynaya göndərdi və regionda gərginliyin tüğyan etdiyi bir vaxtda Ermənistan parlamen­tinə Rusiya Prezidenti Vladimir Putinin həbsini nəzərdə tutan Beynəlxalq Ci­nayət Məhkəməsinin (BCM) Roma sta­tutunu ratifikasiya etmək təklifi göndərdi. Bütün bunlar Moskvanın qəzəbinə tuş gəlməyə bilməzdi. 

Azərbaycan ordusu mümkün qətiy­yətli hərəkətlərə hazırlaşarkən, Paşinyan bu təxribat xarakterli addımlar ilə Kremli hadisələrə müdaxilədən çəkindirdi. Doğ­rudan da, Paşinyanın səriştəsizliyi yoxla­nıla bilər, amma o, axmaqlıqdan uzaqdır. Bu tezisin etibarlılığını onun Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyi müəyyən edəcək. Erməni millətçilərinin müqavimətinə baxmayaraq, bu yol la­yihəsi regional ticarəti əhəmiyyətli dərə­cədə canlandırmaq potensialına malikdir və ölkənin yoxsul əhalisinə rifah bəxş edə bilər. 

Hazırda Türkiyədə 100 mindən çox erməni işləyir və Ermənistandakı ailələ­rinə maddi yardım göndərir. Sərhəd açıl­saydı, kiçik bir türk şəhəri qədər əhalisi olan Ermənistanda iqtisadi canlanma ya­şana bilər.

Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ermənistan buna (Zən­gəzur dəhlizi nəzərdə tutulur - müəllif) yol açmasa, İrandan keçəcək” deyərək An­karanın rəsmi mövqeyini bəyan edib. Bir sözlə, vaxt gözləmir. Paşinyan düzgün seçim etməlidir”. 

Təqdim etdi:
M.HACIXANLI
XQ

Siyasət