Naxçıvanda imzalanan sənədlər növbəti birgə hədəflərə start verdi
Sentyabrın 25-də İğdır–Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan–Türkiyə əməkdaşlığına önəmli təsir göstərən bir sıra sənədlər–Qars–Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu, qardaş ölkənin Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi və hər iki respublikada bərpaolunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi ilə əlaqədar Anlaşma Memorandumu imzalanıb.
Həmin gün Prezident İlham Əliyev mətbuata bəyanatında imzalanan sənədlərin Türkiyə–Azərbaycan əlaqələrinin inkişafına mühüm xidmət göstərəcəyini vurğulayıb. Dövlətimizin başçısı daha sonra İğdır–Naxçıvan qaz kəmərinin çəkilişinin qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisəyə çevrildiyini, iki dövlətin sıx əlaqələrinə yeni təkan verəcəyini, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə gerçəkləşdirəcəyini bildirib.
Prezident İlham Əliyev bəyanatında diqqətə çatdırdığı kimi, müstəqilliyimizin ilk illərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsində Naxçıvana qarşı da ərazi iddiası vardı və ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bunun qarşısı alındı. Ancaq həmin dövrdə muxtar respublikanın enerji təminatı ölkəmizin əsas hissəsindən olduğu üçün işğalçı tərəfindən bütün elektrik və qaz xətləri kəsilmişdi və qədim diyarımız demək olar ki, işıqsız və “mavi yanacaq”sız qalmışdı. Yaranan acınacaqlı vəziyyət isə 2005-ci ildə İran İslam Respublikası ilə imzalanan anlaşma əsasında mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi ilə aradan qaldırıldı.
İğdır–Naxçıvan qaz kəmərinin təməlinin qoyulması isə muxtar respublikaya ikinci qaz xəttinin daxil olmasını şərtləndirir. Başqa sözlə, 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır–Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumunun imzalanması muxtar respublikanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırması məqsədi daşıyıb. Prezident İlham Əliyevin 2022-ci il 10 fevral tarixli sərəncamına əsasən isə İğdır–Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.
Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcəyi gözlənilir. Eyni zamanda, gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.
Beləliklə, bu kəmər Naxçıvanın qazla təchizatında ciddi rol oynayacaq, həmçinin muxtar respublika üçün “mavi yanacaq”la əlaqədar alternativ yaranacaq. Naxçıvanın qazla təchizatı Türkiyə üzərindən təmin olunduqdan sonra, təbii ki, burada iqtisadi baxımdan da ciddi dividendlər olacaq. Xüsusilə, qazın Bakı–Tbilisi–Ərzurum və Cənubi Qafqaz Boru kəmərləri vasitəsilə Türkiyəyə və qardaş ölkə üzərindən dövr edərək Naxçıvana verilməsi bu baxımdan müstəsna əhəmiyyət daşıyacaq.
Naxçıvanda enerji təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr isə davamlılığı ilə diqqət çəkir. Belə ki, bir neçə gündən sonra muxtar respublikada Türkiyə–Azərbaycan III Enerji Forumunun keçiriləcəyi nəzərdə tutulur.
Bildirildiyinə görə, həmin forumda da Naxçıvanın zəngin bərpaolunan enerji potensialının hərəkətə gətirilməsi ilə əlaqədar müzakirələr aparılacaq, muxtar respublikanın “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində reallaşdırılacaq layihələrin əhəmiyyətindən danışılacaq. Yeri gəlmişkən, hesablamalara görə, yaxın gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı min meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaq.
Türkiyə–Azərbaycan əlaqələrinin inkişafından danışarkən, iki qardaş ölkənin əməkdaşlığına önəmli təsir göstərəcək sentyabrın 25-də imzalanan Qars–Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolunun əhəmiyyətinə də diqqət yetirək. Həmin sənədin imzalanmasını tarixi hadisə kimi dəyərləndirən dövlətimizin başçısı mətbuata bəyanatında bu layihənin də uğurla həyata keçiriləcəyinə və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə uğurla xidmət göstərəcəyinə əminliyini ifadə edib.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin–Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
Avropa İttifaqı Orta Dəhlizi Trans–Avropa Nəqliyyat Şəbəkəsi ilə inteqrasiya baxımından ən perspektivli adlandırır. İlkin qiymətləndirmələrə görə, perspektivdə fasiləsiz tədarükü təmin etməsi üçün marşrutun inkişafına 18,5 milyard avro tələb olunacaq. Yatırımların əhəmiyyətli hissəsini Avropa İttifaqı öz üzərinə götürməyə hazırdır. İnvestisiyalar, o cümlədən dəmir yolu və avtomobil dəhlizlərinin bərpası və yenidən qurulması, limanların ötürücülük qabiliyyətinin artırılması və sərhədlərdə infrastrukturun inkişafı üçün lazımdır.
Qeyd edək ki, hazırda iki qardaş ölkə rəhbərliyinin hazırda diqqət mərkəzində saxladığı məsələrdən biri də Bakı–Tbilisi–Qars dəmir yolunun potensialının genişləndirilməsi ilə bağlıdır. Yaxın aylarda bu yolun imkanlarının 1 milyon tondan 5 milyon tona qədər artırılması nəzərdə tutulur. Bu gün respublikamızı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da sürətlə icra olunur. Azərbaycan ərazisində işlərin gələn ilin sonunda başa çatdırılacağı planlaşdırılır.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir.
Azərbaycan qardaş ölkə ilə bütün sahələrdə olduğu kimi, ticarət dövriyyəmizin artırılması istiqamətində də indiyədək önəmli layihələr reallaşdırıb. Məhz bunun nəticəsidir ki, ticarət dövriyyəmiz keçən il 6 milyard dollardan çox olub. Cari ilin 7 ayında isə həmin göstərici daha 40 faiz artıb. Preferensial ticarət anlaşmasının imzalanması isə siyahıda olan məhsulların sayının artmasını şərtləndirib.
Vaqif BAYRAMOV
XQ