Avropa İttifaqı Şurasının dolaşıq bəyanatına dair yeddi məqam

post-img

Qarabağda humanitar vəziyyət sürətlə pisləşir və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel yerli əhalinin ehtiyaclarını ödəmək üçün addımlar atmağı zəruri sayır. Bu fikrin yer aldığı bəyanatı son illər Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə aktiv vasitəçilik missiyası həyata keçirən Aİ Şurasının mətbuat xidməti yayıb. 

Bəyanatda qeyd olunur ki, Aİ Şurasının prezidenti tərəflərlə Laçın dəhlizinin və Ağdam yolunun açılmasını, eləcə də hər bir yol üçün tədarükün detalları­nı müzakirə edib. Həmçinin Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndə­si Toivo Klaar da Azərbaycan–Ermənistan münasibətlərinin inkişafı prosesini dəstəkləyib. Konkret olaraq, T.Klaar və prezident Mişelin komandası Laçın yolu ilə bağlı durumun aradan qaldırılması yollarını müəyənləşdirmək məqsədilə Bakı, İrəvan və Xankəndi ilə tez-tez əlaqə saxlayıb. Ancaq mövcud humanitar vəziyyət sürətlə pisləşir. Yerli əhalinin ehtiyaclarını ödəmək üçün tədbirlərin gö­rülməsi çox vacibdir.

Bəyanatda o da deyilir ki, Aİ Şurasının prezidenti “Laçın dəhlizinin tam is­tismarı və Ağdam marşrutunun açılması ardıcıllığını əks etdirəcək” mərhələli yanaşma təklif edib. Habelə, addımların ardıcıllığı və marşrutların hər birindən daşınacaq yükün növü, eləcə də sonrakı prosedurlar son müzakirələrin diqqət mərkəzində olub: “Aİ qəti şəkildə inanır ki, Laçın dəhlizi keçmiş razılaşma­lara və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun olaraq açılmalıdır və qeyd edir ki, Ağdam yolunun tədarük üçün istifadəsi də təcili problemlərin, gündəlik ehtiyacların aradan qaldırılması naminə konkret və davamlı həllin bir hissəsi ola bilər. Bu elementlərin müzakirəsi Azərbaycan və Ermənistan lider­lərinin 2023-cü il iyulun 15-də Brüsseldə keçirilmiş sonuncu görüşündən sonra başlayıb”.

Aİ Şurası Bakının Qarabağ ermənilərinə Laçın dəhlizi vasitəsilə Ermənistana qayıdış və Ermənistandan qayıtma prosedurları ilə bağlı aydın anlayış verməsinin vacibliyini vurğulayıb. Paralel olaraq, təmaslar həm də Qarabağ ermənilərinin elektrik enerjisi və qaz təchizatının tez bir zamanda bərpasına yönəldilib. 

Qurumdan o da bildirilib ki, tərəflərlə təmaslar zamanı uzunmüddətli dayanıqlı həllə töhfə vermək üçün münaqişənin mira­sını aradan qaldırmağın zəririliyinə diqqət yönəldilib. “Bununla bağlı Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin nümayəndələri arasında dialoq mühüm əhəmiyyət kəsb edəcək. Qarabağ er­mənilərinin hüquqları və təhlükəsizliyi təmin edilməli, konkret metodların müzakirəsinə tezliklə başlanılmalıdır. Eyni zamanda, Bakı və Qarabağ erməniləri arasında dialoqun eti­madı və etibarlılığını gücləndirmək lazımdır. Bu məqsədlə Aİ Şurası prosesə beynəlxalq dəstək, eləcə də həyata keçirilməsinə kömək məqsədilə, o cümlədən yerlərdə iştirakçılıqla əlaqədar müxtəlif təkliflər təqdim edib”, – deyə məlumatda bu kimi məqamların razılaş­dırıldığı da önə çəkilib.

Avropa İttifaqı Şurası prezidentinin nü­mayəndəliyi onu da bildirib ki, yuxarıda göstərilən səylərin hamısının bir məqsədi var - Bakı ilə İrəvan arasında münasibətlərin bütün yerli əhalinin mənafeyi naminə dön­məz həllini təmin etmək. “Hazırkı eskalasiya fonunda cəsarətli kompromislərin vaxtıdır” – kimi fikirlərin yer aldığı bəyanat mətnində Ş.Mişelin nümayəndəliyi vurğulayır ki, möv­cud vəziyyətin həlli üçün Aİ Şurası müxtəlif beynəlxalq oyunçularla əlaqə saxlayıb.

Bəyanatın mətni ilə bağlı fikirlərimiz:

Birincisi, Aİ Şurasının prezidenti Azər­baycan və Ermənistan arasında gərginliyi görür və onun aradan qaldırılmasına çalışır. Yəni, Ş.Mişel vəziyyətin eskalasiya həddinə çatmasından əndişə duyur. Narahatlıq nor­maldır.

İkincisi, Şarl Mişel ümumi ermənipərəst ritorikanın ayrı-ayrı seqmentlərini də təkrar­layır ki, bu da yolverilməzdir. Həm də ona görə ki, belə yanaşma Ermənistan üçün illü­ziya yaradır.

Üçüncüsü, prezident Mişel Laçın dəhli­zi məntiqinə qarşılıq Ağdam-Xankəndi yolu məntiqini də gərgin durumun tənzimlənməsi yolunda, belə demək mümkünsə, ehkamlaş­dırmaq yolunu tutur. Bu, müsbət, daha dəqiq desək, ədalətli yanaşmadır. 

Dördüncüsü, Ş.Mişelin nümayəndəliyi Azərbaycan–Ermənistan məsələsi müstəvi­sindəki terminlərin və adların istifadəsinə ehtiyatlı yanaşır. Bu da kifayət qədər vacib məqamdır və digərləri üçün nümunəyə çev­rilməlidir.

Beşincisi, Aİ Şurasının prezidenti Qara­bağın erməni əhalisinin Ermənistana gediş və Ermənistandan gəliş məsələsini xüsusiləşdirir. Belə yanaşma tamamilə yolverilməzdir. Qara­bağ erməniləri üçün yalnız mənəvi anlam əhə­miyyəti daşıya biləcək Ermənistan Respub­likasına gedib-gəlmək, heç bir halda hüquqi prosedur üçün vasitəyə çevrilməməlidir. 

Sadə misal çəkək: Azərbaycan Gürcüs­tandan tələb edə bilməz ki, Borçalıda yaşa­yan soydaşlarımız üçün ayrıca gediş-gəliş mexanizmi işləyib hazırlasın. Bunu nə Aİ Şu­rası, nə də digər beynəlxalq institutlar da Tbi­lisi qarşısında öhdəlik olaraq müəyyənləşdir­mək səlahiyyətindədir. Beynəlxalq hüquq və yanaşma var. Eyni yanaşma Qarabağ ermə­nilərinə, daha doğrusu, onların Ermənistana gediş-gəlişinə də şamildir. Mişelin komanda­sının baxışı Qarabağ ermənilərinə xüsusi im­tiyaz qazandırır. Mövcud istiqamətdə hansısa “yenilik” separatçılıq üçün əsasdır. Bu, tam yolverilməzdir.

Altıncısı, Ş.Mişelin komandası düzgün vurğulayır ki, qarşılıqlı inam ab-havası əsas­dır. Ancaq bu vaciblik Qarabağ erməniləri ilə Bakı arasındakı etimad mühiti kimi götürül­məməlidir. Məsələnin xüsusiləşməsi o demək olur ki, sözügedən mühit üçün mexanizmlər işlənilməlidir. Belə mexanizmlərin mövcud­luğu da separatizm üçün perspektiv forma­laşdırır. 

Yeddincisi, Aİ Şurası prezidentinin nü­mayəndəliyinin bəyanatını təzadlı saymaq mümkündür. Bəyanatda yuxarıda göstərilən bir sıra məqamlar sadalanır. Vurğuladığımız kimi, onların bəziləri yolverilməzdir. Sonda isə bildirilir ki, bütün bunlar Bakı-İrəvan mü­nasibətlərinin tənzimlənməsi naminədir. Axı, Ş.Mişelin sözügedən tənzimləmə ilə bağlı öz yanaşmaları var idi. Həmin yanaşmalarda bu qədər mənasız və heç bir ehtiyac duyulma­yan, bəzən anlaşılmayan “incəliklər” nəzərdə tutulmamışdı.

XQ-nin analitik qrupu



Siyasət