Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çinə səfəri çərçivəsində Çin Kommunist Partiyası Şensi vilayət təşkilatının katibi, Şensi vilayəti Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Çjao İde ilə görüşüb.
Qarşılıqlı etimada əsaslanan çoxşaxəli əməkdaşlığın Azərbaycanın və Çinin xarici siyasətində prioritet olduğu qeyd edilib.
Partiyalar arasında əməkdaşlığın Azərbaycan-Çin münasibətlərinin mühüm istiqamətlərindən olduğu qeyd edilib. 2024-cü ilin noyabrında imzalanmış memorandumun partiyalararası əlaqələri daha da möhkəmləndirdiyi və yeni imkanlar yaratdığı bildirilib. YAP nümayəndə heyətinin Çinə səfəri çərçivəsində keçirilən görüşlərin əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli olduğu vurğulanıb. Dövlət İdarəçilik Akademiyası ilə ÇKP Partiya Məktəbi arasında imzalanan anlaşmanın isə kadr hazırlığı sahəsində təcrübə mübadiləsinə töhfə verəcəyi qeyd olunub.
Çin şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində iştirakı perspektivləri diqqətə çatdırılıb.
Nümayəndə heyətinin Şensi vilayətində humanoid robotlar istehsal edən “Zhilaite” texnoloji şirkətinə, Çin–Avropa qatarları üzrə logistika mərkəzinə, Sian Böyük Məscidinə və Sin Şixuandi İmperiya Muzeyinə, o cümlədən Terrakota Ordusu Muzeyinə ziyarəti də təşkil olunub.
YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Çinin “Şensi” televiziya kanalına müsahibəsində səfərin yekunlarına, eləcə də istər ölkələr, istərsə də partiyalar arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikirlərini bölüşüb.
Mayın 15-də YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri başa çatıb.
XQ

