Rusiya Azərbaycan–Ermənistan şərti sərhədinin Ermənistan tərəfində Avropa İttifaqının tərkibində alman polisi və fransız jandarmının təmsilçilərinin də yer aldığı mülki missiyasının fəaliyyətə başlamasından narahatdır. Ölkənin istər rəsmi, istərsə də digər siyasi dairələri bu narahatlığı ifadə edən fikirlərini diqqətə çatdırmaqdadırlar. Azərbaycanla Ermənistan arasındakı hərbi qarşıdurma riskinin artdığı hazırkı dövrdə Aİ missiyasının necə effektiv olacağı, həmin missiyanın timsalında Qərbin Cənubi Qafqaza nüfuz etməsi, habelə, Rusiyanın regiondan çıxarılması cəhdləri ilə bağlı müzakirələr də artmaqdadır. Bu baxımdan Kremlin Aİ-dəki daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Kiril Loqvinovun “RİA Novosti”yə müsahibəsindəki fikirləri, ilk növbədə, diqqət çəkməkdədir.
K.Loqvinov bildirib ki, Avropa İttifaqının Ermənistanda missiyasının fəaliyyətə başlaması Brüsselin Rusiyanın vasitəçiliyilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində əldə etdiyi nəticələrdən istifadə edərək, postsovet məkanında öz yerini tutmaq cəhdindən başqa bir şey deyil. Onun fikrincə, burada daha bir əhəmiyyətli anti-Rusiya komponenti Moskvanın regionda təhlükəsizliyin təminatçısı kimi tarixi rolunu neytrallaşdırmaq istəyidir.
Qeyd edək ki, Loqvinovun söylədikləri Aİ missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi ilə əlaqədar Rusiyadan ardıcıl şəkildə səslənməkdə olan tənqidlərin tərkib hissəsidir. Yada salaq ki, ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir müddət əvvəl Qərbin Cənubi Qafqazdakı vəziyyətə müdaxilə istəklərini “kobudluq” adlandırmışdı. Onun sözlərinə görə, bu siyasət münaqişənin həlli üçün deyil, tam əks məqsədlərlə həyata keçirilir.
Bu baxımdan RF Xarici işlər naziri Sergey Lavrovun məsələyə münasibəti də önəmlidir. Lavrov M.Zaxarovanın haqqında söz açdığımız mövqeyinin səslənməsindən daha əvvəl bildirmişdi ki, Aİ-nin Cənubi Qafqazdakı mülki missiyası bölgədə əlavə qıcıqlandırıcıların yaranması effekti verən presedentdir.
Əlbəttə, Lavrov Bakıda fevralın 28-də keçirdiyi mətbuat konfransında da bildirmişdi ki, Avropa İttifaqının Ermənistan ərazisindəki missiyası onların (Rusiya və Ermənistanın – red.) münasibətlərindən (soyuqluqdan - red) sui-istifadəyə görədir. Lavrov, hətta qurumun missiyasının əsassızlığını da dilə gətirmişdi: "Avropa İttifaqı Ermənistan və Azərbaycanla münasibətlərdən açıq şəkildə sui-istifadə edərək, şübhəli monitorinq missiyasını irəli sürür. Bununla bağlı funksiyalar, mandat, müddət baxımından ölkələr arasında münasibətlərin normallaşdırılması səylərinə xələl gətirə biləcək çoxlu suallar var".
Qeyd edək ki, Lavrovun nəzərdə tutduğu suallara, eləcə də digər məqamlara Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi, politoloq Sergey Markedonov özünün “Don kazakı” teleqram kanalında aydınlıq gətirib. Politoloq “Qarabağ açarı” və Rusiyanın Cənubi Qafqazdakı mövqeləri” adlı məqaləsində, eyni zamanda, Ermənistanın 5 mart təxribatını da təhlil edib və ümumən dörd məqamın üzərində dayanıb.
1. Qarabağda yeni silahlı insidentlər. Gərginlik artır. Ultimatumlar bu sahədə yeni taktika olmasa da, aydındır ki, bunlar güclə dəstəklənəndə risklər daha da çoxalacaq;
2. Rusiya üçün Qafqazda bu məqam xüsusi əhəmiyyət kəsb edir, ona başlıca məqam da demək mümkündür. Bu, baş moderator rolunun qorunub saxlanmasıdır (hətta Qərblə artan rəqabət və “Türkiyə ilə rəqabət tərəfdaşlığı” şəraitində). Moskva həm Ermənistan, həm də Azərbaycana təsir imkanlarını təmin edir. Sülhməramlıların Qarabağdan çıxarılması, avtomatik olaraq Gümrüdən bazanın (oradakı Türkiyə ilə sərhəddə dayanmış Rusiya hərbi bazasının – red.) çıxarılmasına səbəb olacaqdır. Bu, İrəvanın media PR-ı yox, Qərbə yönlənməsidir. Nəzərə alaq ki, ən azı, iqtisadi cəhətdən Azərbaycan artıq Qərb layihələrinə əhəmiyyətli dərəcədə inteqrasiya olunub (dolayısı ilə politoloq Azərbaycandan sonra Ermənistanın da Rusiyanın orbitindən çıxmasından ehtiyatlandığını bildirir – red.).
3. Rusiyanın kənarda dayanmasını kimsə bəla və lənət hesab edir, kimlərsə mühüm resurs. Aydındır ki, bu, həm qazanc gətirir, həm də Moskvanı bir çox azimutlarda məhdudlaşdırır. Amma bu gün İrəvan və ya Bakı arasında hansısa “son seçim” etmək düzgün deyil. Variantlar, əlbəttə ki, var, lakin onlardan qaçmaq daha yaxşıdır. Mümkün neqativ ssenariləri rəqiblərimizə təklif etmək istəmirəm. Amma prinsipcə onlar açıq olan sirlərdir. Lakin onu da nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistan və Azərbaycana təsirini itirməsi Moskva üçün Gürcüstanda yaranmış müsbət tendensiyaların dondurulmasına gətirib çıxaracaq. Aydın məsələdir ki, Türkiyənin bütün platformalarda (təkcə Qafqaz deyil, Suriya və Ukrayna) səsi daha çox çıxacaq. Beləliklə, “Qarabağ açarı” uğrunda mübarizə aparmaq vacibdir. Minimum itki və maksimum fayda ilə.
4. Ermənistanla Azərbaycan arasında Rusiyasız sülh yarana bilərmi? Moskvanın iştirakı olmadan Cənubi Qafqazda regional nizam mümkündürmü? Beynəlxalq siyasətdə hər şey mümkündür. Tarixdə elə dövrlər olub ki, Rusiya dövləti müxtəlif formalarda Qafqazda olmayıb və ya orada minimal mövcud olub. Nəhayət, Balkanlar Rusiyanın iştirakı olmadan “sakitləşdirildi”.
Politoloq Markedonovun fikrincə, kimlərsə Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqla onun, guya, imperiya ambisiyalarına zərbə vurduqlarını düşünürlərsə, yanılırlar. Çünki Rusiya özü Qafqaz dövlətidir. “Bunu bir dəqiqə belə unutmaq olmaz. Ona görə burada məsuliyyət Moskva üçün xüsusidir. Başqa bir emosional və psixoloji məqam var: istənilən ölkə yaxın qonşuluğundakı təhlükəsizliyə xüsusi münasibət göstərir.
Markedonovun fikrincə, Qərb potensial sülhməramlı kimi, uzaq periferiyadadır. Bununla belə, regionda da fəaliyyət göstərsin və bundan sonra da fəaliyyət göstərəcək. “Ancaq onun “qışqırmadan”, “vızıldamadan” davranması lazımdır. Təfərrüatlara və nüanslara varmaq isə, politoloqun qənaətincə, Rusiyanın səlahiyyətidir”, – deyə Markedonov vurğulayıb.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”