Ekofəallarımızın keçirdiyi aksiya nəticəsində təbii sərvətlərimizin Laçın-Xankəndi yolu ilə daşınmasının qarşısı alınıb. Ermənilər bu aksiya səbəbindən həmin yoldan istədikləri kimi istifadə edə bilmirlər. Amma buna baxmayaraq, təəssüf ki, yenə də mənfur əməllərindən əl çəkmirlər.
Ermənistan 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməkdən imtina edir. Bu isə Azərbaycanı adekvat, öz suveren ərazisində təhlükəsizliyin təmini üçün ciddi addımlar atmaq məcburiyyəti qarşısında qoyur. Rusiya sülhməramlıları qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasını təmin etməli, erməni təxribatlarına qarşı sərt mövqe nümayiş etdirməlidir.
Rəsmi Bakının Qarabağda erməni təxribatına Müdafiə Nazirliyi tərəfindən hərbi, Xarici İşlər Nazirliyin tərəfindən siyasi müstəvidə, eləcə də Ombudsmanın verdiyi bəyanat Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulmasının, qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasının vacibliyini ortaya qoymuş olur.
Nəzərə alsaq ki, Xocalı görüşü erməni əhalisinin Azərbaycana inteqrasiyası məsələsində ilk gediş idi, separatçılar bu görüşü “bizi tərəf kimi qəbul edirlər” formasında tirajladılar. Beynəlxalq ictimaiyyət isə bu görüşü “erməni əhalisi ilə Bakının təması” saydı.
Ekoaksiya dünya mətbuatının və beynəlxalq siyasətçilərin də diqqət mərkəzindədir. Belə ki, Əlcəzairin “Əl Hərir” portalı xarici jurnalistlərin işğaldan azad olunmuş ərazilərimizə səfəri barədə xəbərlər dərc edib. Xəbər portalı xarici jurnalistlərin Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan aksiya yerinə gəlmələri barədə xəbər və fotoşəkillər yerləşdirib. Xəbərdə qeyd olunub ki, ekoaksiyanın gedişi barədə məlumatlandırılan əcnəbi media nümayəndələri aksiyadan reportajlar hazırlayıblar. Onlar eyni zamanda, Rusiya sülhməramlılarına məxsus avtomobillərin Laçın-Xankəndi yolundan keçidini də izləyiblər. Oxucuların diqqətinə çatdırılıb ki, xarici jurnalistlər etirazçıların toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə olmadığını, yolun humanitar məqsədlər üçün tam açıq olduğunu müşahidə ediblər.
Azərbaycanla bağlı mütəmadi açıqlamaları ilə gündəmə gələn İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara ABŞ-ın geniş oxucu kütləsinə malik populyar nəşri “Jewish Press”ə Laçın-Xankəndi yolunda gedən proseslərdən danışıb. O, Laçın yolunda etiraz aksiyası keçirən azərbaycanlı ekofəallar ilə həmrəy olduğunu vurğulayıb. Politoloq bunu onunla izah edib ki, təmiz ətraf mühit hüququ və millətin öz təbii sərvətlərindən ekoloji cəhətdən təmiz şəkildə istifadə etmək imkanı hazırda Ermənistan tərəfindən Azərbaycana münasibətdə kobud şəkildə pozulan əsas insan hüququdur. Bu səbəbdən o, Azərbaycanın Ermənistana qarşı başladılan arbitraj prosesinin Enerji Xartiyası Müqaviləsinə uyğun aparılmasını dəstəkləyir. Belə ki, beynəlxalq hüquqa əsasən, Ermənistan Azərbaycanın Qarabağ iqtisadi rayonunda enerji resurslarına çıxışına yol verməməklə və onun enerji resurslarını öz maraqları naminə istismar etməklə həmin sənədin çoxsaylı müddəalarını, eləcə də beynəlxalq hüququn digər prinsiplərini pozub, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə aşkar saymamazlıqla müşayiət olunan otuzillik işğal zamanı Azərbaycanı öz enerji ehtiyatlarını genişləndirmək hüququndan məhrum edib.
İsrailli siyasətçi təəssüflə bildirib ki, Almaniyanın Xarici işlər naziri kimi bəzi şəxslər Ermənistanın bu münaqişədə təcavüzkar olduğunu anlamaqdan imtina edirlər. Onlar Azərbaycanı Laçın yolu boyu etiraz aksiyası keçirməkdə və nəqliyyatın qarşısını almaqda ittiham edir, bunu “humanitar fəlakət”, hətta “soyqırımı” adlandırırlar. A.Kara sözügedən etirazların bu formada qələmə verilməsini ciddi təhqir hesab edib.
Ermənistan tərəfindən 30 illik işğal dövründə Azərbaycan əraziləri ekoloji soyqırımına məruz qalıb. Bu da biomüxtəlifliyə ciddi ziyan vurub. Hazırda Azərbaycan həmin ərazilərdə biomüxtəlifliyin qorunması üçün ciddi tədbirlər həyata keçirir. Bu gün biomüxtəliflik Azərbaycan üçün aktual məsələlərdən biridir.
Rizvan FIKRƏTOĞLU, “Xalq qəzeti”

