G7 ölkələrinin Yaponiyanın Hiroşima şəhərində keçirilən sammiti öz işini başa çatdırıb. “The New York Times” qəzeti sammitin bəzi pərdəarxası məqamlarını oxucuların diqqətinə çatdırıb. “Pərdəarxası: G7 ölkələri iqlim üzrə iddialı öhdəliklərlə bağlı mübahisə edir” sərlövhəli məqalədə qeyd olunub ki, dünyanın ən böyük sənayeləşmiş demokratik ölkələri dörddə bir əsrdən bir qədər çox müddət ərzində qalıq yanacaqlardan istifadəni dayandırmağa və mümkün qədər tez günəş və külək kimi yeni enerji mənbələrinə keçməyə razılaşıblar.
7-lik qrupunun liderləri həftə sonu Yaponiyanın Xirosima şəhərində toplaşarkən, bəzi ölkələr ən pis hadisələrin qarşısını almaq məqsədilə qaz və kömür kimi karbon emissiya edən yanacaqların istifadəsini mərhələli şəkildə ləğv etmək üçün öhdəlikləri yumşaltmaq barədə mübahisə ediblər. Məqalədə qeyd edilir ki, pərdəarxası döyüşdə bir çox G7 dövlətinin trilyonlarla dollarlıq hökumət təşviqləri ilə qlobal enerji keçidini sürətləndirməyə çalışarkən siyasi, iqtisadi və praktiki çətinliklərlə qarşılaşdıqları bildirilib.
Ukraynanın işğalından əziyyət çəkən Avropa ölkələri işıqları yandırmaq üçün təbii qaz mənbələrini tez bir zamanda təmin etməyə çalışırlar. Eyni zamanda, Yaponiya və hətta müəyyən dərəcədə Amerika Birləşmiş Ştatları kimi ölkələr öz daxilində və ya xaricdə qalıq yanacaq sənayesinə uzunmüddətli investisiyaları qorumağa çalışırlar.
Birləşmiş Ştatlar və onun müttəfiqləri keçən il ərzində külək və günəş enerjisi, elektrik nəqliyyat vasitələri, enerji səmərəliliyinə kömək etmək üçün texnologiya və istixana qazı emissiyalarını, həmçinin qlobal temperatur artımını azaltmaq, nəzərdə tutulan digər tədbirlərə sərmayələri stimullaşdırmaq üçün sürətlə hərəkət etdilər. Eyni zamanda, onlar həm Avropada elektrik enerjisi böhranının qarşısını almaq, həm də bütün dünyada benzinin qiymətini aşağı salmaq üçün qalıq yanacaqların qlobal bazarlara axmasını saxlamaq məqsədilə rəsmilərin müvəqqəti, lakin mühüm adlandırdıqları tədbirləri həyata keçiriblər.
İngiltərə və Fransa Almaniyanın səyləri ilə mübarizə apardılar. Bayden Administrasiyası prezidentin öz iddialı iqlim dəyişikliyi gündəmini müdafiə etmək və ABŞ-ın digər müttəfiqlərinə onların qalıq yanacaqlara çıxışını artırmaq niyyətində olan yardım arasında qalıb.
İrlandiyanın keçmiş prezidenti Mary Robinson, “G7 1,5 dərəcə Selsi həddini necə canlı saxlamaq və təmiz enerjiyə qlobal keçidə təkan vermək niyyətlərini açıq şəkildə ifadə etməlidir. İqlim böhranı üzərimizdədir” -deyərək həyacanını ört-basdır edə bilməyib.
Britaniya və Fransa dərhal enerji böhranının keçdiyini və Avropanın bu qış potensial elektrik çatışmazlığının qarşısının alındığını iddia ediblər. Almaniya artıq ilk mayeləşdirilmiş təbii qaz terminalını tikib və bunun sayını artırmağa ümid edir.
Yaponiya da təbii qazın gələcək inkişafında maraqlı olduğunu bildirib. Məlumdur ki, Yaponiya enerjisinin, təxminən, 30 faizini kömürdən alır. Bu da ətraf mühüitin korlanmasına təsir edir. Bir ay əvvəl Yaponiyanın Sapporo şəhərində 7-lik qrupunun ətraf mühit nazirlərinin görüşü zamanı yapon nümayəndələrini Asiyada qaz yataqlarının işlənməsinə əlavə sərmayə qoymağa icazə verməyə məcbur etdilər.
Qəzet yazır ki, G7-lik “təmiz enerji iqtisadiyyatı fəaliyyət planı”nda “hər ölkənin enerji vəziyyətinə, sənaye və sosial strukturlarına və coğrafi şəraitə görə müxtəlif yolların olduğunu” etiraf etdi.
Hazırladı:
Ə.BƏDƏLOV, “Xalq qəzeti”

