Ermənistan Laçın yolunu “oğru yolu”na çevirmişdi

post-img

Artıq bu marşruta Azərbaycan qanunları əsasında nəzarət edilir 

Ermənistan rasizm siyasətini davam etdirməklə, reinteqrasiyadan yayınmaqla bir daha sülh tərəfdarı olmadığını bütün dünyaya nümayiş etdirir. Eyni zamanda, işğalçı ölkənin İrəvan–Laçın–Xankəndi marşrutunun açılmasına israrlı olması, Ağdam–Xankəndi yolundan isə imtinası bu dövlətin siyasi manipulyasiya məqsədindən xəbər verir. Bu, eyni zamanda, Ermənistanın, eləcə də Qarabağın separatçı rejiminin reinteqrasiyaya qarşı cəbhə açdığını ortaya qoyur, sülh yolu ilə məsələlərin həll edilməsini istəmədiyini aydın göstərir. 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev avqustun 31-də Ağdamda xarici jurnalistlərə açıqlamasında bu barə­də ətraflı bəhs edib. Prezidentin köməkçisi Azərbaycanın Qızıl Aypara Cəmiyyəti tərə­findən 40 tona yaxın ərzaq yüklərinin Ağ­dam–Xankəndi marşrutunun Əsgəran hissəsi ilə birləşmə məntəqəsinə gətirilməsi, buna baxmayaraq erməni separatizmi ölkəmizə qarşı düşmənçilik siyasəti yürüdərək həmin humanitar yükü qəbul etməməsi bir daha onu göstərir ki, əsas məqsəd reinteqrasiyaya im­kan verməmək, qanunsuz statusun ömrünü uzatmaqda davam etməkdir. 

Yeri gəlmişkən, separatistlərin Ağdam–Xankəndi yolundan israrla imtina etməsi, əslində, onların revanşist xislətindən xəbər verir. Azərbaycan Prezidentinin köməkçisinin sözləri ilə desək, əgər onlar düşünürlərsə ki, Laçın–Xankəndi marşrutu ilə silah daşımaq daha rahatdır, qanunsuz yükdaşımalar həya­ta keçirmək daha asandır, səhv edirlər. Artıq qəsbkarlıq erası başa çatan işğalçılar bu yolla Qarabağı “silah anbarına” çevirə bilməyəcək­lər. Erməni tərəfi anlamalıdr ki, Laçın yolu qaçaqmalçılıq üçün birdəfəlik bağlanıb. Azər­baycanın bu əbədi–əzəli torpağında–Qarabağ­da daha İrəvandan gətirilən mallarla böyük məbləğdə gəlir əldə etmək mümkün deyil. 

Hikmət Hacıyev bildirib ki, indi Laçın gömrük–keçid məntəqəsi var və bu infrast­ruktur respublikamızın bütün digər göm­rük–keçid məntəqələri kimi eyni prinsiplə fəaliyyət göstərir: “Gömrük sənədləşməsi Azərbaycan qanunlarına uyğun hazırlanmalı­dır. Məsələn, sənədlərdə “Stepanakert” və ya qondarma “Artsax respublikası” yazılacaqsa, həmin mallar sənədlərdə müvafiq düzəlişlər edilməyənədək buraxılmamalıdır. Yaşayış məntəqələrinin adları Azərbaycan qanunve­riciliyinə uyğun yazılmalıdır. Hansı hüquqi şəxs malları qəbul edəcək? Malları qəbul edən hüquqi şəxslərin Azərbaycan Respub­likasının Dövlət Vergi Xidməti reyestrin­də müvafiq nömrəsi varmı? Möhürü vuran şirkət harada qeydiyyatdan keçib? Bundan başqa gömrük keçidi və nəzarəti ilə bağlı digər minlərlə sual ortaya çıxa bilər. Onlar cavablandırılmasa, gömrük nəzarətini təşkil etmək mümkün deyil. Gömrük nəzarəti yox­dursa, Laçın yolu Ermənistandan gələn kom­mersiya yükləri üçün bağlı olaraq qalacaq. 

Bu problemləri həll etmək üçün Azərbay­can mərkəzi hakimiyyəti və Qarabağda yaşa­yan ermənilər arasında substantiv və nəticəyə yönəlik danışıqların başlanması lazımdır. Bu danışıqlar nəticəsində Laçın yolunun kom­mersiya məqsədləri üçün istifadəsi üzrə yol xəritəsi hazırlana bilər”.

Bəli, Prezidentin köməkçisinin vurğula­dığı kimi, Ermənistan 30 il ərzində işğal və təcavüz faktının tərkib hissəsi olaraq, respub­likamızın gömrük rejimini pozaraq və özü idxal prosesini həyata keçirərək, məhsullara gömrük rüsumları tətbiq edərək, bu yolla böyük həcmdə maliyyə qazanıb. Bununla da Azərbaycan büdcəsinə ciddi şəkildə zərər vurub. Bu məhsulların Azərbaycan ərazisinə idxalı nəticəsində əldə olunan qazancın qiy­mətləndirilməsi və ölkəmizə təzminat kimi ödənilməsi, başqa sözlə, məsələnin hüquqi müstəvidə həll edilməsi nəzərdə tutulub. 

Xatırladaq ki, erməni tərəfinin rədd et­diyi Bərdə–Ağdam avtomobil yolunun İrə­van–Laçın marşrutundan daha sərfəli olması hər iki magistralın iqtisadi göstəricilərinin, relyefinin müqayisəsi baxımından da aydın görünür. Belə ki, adıçəkilən ikinci marşrut, yəni İrəvan–Laçın yolu demək olar ki, dağlıq ərazilərdən keçir, Ermənistanın paytaxtından Xankəndiyə isə, təqribən, 300 kilometrdir. Bu magistrala yaxından bələd olanlar bilərlər ki, yol qış aylarında aramsız yağan qar sə­bəbindən, əsasən, keçilməz olur. Bakı–Yev­lax–Ağdam–Xankəndi magistralı isə həmin vaxtlarda daim açıqdır. 

Bununla yanaşı, erməni tərəfi, şübhəsiz ki, münaqişədən əvvəl Bakı–Yevlax–Ağ­dam–Xankəndi avtomobil yolunun, eləcə də Bakı–Ağdam–Xankəndi dəmir yolu xəttinin əlverişliliyini, Qarabağın inkişafında önəm­li rol oynadığını çox yaxşı xatırlayır. İşğal dövründə dəmir yolu Ermənistan tərəfinin barbarlığı üzündən tamamilə sıradan çıxsa da, avtomobil yolu ilə gediş–gəlişdə heç bir problem yoxdur. 

Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Biz indi Bərdə­dən Ağdama dəmir yolu çəkirik. Ağdam­dan Xankəndiyə məsafə 20-30 kilometrdir. Amma Ermənistan paytaxtından Xankəndiyə gəlmək üçün neçə saat vaxt sərf etmək la­zımdır – yük maşınları ilə bəlkə də on saat. Özü də çətin dağ yolları ilə. Ağdamdan isə Xankəndiyə yarım saat”.

Burada bir daha onu da xatırladaq ki, iş­ğaldan əvvəl, ötən əsrin 80-ci illərində pay­taxt Bakıdan Xankəndi və Şuşa şəhərlərinə respublika əhəmiyyətli magistral uzanır və həmin marşrut Yevlax–Xocalı–Laçın avto­mobil yoluna birləşir, eyni zamanda, Ağdam şəhərinin mərkəzindən keçirdi. O dövrdə Ağdam–Bərdə avtomobil yolunun 40-cı ki­lometrindən ayrılmaqla, Ağdam şəhərinin mərkəzinə daxil olmadan Əsgəran rayonu­nun inzibati ərazisinədək 17,5 kilometr uzun­luğunda yerli əhəmiyyətli 2 hərəkət zolaqlı Ağdam dairəvi yolu çəkilmişdi və işğaladək Qarabağın, eləcə də Laçın rayonunun əhalisi bu yoldan daimi olaraq istifadə edirdi. 

Bəs indi belə bir əhəmiyyətli yol niyə qəbul olunmur? Yuxarıda qeyd etdiyimiz kimi, sualın cavabı aydındır: Separatistlərin İrəvan–Laçın marşrutundan, necə deyərlər, ikiəlli yapışmaları onların çirkin məqsədinin təzahürüdür, bu yolla silah daşımaq, qanun­suz yükdaşımaları reallaşdırmaq göyərməyə­cək istəklərinin ifadəsidir. 

Artıq beynəlxalq ictimaiyyət də yaxşı başa düşür ki, Ağdam–Xankəndi yolu geniş­həcmli humanitar yüklərin daşınması üçün sərfəlidir. Lakin bu yolun istifadəsinə icazə verilməməsi, yerli sakinlərin girov kimi is­tismar edilməsi, eləcə də ərzaq göndərilməsi prosesinin imitasiyalı formada təşkil olunma­sı, əslində, separatçıların siyasi fırıldaqları­dır. Ancaq yanılırlar. Unudurlar ki, indi Azər­baycanı haqq yolundan döndərmək, təzyiqlə, şantajla məqsədindən daşındırmaq mümkün deyil. 

Azərbaycanın Qızıl Aypara Cəmiyyə­ti tərəfindən 40 tona yaxın ərzaq yüklərinin Ağdam–Xankəndi marşrutunun Əsgəran hisəsi ilə birləşmə məntəqəsinə gətirilməsi və ermənilərin rasizm siyasəti yürüdərək həmin məhsulları qəbul etməmələri də qondarma rejimin və Ermənistan separatizminin niyyə­tini, manipulyativ əməlini bir daha üzə çıxar­dı. Müharibənin bitməsindən 2 il yarım keçsə də Naxçıvana yolu açmayan Ermənistan nə haqla Qarabağa nəzarətsiz dəhliz tələb edir? 

Beləliklə, Azərbaycan erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam–Xankəndi yolundan istifadə edilməsi təkli­finə Ermənistan tərəfinin etirazını bildirməsi, işğalçının bu yola beton maneələr düzməklə əraziyə girişi bloklaması və bununla Qara­bağın erməni icmasının, guya, humanitar fəlakətlə üzləşməsi görüntüsü yaratması, əslində, işğalçı dövlətin siyasi şantaj və ma­nipulyasiyasıdır. Ermənistanın bu çirkin niy­yəti bölgəyə üçüncü tərəfləri cəlb etmək, gər­ginliyin coğrafiyasını genişləndirmək və sülh prosesini iflasa uğratmaqdan ibarətdir. Son vaxtlar baş verən bütün bu təxribatlara görə məsuliyyət, şübhəsiz ki, Azərbaycan ərazilə­rində qanunsuz hərbi mövcudluğunu yaşa­dan, separatizmi təşviq edən və reinteqrasiya səylərinə qarşı cəbhə açan məğlub işğalçı ölkənin və onun rəhbərliyinin üzərinə düşür.

V.BAYRAMOV, XQ

Siyasət