Mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkilərində altımış milyona yaxın insan iştirak edib. Səsvermə hüququ olan vətəndaşların doxsan faizə yaxını seçkilərə qatılıb. Bu, nəinki qardaş ölkənin, bütövülkdə çağdaş dünyanın demokratik ölkələrinin tarixində görünməmiş bir hadisədir.
Bakı Dövlət Universitetinin Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov hesab edir ki, Türkiyə 14 mayda bütün dünyaya demokratiya dərsi keçib: “Dostlar sevindilər, rəqiblər və düşmənlər məyus oldular, Türkiyənin seçkilərdə möhtəşəm perfomansı heç də təsadüfi sayılmamalıdır. Belə ki, türk xalqı zəngin dövlət və dövlətçilik ənənələri olan bir toplumdur”.
Professor R.Rüstəmov əmindir ki, seçkilərin ikinci turunda da Türkiyə vətəndaşları yüksək fəallıq göstərərək öz vətəndaşlıq borclarını yerinə yetirəcəklər. Çünki seçkilərin nəticələri bütün türk dünyası üçün həyati əhəmiyyət kəsb edir. Türkiyə güclü və qüdrətli olarsa, Böyük Turan da yenilməz olacaq! Qardaş ölkə bunun fərqindədir.
Seçkilərin ikinci turu da gərgin siyasi mübarizə şəraitində keçəcək. Yeri gəlmişkən, Prezident Rəcəb Tayyib Ərdoğan öz rəsmi “Twitter” hesabındakı paylaşımında qeyd edib ki, 28 may tarixində keçiriləcək prezident seçkilərinin ikinci turunda “millətimizin iradəsi və dəstəyi sayəsində rekord göstərici ilə qalib gələcəyik”.
Dövlət başçısı həmçinin vurğulayıb ki, “millətimiz 14 may tarixində 323 millət vəkili ilə parlamentdə çoxluğu “Cümhur İttifaqı”na verərək, əslində, öz iradəsini nümayiş etdirdi. Prezidentlikdə isə 49,5 faiz səslə 27 milyondan çox vətəndaşımız seçkilərdə bizə üstünlük verdi”.
Xatırladaq ki, mayın 14-də Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50 faiz, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 faiz, Ata İttifaqının namizədi Sinan Oğan 5,17 faiz, Məmləkət Partiyasının namizədi Məhərrəm İncə (səsvermə gününə üç gün qalmış öz namizədliyinin geri götürüb-müəllif) isə 0,44 faiz səs toplayıblar.
Mövcud qanunvericiliyə görə, prezident seçkilərində heç bir namizəd 50 faizdən çox səs toplamadığı üçün mayın 28-də seçkilərin ikinci turu keçiriləcək. Bu mərhələdə artıq iki namizəd—R.T.Ərdoğan və K.Kılıçdaroğlu mübarizə aparır. Bəzi analitiklər qeyd edirlər ki, Türkiyəni diktaturada günahlandıranlar indi utanırlar. Belə ki, diktatorlar ikinci tura qalmırlar.
Bəli, türk xalqı azad və ədalətli seçkilər arzulayır və bunu bacarır. Hər şeyi xalqın iradəsi həll edir. Heç bir yad qüvvə Türkiyəyə təsir və təzyiq göstərə bilməz!
Bugünlərdə prezidentliyə namizədlər seçicilərlə görüşür, bir daha öz proqramlarını izah edir, tərəfdarlarını ikinci turda da fəal olmağa çağırırlar. Bununla bərabər, bir çox seçki texnoloqları ikinci turda seçici fəallığının 14 mayda olduğundan, təxminən, səkkiz-on faiz aşağı olacağını ehtimal edir.
Ölkə mediasında isə Ata İttifaqından namizəd olan Sinan Oğanın tərəfdarlarının ikinci turda hansı namizədə səs verəcəyi ilə bağlı müzakirələr səngimək bilmir. Məlum olduğu kimi, S.Oğan millətçi siyasətçi kimi tanınır və onun elektoratı əsasən ölkədə son illər qaçqınların sayının kəskin surətdə artmasından narahatdır.
Bunu nəzərə alaraq prezidentliyə namizədlər və onların komandaları qaçqınların taleyi ilə bağlı mövqelərini açıqlamağı özlərinə borc bilirlər. Dünən xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, “Türkiyəyə gəlmiş çoxlu sayda Əfqanıstan sakinini vətəninə göndərdik, “Taliban” hakimiyyətə gəldikdən sonra da təyyarələrlə göndəririk”.
M.Çavuşoğlu sonra deyib ki, suriyalı miqrantlar Türkiyəyə vətəndaş müharibəsi səbəbilə gəliblər. 550 min suriyalı miqrant ölkəsinə geri göndərilib. XİN rəhbəri bununla yanaşı, həmin rəqəmin kifayət etmədiyini və daha çox miqrantın ölkəsinə göndəriləcəyini vurğulayıb: “Onları təkcə təhlükəsiz bölgələrə deyil, rejimin nəzarətində olan yerlərə də göndərməliyik. Yəni, gəldikləri şəhərlərə”.
Nazir mühacirlərin təhlükəsiz qayıtması və infrastrukturun hazırlanması üçün “yol xəritəsi” üzərində çalışdıqlarını da deyib: “Miqrantlar geri dönəcəklər, onları geri qaytaracağıq, amma bunu insan ləyaqətinə yaraşan şəkildə etməliyik”.
M.Çavuşoğlu həmçinin Türkiyədəki suriyalı kürdlərin terrorun olduğu yerə qayıtmaq istəmədiyini, terror təşkilatı PKK-nın zülmü ilə üzləşdiklərini bildirib.
Yeri gəlmişkən, mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi davam edir. “TRT Haber” xəbər verir ki, xarici nümayəndəlik və sərhəd məntəqələrində səsvermə prosesində iştirak edən Türkiyə vətəndaşlarının sayı 1 milyonu keçib. Xaricdəki nümayəndəliklərdə səsvermə prosesi mayın 24-də başa çatacaq.
Dünən ATA İttifaqının Türkiyə prezidenti postuna namizədi olmuş Sinan Oğan ikinci turla bağlı qərarını açıqlayıb. Bununla bağlı mətbuat konfransı keçirən Oğan seçkilərin ikinci turunda Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bəyan edib. O, tərəfdarlarını Ərdoğana səs verməyə çağırıb. Bundan əlavə, Türk Dövlətləri Təşkilatının gücləndirilməli olduğunu deyib.
Əlavə edək ki, ATA İttifaqına daxil olan Ədalət Partiyası CHP lideri Kamal Kılıçdaroğlunu dəstəkləyib, Zəfər Partiyası isə qərarını bu gün açıqlayacaq.
Türkiyədə seçkilərin ikinci turuna cəmi beş gün qalır. Qəlbən inanır və çox ümid edirik ki, müdrik türk xalqı bu dəfə də ən doğru seçimini edəcək. Xeyirlisi olsun, əziz Türkiyə!
M.HACIXANLI, “Xalq qəzeti”

