Mənim fikrim Azərbaycan xalqının fikrindən fərqlənmir. Biz həqiqəti deməliyik. Məsələnin gün işığı kimi aydın olduğu halda, biz siyasi korrektlik naminə bunun əksini söyləyə bilmərik. Əgər Minsk qrupunun həmsədrləri – dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi.
Prezident İlham Əliyevin Brüsseldə İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibədən
Sərlövhəyə çıxartdığımız bu tezis, əslində, yeni məsələ deyil. Ancaq yeni yanaşma tələb edir. Çünki beynəlxalq aləmdəki ictimai-siyasi proseslər xəbər agentliklərinin manşetlərindən də sürətlə dəyişir. Qələmə almaq istədiyimiz mövzunun Azərbaycanın gündəliyində daimi yer tutmasına gəlincə isə, yada salınmalı ilk məqam ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında, hələ Ali Sovetin Sədri işləyərkən dediyi fikirlərdir. Ümummilli lider o zaman demişdi ki, biz ədalətin bərqərar olunduğu qüdrətli Azərbaycan dövləti yaradacaq, eləcə də, beynəlxalq hüququn təməl prinsiplərinə söykənərək, regionumuzda və dünyada ədalətin təmin edilməsinə öz töhfəmizi verəcəyik.
Geridə qalan illər sübut etdi ki, milli dövlətçiliyimizin xilaskarı və müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndərin həmin tezisləri nəinki ölkəmizdə icra edilir, həm də beynəlxalq aləmdə özünəməxsus dəstək qazanır. İşğala məruz qalmış, ərazilərinin 20 faizi düşmən tapdağında olan Azərbaycan dövləti göz qabağında olan həmin ədalətsizliyə qarşı sülh yolu ilə mübarizə apararkən regionda ədalətin bərpasına çalışırdısa, 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda törədilmiş dəhşətli terror aktından dərhal sonra yaradılan beynəlxalq koalisiyaya qoşulanda dünyada ədalətin qorunmasına səs vermişdi.
Biz, mətbuat üzərindən senzuranı götürəndə, ölüm hökmünü ləğv edəndə və Seçki Məcəlləmizi aparıcı Avropa dövlətlərinin müvafiq qanunları əsasında yenidən tərtib edəndə ölkəmizdə gedən qüdrətli dövlət yaradılması prosesini sürətləndirmək istəmişdik. 2020-ci ilin payızında – 44 günlük müharibə ilə BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış məlum qətnamələrini təkbaşına icra etməklə isə həmin beynəlxalq təşkilatın nüfuzunu bərpa etmiş, dünyada ədalət uğrunda çarpışanların mübarizəsinə özünəməxsus töhfələr vermişdik.
Heydər Əliyev Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının müştərək işlənilməsi məqsədilə “Əsrin müqaviləsi” adlı möhtəşəm layihəni hazırlayanda regionda marağı olan bütün dövlətlərin mənafeyini nəzərə almaqla ədalətli qərar qəbul etmişdisə, Prezident İlham Əliyev Şərq və Qərb mədəniyyətlərini bir masa ətrafına gətirən “Bakı prosesi”nin təməlini qoymaqla bütöv Avrasiyada əmin-amanlıq yaradılmasına xidmət etmişdi.
Bütün bunlar müstəqil Azərbaycanın son onilliklərdə yaratdığı yeni reallıqlardır. Ancaq Azərbaycan Prezidentinin son bir neçə ildə həyata keçirdiyi layihələr, atdığı addımlar, nümayiş etdirdiyi qətiyyət və prinsipiallıqlar ən yeni tariximizin möhtəşəm səhifələridir. Məsələn, dövlət başçımız 27 il Ermənistanın işğalçılıq siyasətini gizli yolla dəstəkləyən keçmiş Minsk qrupunu dəfn edəndə də, dünya erməniliyinin Cənubi Qafqazda yaratdığı status-kvonu “gorbagor” edəndə də Azərbaycanın qüdrətli dövlət olduğunu sübut etmişdir.
Eləcə də, dövlət başçımız sərhəd baxımından yaxın olan qonşularımızla, türkdilli və Xəzəryanı ölkələrlə, müsəlman dövlətləri, ən başlıcası, 120 dövləti öz sıralarında birləşdirən Qoşulmama Hərəkatı ölkələri ilə əməkdaşlığın ən müasir yollarını seçməklə Azərbaycanın qüdrətini qat-qat artırır. Onun dünyadakı bəzi siyasi dairələrin yol verdiyi peyvənd millətçiliyinə qarşı çıxması, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması təklifini dönə-dönə dilə gətirməsi, həmin qurumda Afrikanın təmsil olunmasını tələb etməsi bir türk liderinin dünyanı ədalətli görmək istəyidir.
Prezident İlham Əliyev bu il martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID –19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışında bu məsələlərin hamısını növbəti dəfə dilə gətirmişdir: “ BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik”.
O da həqiqətdir ki, Prezident İlham Əliyevin qətiyyəti və belə demək mümkünsə, hamı üçün çalışması təkcə onun şəxsi nüfuzunu artırmır, həm də beynəlxalq aləmdə Azərbaycana olan inam və etimadın yüksəlməsinə səbəb olur. Sevindirici haldır ki, dövlət başçımızın bütün mütərəqqi addımları dərhal beynəlxalq aləmdə özünəməxsus dəstək qazanır. İnanırıq ki, həmin dəstək bundan sonrakı problemlərimizin həllində də – sərhədlərin delimitasiya və demarkasiyası prosesində, Qarabağ iqtisadi rayonumuzun erməni silahlılarından tam təmizlənməsi, sülh müqaviləsinin imzalanması məsələlərində də bizə kömək olacaqdır.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

