Əslində, riyakarlıq insana xas ən naqis xüsusiyyətlərdən sayılsa da, mənbəyindən, tarixi şəraitdən və ətrafındakı geomühitdən asılı olaraq, tədricən, “infeksion xəstəliyə” də çevrilə bilirmiş...
Artıq bütün kartların açılıb masanın üstünə qoyulacağı məqama yetişmişik. Bunu otuz ildən artıq davam edən, SSRİ-nin məzarını qazmış, son gedişlərini yaşayan Qarabağ münaqişəsinə şamil etmək tam məntiqli olar. Deyəsən, istər cavan, istərsə də qoca dünyanın güclü və zəif bütün oyunçuları bu məqamın yetişdiyini yaxşı başa düşür və bu səbəbdən də oyunun klassik qaydalarını pozmağa başlayıblar. Bunun lokal miqyasda əyani sübutunu Rusiya Müdafiə Nazirliyinin erməni separatçılarının Xəlfəli yolunda törətdiyi qanlı olaya münasibətində və yaydığı məlumatında görmək mümkündür.
Sərrast verilmiş layiqli cavab
Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın ərazisində, öz yolumuzda Ermənistan ordusunun tör-töküntülərinin özbaşınalığına göz yummağı bir yana, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletendə də bizi ittiham etməyə girişib. Guya, hərbçilərimiz bu yolda “pasport və viza” xidməti həyata keçirən erməni polis əməkdaşları”nı gülləbaran ediblər. Azərbaycan Müdafiə Nazirliyinin bölgəyə sülh yaratmağa hərbi kontingentini göndərmiş Rusiyanın müvafiq qurumuna cavabı bu dəfə sərrast və daha kəskin oldu:
“Martın 6-da Rusiya Federasiyası Müdafiə Nazirliyi Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletendə faktları təhrif edib və həqiqəti əks etdirməyən məlumat yayıb. Silah-sursatla tam təchiz olunmuş bu hərbi qulluqçuların “pasport və viza” xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyildir. İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumat da həqiqəti əks etdirmir”.
Əgər Rusiya MN yaydığı məlumatın istinad ünvanını göstərmirsə, deməli, açıq-aşkar insidentə birtərəfli yanaşıb, yalnız ermənilərdən aldığı xəbəri əsas götürüb.
Riyakarlıq yoluxucu virusa çevriləndə
Ermənistan mediasını, ölkənin sosial şəbəkə seqmentini izləyəndə belə qənaətə gəlmək olar ki, Rusiya Müdafiə Nazirliyinin informasiya mənbəyi məhz bu platformadır. Deyəsən ruslar, konkret Qarabağ məsələsində riyakarlıq üsulunu elə ermənilərdən əxz ediblər. Sadəcə, haylar hər zaman yalanı, şər-böhtanı, riyakarlığı aşkarda edirdilər, onların şimallı ağası isə gizlincə və üstüörtülü. İndi məlum olur ki, bəşər övladına xas bu naqis cəhətin yoluxucu virus kimi yayılma versiyası da varmış. Kartların üzü çevrilib, hər şey göz qabağındadır. Yəni, ruslar riyakarlığın, ən azından, hərbi müstəvidəki çeşidini məhz haylardan öyrəniblər. Bu iki diaqnoz arasındakı yeganə fərq “infeksiyanın” dərəcəsindədir.
Ermənistan mediasının, onların siyasi ekspertlərinin təxribatla bağlı tirajladığı tezislərinə, şərhlərinə, “interpretasiyalarına” fikir verin: “Pasport-viza rejiminə nəzarət edən erməni polisləri”, “erməni polisi ilə Azərbaycan hərbçiləri arasında atışma”, “Artsaxın Daxili İşlər Nazirliyinin polisləri güllələnib”, “problemi sadəcə qonşularımızla barışmaq yolu ilə həll etmək olmaz”, “Rusiya sülhməramlıları olmadan Bakı ilə heç bir məsələdə razılaşmaq mümkün deyil ”, “Bakıdan səslənən bəyanatların məqsədi Artsaxı etnik təmizləməyə məruz qoymaqdır” və s. bu qəbildən olan siyasi sayıqlamalar, xəstə təxəyyülün məhsulu olan fərziyələr və riyakarcasına ağlaşmalar.
Zəruri və qəti tədbirlər görüləcək
İrəvan Qarabağın erməni sakinlərinin özlərinin uydurduğu, olmayan problemini beynəlxalq arenaya daşımaq cəhdlərindən hələ də əl çəkmək istəmir. Paşinyan iqtidarı bu məsələdə ən çox da, ətəyindən əl çəkmədiyi Fransa başda olmaqla, Avropadan nəsə umur. Fəqət, bu zaman ortadakı reallığı, çılpaq həqiqəti görməzdən gəlir. Rəsmi İrəvanın doğrudanmı bunu dərk etməyə azacıq ağlı, dərrakəsi yetmir ki, Bakı artıq onlara güvənlərini itirmiş həmin Avropa nəhəngləri, eləcə də beynəlxalq güc mərkəzləri üçün enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir.
Azərbaycan Müdafiə Nazirliyinin cavab-məlumatında Moskvaya “Rusiya sülhməramlı kontingentinin üzərinə düşən vəzifələri yerinə yetirməli olduğu” xatırladılır. Ərazimizdə müvəqqəti yerləşdirilmiş sülhyaratma missiyasının əsas vəzifəsi 2020-ci il 10 noyabr Bəyanatında göstərildiyi kimi, qanunsuz erməni hərbi birləşmələrini Qarabağdan çıxarılması idi. Bəs, adına Ermənistan ordusu deyilən bu təxribatçı-quldur dəstələri torpağımızdan niyə çıxarılmır? Axı, səbrin də bir həddi var.
“Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin göndərilməsinə və rotasiyasına dərhal və birdəfəlik son qoyulmalı, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır. Əks təqdirdə Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır”.
Fikrimizcə, rəsmi İrəvan kimi, Kremlin də Azərbaycan Müdafiə Nazirliyinin bu cavab-məlumatındakı xəbərdarlıq notlarının yetərincə ciddi və birmənalı olduğuna şübhələri qalmayacaq. Necə ki, Azərbaycanın tezliklə həmin Laçın yoluna, Ermənistanla hələlik şərti sərhədimizin digər təmas nöqtələrinə nəzarət rejimini təmin etmək üçün sərhəd-keçid məntəqələrini quracağına da əmindirlər.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”