Keçmiş Sovet dövrünün məşhur cizgi filmlərindən birindən götürülmə və sonradan, zərb-məsələ çevrilmiş deyim var: mən qorxaq deyiləm, amma qorxuram. Azərbaycan Müdafiə Nazirliyinin martın 6-da yaydığı bəyanata Ermənistan cəmiyyətində, eləcə də separatçı rejimdə verilən reaksiyalar, məhz, həmin deyimi xatırladır. Ermənistan siyasiləri, eləcə də, separatçılar həm qorxmadıqlarını bildirirlər, həm də qorxduqları aşkar görünür.
Ölkəmizin Müdafiə Nazirliyinin məlumatı Rusiya Müdafiə Nazirliyinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletendə faktların təhrifinə, həqiqəti əks etdirməyən fikirlərin yer almasına etiraz motivlərini özündə birləşdirməklə yanaşı, Azərbaycan ərazisindəki qanunsuz erməni hərbi birləşmələrinə qarşı tədbirlərin görüləcəyinə dair xəbərdarlıq mahiyyəti daşımışdı. “Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin göndərilməsinə və rotasiyasına dərhal və birdəfəlik son qoyulmalı, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır. Əks təqdirdə Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır”, – fikirlərinin əksini tapdığı məlumatın sonunda əsas vurğu buna qoyulur: “Baş vermiş hadisələr və Ermənistanın ölkəmizin suveren ərazilərinə qanunsuz hərbi daşımaları davam etdirməsi Azərbaycan ərazisində olan Laçın yolunda nəzarət rejiminin təmin edilməsinin zəruriliyini bir daha təsbit edir”.
Əlbəttə, Laçın yolunda nəzarət rejiminin tətbiqi mütləqdir. Bunu qaçılmaz edən yalnız 5 mart təxribatı deyil. Əvvəllər də analoji hallar yaşanmışdı. Proseslər ona doğru gedirdi. Ermənistan hakimiyyəti başqa çıxış yolu qoymurdu. Elə indi də öz “ampluasındadır”. Ötən iki ildən artıq müddətin mənzərəsi göstərir ki, qorxaqlar, guya, qorxmadıqlarını göstərib təxribatlar törədir, nəticədə ya mülki şəxslərimiz, ya da hərbçilərimiz həyatlarını itirirlər. Nəzərə alsaq ki, ötən müddətdə Qarabağ ərazisinə minalar daşınıb, o zaman itkilərimizin bundan sonra da artacağını düşünməyə əsas var. Deməli, sərt tədbirlər görülməsinin də vaxtıdır. Bunu Ermənistan siyasiləri yetərincə dərk edirlər. Dediyimiz kimi, onların əndişəyə düşdükləri aşkardır. Sadəcə, tipik erməni xəstəliyinin təsiri ilə düzgün adekvat addımlar atmır, siyasi isteriyanı gücləndirirlər. Bəli, hazırda Azərbaycanın Müdafiə Nazirliyinin məlumatının xəbərdarlıq motivi Ermənistanda və Qarabağdakı separatçı rejim daxilində isterik vəziyyət doğurub.
Əvvəla, ondan başlayaq ki, qondarma rejimin rəhbəri Arayik Arutyunyan martın 6-da bölgənin erməni siyasi qüvvələrini və yerli idarəçilikdə təmsil olunanları bir yerə toplayaraq, “Təhlükəsizlik Şurasının” genişləndirilmiş iclasını keçirib. İclasda Azərbaycan MN-nin ultimatum olaraq qiymətləndirilən xəbərdarlığı müzakirə olunub. Arutyunyan bildirib ki, martın 1-də Rusiya sülhməramlı kontingentinin qərargahında azərbaycanlı nümayəndələrlə keçirilmiş görüşdə erməniləri təmsil edən nümayəndə Azərbaycan tərəfindən irəli sürülmüş inteqrasiya məntiqinə, yəni Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası məsələsinə etirazını bildirib.
Əlbəttə, həmin danışıqların detalları Azərbaycan tərəfindən açıqlanmayıb, yalnız ümumi məsələlər üzərində dayanılıb. Cəmiyyətimizə açıqlanan dialoq mühitinin pozitiv ovqatıdır. Heç şübhəsiz, bunun özü də qarşı tərəfə düşünmək şansı verməkdir. Ancaq Arayikin açıqlaması göstərir ki, erməni anlayışındakı şans separatçılıq üçün perspektiv yaratmaqdan başqa bir şey deyil: “Cənab Şahramanyan (Görüşdə Qarabağ ermənilərini nümayəndə heyətinə başçılıq edən şəxs. Separatçı rejimdə “Təhlükəsizlik Şurasının” katibi Samvel Şahramanyan - red.) bunun qarşısını aldı və dedi ki, əgər siyasi məsələlər müzakirə edilirsə, bu, ancaq Qarabağın müstəqilliyinin Azərbaycan tərəfindən tanınması olmalıdır”.
A.Arutyunyanın növbəti fikirləri də Qarabağ ermənilərinin ölkəmizə inteqrasiyası ilə bağlı Azərbaycan tərəfinin gözləntilərinə, tamamilə, ziddir. Baş separatçının sözlərindən hasil olan qənaət budur ki, onun düşüncəsində haqqında söz açdığımız inteqrasiya məsələsi yalnız bölgənin sosial problemlərinin həlli üzərindədir. Təxminən belə: Azərbaycan bizi dolandırsın, biz Qarabağa müstəqillik məsələsini qabartmayaq, ancaq ondan geri də durmayaq. Yəni, qeyri-müəyyənlik davam etsin, separatçılar da özlərini 30 ilə yaxın müddətdə apardıqları kimi müstəqil aparsınlar, Laçın yolundan rahatca hara istəyirlər gedib-gəlsinlər, bölgəyə silah-sursat daşısınlar və güclənəndə yenidən işğalçılıq niyyətlərinə qayıtsınlar. O da görünür, separatçı rejimdə elə bilirlərmiş ki, Bakının hazırkı dialoq yanaşması, ölkəmizin Qərbin bəzi dairələrinin bölgədə humanitar böhran yarandığına dair fikirlərindən çəkinməyinin nəticəsidir. Halbuki, heç də belə deyil. Dövlətimiz hər zaman bəyan edib ki, Qarabağ erməniləri də Azərbaycan vətəndaşlarıdır. Təbii ki, bunu istəsələr. İstəməsələr, Laçın yolu ərazini tərk etmək üçün açıqdır. Ancaq hazırkı durumdan bu nəticəyə gəlirik ki, bölgədə yaşamaq istəməyənlər asfalt deyil, torpaq yolu seçiblər...
Əlbəttə, məsələnin Ermənistan və onun dəstəklədiyi separatçı rejim tərəfindən indiki dərk forması ölkəmizi razı sala bilməz. Bunu A.Arutyunyan da bildirir. Separatçıbaşının sözlərinə görə, onlara müəyyən kanallar vasitəsilə Bakının mövqeyi çatdırılıb. Mövqe isə budur ki, ya Qarabağın ermənilər yaşayan hissəsi Azərbaycana inteqrasiya olacaq, ya da mövcud problemlər həllini tapmayacaq, əksinə, daha sərt və daha kəskin addımlar atılacaqdır. Arutyunyan təklifimizi artıq rədd etdiklərini deyib və əlavə edib ki, bu, təkcə “Təhlükəsizlik Şurasının” qərarı deyil, həm də “xalqımızın böyük əksəriyyətinin müstəqillik hüququmuzdan dönməyəcəyimizə dair razılığı və özünüidarə istəyidir”.
Göründüyü kimi, separatçı rejim, necə deyərlər, odla oynamaq barədə qərar verib və heç şübhəsiz ki, bu qərar İrəvandan qaynaqlanmaqdadır. Elə bu səbəbdən Ermənistan siyasiləri artan gərginliyin silahlı qarşıdurmaya çevrilmək təhlükəsini qabardırlar. Azərbaycan üçün başqa çıxış yolu qoymadıqlarının yaxşı fərqindədirlər. Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan da özünün şüvən ritorikası ilə bu fikirdə olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Azərbaycan yeni təxribat hazırlayır, hazırkı durumda beynəlxalq birlik Ermənistana və Qarabağa hücumların qarşısını almalıdır. Marukyan 5 mart insidentini təcavüzün xəbərdarlığı qismində gördüyünü açıqlayıb.
Bəli, erməni siyasilər ölkə rəsmilərinin apardıqları siyasətin bıçağı sümüyə dirəndiyini anlayırlar. Görünür, buna qəsdən gedirlər. Elə hesab edirlər ki, baş nazir Nikol Paşinyan iqtidarının Qərbyönümlü siyasətinin artan fazası hər cür həyasızlığın cavabsız qalacağının təminat faktorudur. Çox güman ki, 5 mart təxribatı da arxayınlıqdan irəli gəlib. Buna görə Azərbaycanın dialoq məntiqini əhəmiyyətini azaltmaq yolu tuturlar. Belə mövqedə olanlardan biri də politoloq Tiqran Abramyandır. O bildirir ki, “Bakı dialoq aparmır, sadəcə olaraq, öz tələblərinin yerinə yetirilməsinə çalışır. Onlardan biri Laçın dəhlizində keçid məntəqəsinin yaradılmasıdır. Məhz bu məqsədlə Qarabağ polisinin (Ermənistanda qanunsuz hərbi birləşməni polis kimi təqdim edirlər – red.) maşını atəşə tutulub. Bu hücumun məqsədi o idi ki, Qarabağ özü üçün alternativ kommunikasiyalar yarada bilməz və Laçın dəhlizi vasitəsilə mövcud olan yeganə kommunikasiya Azərbaycana tabe olmalıdır”.
Abramyanın fikirlərindən görünür ki, Ermənistanda Azərbaycanın istəyinin beynəlxalq hüququn da prinsiplərindən irəli gəldiyini anlamaq istəmirlər. Anlamaq istəmirlər ki, Laçın yolunda nəzarət buraxılış məntəqəsini qurmaq Bakının haqqıdır. Bu haqq həm də Qarabağ ərazisindəki bütün erməni silahlı birləşmələrin olmaması tələbini doğurmaqdadır. Tələb yerinə yetirilməyəndə, əlbəttə, ultimatum dili ilə danışılmalıdır. Digər erməni politoloq, Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan açıqlamasında bu dili Ermənistana və Qarabağdakı separatçı rejimə təzyiq vasitəsi kimi qiymətləndirib. Haqqında söz açdığımız beynəlxalq hüquq məntiqinin keçərsizliyini, təzyiq dilinin məqbulluğunu qəbul edərək hesab edək ki, İsgəndəryan haqlıdır. Çünki Ermənistan hakimiyyətinin, bütövlükdə erməni siyasi istableşmentinin anladığı dil də elə budur.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”