Qarabağda sentyabrın 19-da başlayan və bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan qarşıya qoyulan hədəflərə nail oldu. Bütün kommunikasiyalar, yollar, yüksəkliklər nəzarətə götürüldü. Əgər Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra işğalda olan ərazisinin böyük bir hissəsini azad etmişdisə, 23 saatlıq antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam bərpa edildi. Bundan sonra Qarabağ iqtisadi rayonunun bütün ərazisində Azərbaycan Konstitusiyasının və digər qanunlarının işləməsi, siyasi hakimiyyətin bərqərar olması təmin olunacaq.
Bu prosesə artıq başlanılıb. Elə dünən keçmiş Ağdərə rayonunun (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Ağdərə rayonu Milli Məclisin 1992-ci ilin 13 oktyabr tarixli qərarı ilə ləğv edilərək ərazisi Tərtər, Ağdam və Kəlbəcər rayonlarına verilib. Qondarma rejimin inzibati-ərazi bölgüsündə isə “Mardakert” adlı rayon qalmaqda idi-(S.H.) mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.
Bundan sonrakı mərhələdə qarşıda dayanan əsas məsələlərdən biri Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına nail olunmasıdır. Bu istiqamətdə atılan hər bir addım, necə deyərlər, yüz dəfə ölçülür, bir dəfə biçilir. Rəsmi Bakının məqsədi 30 ildir bu bölgənin qondarma rejim tərəfindən talan edilməsinə son qoymaq, orada yaşayan insanlara azadlıq, haqq-ədalət, barış və rifah gətirməkdir. Ölkəmizi olmazın məsələlərdə ittiham edən yaxın-uzaq xaricdəki bəzi xəbis niyyətli dairələrin söylədiklərinin əksinə olaraq, hər bir Azərbaycan vətəndaşı kimi, Qarabağda yaşayan ermənilərin də həyatı dövlətimiz üçün çox qiymətlidir. Məhz buna görə də Qarabağda ölkəmizin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə bağlı bölgədə yaşayan erməni sakinlərə müraciətdə tədbirlər həyata keçirilən zaman hərbi hissələrdən, obyektlərdən, hərbi texnikadan, qanunsuz rejimin fəaliyyət göstərdiyi bütün inzibati binalardan uzaq durmaq çağırışı edilmişdi.
Müraciətdə deyilirdi: “Ermənistanın və Qarabağdakı cinayətkar rejimin apardığı təbliğat erməni əhalidə belə bir qənaət yaradıb ki, Azərbaycan etnik təmizləmə siyasəti həyata keçirmək, Qarabağdan erməniləri çıxarmaq istəyir. Əgər belə bir niyyət olsaydı, Azərbaycan 2020-ci ilin noyabr ayında müharibəni dayandırmazdı. Həmin dövrdə heç bir qüvvə Azərbaycan Ordusunun Zəfər yürüşünün qarşısını almaq gücündə deyildi. Amma Azərbaycan dövləti sülh yolunu seçdi, Qarabağda yaşayan əhaliyə dostluq əlini uzatdı. Çünki Azərbaycan çoxsaylı xalqların bir yerdə mehriban yaşadığı ölkədir. Biz əminik ki, insanlar arasında barış və birgəyaşayış mümkündür. Sizin də bu həqiqəti qəbul etməyiniz və bu ölkənin vətəndaşları kimi yeni gözəl həyata qovuşmağınız lazımdır”.
Bəli, bu, həqiqətən də, belədir. Gəncəni, Bərdəni, Tərtəri uzaqmənzilli raketlərlə atəşə tutan Ermənistan hərbi-siyasi rəhbərliyindən fərqli olaraq, Azərbaycan müharibəni ləyaqətlə apardı. Beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərinə əməl olundu. Nəticədə Qarabağda mülki şəxslər arasında ölüm-itim halları minimum oldu. Azərbaycan bu məsələdə də bütün dünyaya nümunə göstərdi.
***
Müharibədən sonra Azərbaycan üçün məsələnin siyasi tənzimlənməsi mərhələsi başlanıb. Bu mərhələdə ölkəmiz Qarabağda yaşayan, bir vaxtlar Azərbaycan vətəndaşı olmuş, son 30 ildə isə Ermənistanın və qanunsuz rejimin girovuna çevrilmiş erməni sakinlərin ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatına reinteqrasiya etməsinə çalışır. Azərbaycan 30 illik işğal faktı bitdikdən az sonra özünün erməni sakinləri ilə təmas qurmağa hazır olduğunu bildirib. Amma biz xaricdən ixrac olunmuş “Ruben Vardanyan” layihəsi ilə Qarabağda yeni reallığın yaradılmasına, vəziyyətin 1988-ci ilə gətirilməsinə, yeni status-kvonun yaradılmasına cəhdlər edildiyini gördük.
Onu da qeyd edək ki, bu məsələyə hələ ötən ilin noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Aİ-nin və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən Prezident İlham Əliyev də münasibət bildirmişdi. Dövlətimizin başçısı demişdi: “Hesab edirəm, vacib odur ki, Ermənistan, əslində, istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni, kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hökumətinə heç aidiyyəti yoxdur...”
Azərbaycanın tələbi ilə bu ilin fevralında R.Vardanyan separatçı rejimin “dövlət naziri” vəzifəsindən qovuldu. Elə həmin dövrlərdə Milli Məclisin deputatı Ramin Məmmədov Qarabağda yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin olundu. Martın 1-də Xocalıda – Rusiya sülhməramlı kontingentinin bazasında Qarabağın erməni icmasının təmsilçiləri ilə ilkin təmaslar yaradıldı. Təəssüf ki, təmaslardan sonra erməni sakinlərin nümayəndələrinin arzuolunmaz açıqlamalarının şahidi olduq. Lakin bu təmasları davam etdirməkdə qərarlı olan Azərbaycan yenə də özünün vətəndaşlarına barış əli uzatdı. Dövlətimiz məsələni sülh yolu ilə həll etməyə, həm ermənilər, həm də azərbaycanlılar arasında insan itkisinə yol verilməməsinə çox çalışdı. Prezident İlham Əliyev mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüş zamanı məsələyə belə münasibət bildirmişdi: “İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq və buna mən şübhə etmirəm. Buradan – uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya, orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir”.
Dövlətimizin başçısı qeyd etmişdi ki, biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki, hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var: “Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər. Onu da bildirməliyəm ki, son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşıblar. Bunu mən müxtəlif görüşlər əsnasında artıq görürəm. Yəni, nəyə görə razılaşıblar? Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq. Ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır. Sadəcə olaraq, bizə gələn son mesajlar belədir ki, bəs orada dırnaqarası rəhbərliyin aqibəti necə olacaq? Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazımdır”.
İndi – son günlərini yaşadığımız sentyabr ayında dönüb geriyə boylananda Prezident İlham Əliyevin prosesləri bir neçə ay öncədən necə uzaqgörənliklə proqnozlaşdıra bildiyinə heyrətlənməmək olmur: “Birincisi, biz oraya heyət göndərmişdik. Mənim nümayəndəm gedib onlarla birinci görüş keçirib və ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər. Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni, Qarabağda yaşayan erməni azlığının nümayəndələrini. Ondan da imtina etdilər. Daha üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək. Ona görə onlara ancaq o halda amnistiya düşə bilər ki, özləri könüllü olaraq bütün saxta vəzifələrini kənara qoyub Azərbaycan vətəndaşlığı üçün müraciət etsinlər. Ona da biz hələ baxacağıq. Mənim sözüm qətidir, bunu hər kəs bilir, həm Azərbaycanda, həm dünyada, o cümlədən Ermənistanda. Nəyi deyiriksə, onu da edirik. Bir dənə də olsun sözümüz, necə deyərlər, havada qalmayıb, bu söz də havada qalmayacaq. Əgər mən deyirəmsə ki, amnistiyaya baxmaq olar, bu fürsəti də qaçırmasınlar. Onlar bir çox fürsətləri qaçırıblar, bir çox fürsətləri və hər dəfə, necə deyərlər, gərək onların başından vuraydıq ki, özlərinə gəlsinlər”.
Bəli, lokal antiterror tədbirlərinin elə birinci günü qanunsuz hərbi birləşmələr ağ bayraq qaldıraraq təslim oldular. Sentyabrın 20-də antiterror tədbirləri dayandırıldı. Ertəsi gün erməni sakinlərin nümayəndələri görüş üçün Yevlaxa gəldilər. Onların Azərbaycanın mərkəzi hakimiyyətini təmsil edən şəxslərdən xahişi nəzərə alındı. Sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Xankəndiyə yola salındı. Bir gün sonra bölgəyə 24 ton benzin və 40 ton dizel yola salındı. Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında işçi qrup yaradıldı.
Sentyabrın 25-də Xocalı şəhərində Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirildi. Əgər ilk görüşdə Azərbaycan Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reintqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılmışdısa, ikinci görüşdə müzakirə olunan məsələlərin spektrinin genişliyi diqqəti cəlb edir. Belə ki, görüşdə Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi vurğulanıb və bu cür təşəbbüslərin vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, eləcə də etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib. Həmin gün Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində çox sayda ölən və yaralananlar olub. Bununla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam–Əsgəran–Xankəndi yolu vasitəsilə yola salınıb. Həmçinin Ağdam, Sabirabad və Saatlı rayonlarındakı xəstəxanalar Xankəndidən xeyli sayda xəstənin qəbulu üçün hazır vəziyyətə gətirilib.
Dünən isə növbəti humanitar yardım Xankəndiyə yola salınıb. Dörd yük maşını 40 ton unu, gigiyenik vasitələri, yataq dəstlərini ünvana çatdıracaq. Həmçinin, növbəti təcili tibbi yardım maşını Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar aparıb.
Beləliklə, reinteqrasiya artıq qaçılmaz prosesə çevrilib və şübhəsiz ki, yaxın dövrün ən aktual, bəlkə də ən çox müzakirə olunacaq mövzularından biridir. Bu gün Qarabağ ermənilərinin, necə deyərlər, qapısını reinteqrasiya “döyür”. Prosesin mürəkkəb və davamlı olduğunu hamı dərk edir. Onun müxtəlif inkişaf mərhələlərində nəzərdə tutulmayan və proqnozlaşdırılması çətin olan amillər meydana çıxa bilər. Ancaq bütün ehtimallara rəğmən reinteqrasiya prosesində ən vacib və ən prinsipial məsələ siyasi iradənin mövcudluğudur. Dövlət başçımız həmin siyasi iradəni sentyabrın 20-də xalqa müraciətində həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətə növbəti dəfə aşkar şəkildə nümayiş etdirdi. Prezident İlham Əliyevin “Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır” sözləri Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı Azərbaycan dövlətinin prinsipial mövqeyinin təsbitidir.
Yeganə HACIYEVA,
politoloq
Hazırkı mərhələdə erməni sakinlərin nümayəndələrinin reinteqrasiya prosesini dəstəklədikləri görünür. Bunun özü pozitiv haldır. Ancaq prosesin siyasi, iqtisadi, təhlükəsizlik və sair kimi aspektləri var ki, onların dəyərləndirilməsi vacibdir. Azərbaycanın mərkəzi hakimiyyəti də bu riskləri dəyərləndirərək addımlar atır. Erməni sakinlər isə qismən kənar təsirlərin altındadırlar. Amma proseslərin inkişaf etməsi erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün vacib zəmin formalaşdırır. Bölgədə gələcəkdə separatizmin qarşısının alınması üçün də reinteqrasiya şərtdir. Ərazilərimizdə separatizmin inkişafı bizim gözümüz önündə oldu. Biz reinteqrasiya prosesindən danışarkən siyasi, iqtisadi, təhlükəsizlik kimi məsələrədən danışırıq, amma burada bir vacib məqam da tarixi dərslərdən nəticə çıxarmaqdır. Bu nəticənin çıxarılması gələcək risklərin qarşısının alınmasında mühüm rol oynayacaq.
Bütövlükdə, reinteqrasiya prosesinin dünyanın müxtəlif yerlərində fərqli modelləri var. Hansı modelin seçilməsindən asılı olmayaraq, indki halda regionun özünün, əhalinin spesifik xüsusiyyətləri, mental düşüncələri və yenə də tarixi dərslər əlavə olunmaqla reinteqrasiya prosesi uğurla tətbiq oluna bilər.
Səxavət HƏMİD
XQ