İsveçrənin Sürix şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətiləyubiley əmərasimi, “Xəzərdən Egeyə – unudulmayan əsərlər” adlı konsert proqramı təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İsveçrə Azərbaycanlıları Dostluq, Mədəniyyət və Həmrəylik Cəmiyyətinin təşkilatçılığı və Sürix Türk Musiqi Cəmiyyətinin iştirakı ilə təşkil edilən yubiley konsertində diplomatik korpusun, Azərbaycan və türk icmalarının, yerli ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.
Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov və Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Vaqif Seyidbəyov iki tarixi yubileyin eyni vaxtda qeyd olunmasını əlamətdar hadisə kimi qiymətləndiriblər. Səfir ulu öndərin müasir dövlətimizin qurucusu kimi tarixi rolundan söz ətraflı açıb. Sədr müavini isə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunan silsilə tədbirlər keçirdiyini qeyd edib.
Mərasimdə ölkəmizin diaspor təşkilatlarının sistemli və mütəşəkkil fəaliyyətinin əsasının görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulduğu, bu siyasətin Azərbaycan Prezidentinin tövsiyyələri, diqqət və qayğısı sayəsində uğurla davam etdirildiyi vurğulanıb.
Mərasimin bədii hissəsində Sürix Türk Musiqi Cəmiyyəti xorunun ifasında konsert proqramı təqdim edilib. Xormeyster Pınar Dönmezin rəhbərliyi ilə xorun və Türkiyədən gəlmiş sənətçilərin ifasında “Ölkəm”, “Ayrılıq”, “Nərədəsən sən”, “Yəmən türküsü”, “İncəcikdən bir kar yağar”, “Qubanın ağ alması”, “Sənə də qalmaz”, “Nazəndə sevgilim”, “Məmləkətim” və s. əsərlər səsləndirilib.
Tədbir çərçivəsində Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlər üçün ianə toplanıb.
“Xalq qəzeti”