Azərbaycanın müstəqil siyasət aparması və özünə dost ölkələr seçməsi bəzi region ölkələrini qıcıqlandırmaqdadır. İran bu baxımdan ön sırada gəlir. İslam respublikası Azərbaycana qarşı çıxır, Ermənistana hərbi dəstək verir. Son illərdə isə mövcud tendensiya daha aşkar xarakter almaqdadır. Nəzərdən qaçırmamalıyıq ki, fars molla rejimi özünün anti-Azərbaycan ritorikasına ölkə mediasını da alət etməkdədir. Bu baxımdan İran jurnalisti Xəyal Müəzzinin yaydığı məlumat da diqqət çəkməkdədir. Aşkar hiss olunur ki, media təmsilçisi Bakını, bütövlükdə, İslam dünyasında gözdən salmağa cəhd göstərir.
Jurnalist bildirib ki, İsrailin “Haarets” qəzeti Tel-Əvivin Bakıya silah satması ilə bağlı araşdırma aparıb. Araşdırma nəticəsində müəyyənləşib ki, ölkəmizin “Silk Way” aviaşirkəti 2016-cı ildə İsrailə 92 reys edib. 2020-ci ilin Vətən müharibəsi günlərində isə reyslərin sayı daha da artıb. Bunun əvəzində, guya, İsrail Azərbaycandan neft məhsulları və İrana çıxış əldə edib.
“Haarets”in iddiasında dəqiq nələrin əksini tapdığını bilmək, iranlı jurnalistin məsələyə qərəzli yanaşması nəticəsində müşkülə çevrilsə də, media nümayəndəsinin Azərbaycanda İsrailin İranın nüvə obyektlərinə hücumu üçün gizli aeroportun olduğunu xüsusi vurğulaması diqqətdən yayınmır. Heç şübhəsiz, belə bir mülahizə sıradan məqam sayıla bilməz. Nəzərə alsaq ki, X.Müəzzin kimi jurnalistlər Tehrandan idarə olunur, deməli, İran hakimiyyətinin onun təqdimatını ölkəmizə silahlı hücum gerçəkləşdirmək üçün bəhanəyə çevirməsi də mümkündür.
Bəli, bu cür məlumatların hansı məqsədlərə xidmət etdiyi, nə üçün yayıldığı məlumdur. Əlbəttə, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra irəli sürdüyü şərtlər, xüsusən, Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbi İranı qane etmir. Tehran bu mövqeyini hələ müharibə günlərində də göstərmişdi. Konkret olaraq, Zəngilan və Qubadlının azad edilməsi uğrunda apardığımız hərbi əməliyyata mane olarkən. Sonra isə İran hakimiyyəti Azərbaycanın Türkiyə ilə quru yolunun bərpasına mane olacağını bəyan etmiş, hətta bildirmişdi ki, Ermənistanın ərazi bütövlüyü onun üçün qırmızı xəttdir.
İran jurnalistinin gəldiyi qənaət cəfəngiyyatdan başqa bir şey deyil. Əlbəttə, Azərbaycan bir çox ölkələrdən silah-sursat alır. O cümlədən, elə İsraildən də. Ölkəmiz bunu gizlətmir və bu, müdafiə qabiliyyətimizin gücləndirilməsi naminə həyata keçirilən dövlət siyasətidir.
Yəni, Azərbaycanın İsraildən silah alması heç bir halda ikincinin birincini nəyəsə görə, hansısa məqsədlə silahlandırması anlamına gəlməməlidir. Hər halda silahı maddi qarşılığını ödəyib alırıq. Digər tərəfdən, Bakının özünün ərazi bütövlüyünü və xalqının təhlükəsizliyini qorumaq üçün silah almasının hansısa üçüncü və dördüncü ölkəyə qarşı yönəldiyi məntiqi yanlışdır. Amma İran belə təqdimatları yanlışlıq saymır, çünki ölkə hakimiyyəti xofludur. Necə deyərlər, xain xoflu olar.
Bəli, İranın Azərbaycana qarşı xain hərəkətlərinin sayı-hesabı yoxdur. İslam respublikası ərazilərimizin 30 ilə qədər Ermənistanın işğalı altında qalmasında maraqlı olub, hətta, ermənilərin dini abidələrimizi donuz saxlamaqla murdarlamalarına seyrçi qalıb. Onun şəhər, kənd və qəsəbələrimizin talan edilməsində erməni qardaşları ilə əlbirliyi faktlarla sübuta yetirilmiş acı həqiqətdir.
Amma Azərbaycan heç vaxt İrana xəyanət etməyib. Tehrana qarşı beynəlxalq miqyaslı sanksiyaların tətbiq edildiyi, hücumların gündəmə gəldiyi zamanlarda öz ərazisini anti-İran müharibə plasdarmına çevirməkdən imtina edib. Hətta, uzun illər dost İsraildə səfirliyimizin olmaması da ehtiramdan qaynaqlanıb. Ancaq bunun qarşılığında nə görmüşük? İranın işğalçı ilə əlbirliyini. Baxın, indi də X.Müəzzin kimi jurnalistlərin dövriyyəyə buraxıldığını, onların ölkəmizə qarşı hədyanlarına meydan verildiyini görürük. Azərbaycanın İsraildən silah almasına xüsusi rəng qatmaq, üstəlik, Azərbaycan ərazisində İrana zərbə üçün gizli hava limanının mövcudluğunu iddia etmək cəfəngiyyatdır.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”
_____________________________________________________________________________
Ekspert rəyi
Tural İSMAYILOV,
Politoloq
İranın Azərbaycana qarşı informasiya təxribatları müxtəlif dövrlərdə də olub, indi də davam etməkdədir. Əslində, İran hakimiyyəti rasional qərarlar alıb ölkə daxilində aylardır davam edən xalq etirazlarının qarşısının alınması üçün tədbirlər görmək əvəzinə, regionda gərginlik yaratmaqla məşğuldur.
Tehranın İsrail kartından istifadəsi ideoloji təxribatdır. Molla rejimi xalqın başını qatmaq, eləcə də ölkədəki etirazlardan diqqəti yayındırmaq üçün bu kartdan yararlanmaq yolu tutur. Tarix boyu İran hakimiyyətini ayaqda tutan əsas məsələlərdən biri məhz xarici düşmən axtarışı, bu fonda İsrail və onunla guya müttəfiq olan ölkələri göstərmək olub. Çağdaş dövrlə ayaqlaşmayan, geridə qalmış, əsassız düşüncə üzündən hazırda İranın sosial-iqtisadi dayaqları mövcud deyil və ölkə çox ciddi siyasi çalxalanmalarla üz-üzə qalıb. Deməli, “ənənəvi” təbliğat da əhəmiyyətini itirib. İran xalqının düşməni xaricdə deyil, daxildəki mollalardır. Ölkə vətəndaşları bunu hər ötən gün daha çox dərk edir və adekvat addımlar atırlar.
Azərbaycanın isə İsraillə müttəfiqliyi, əlbəttə, mövcuddur. İsrail ölkəmizin ən yaxın dostlarından biridir. Torpaqlarımızın işğalı faktına obyektiv qiymətin verilməsində, eyni zamanda, postmünaqişə dövründə Qarabağda həyata keçirilən abadlıq-quruculuq işlərində İsrail vacib ölkələrdən biri qismində çıxış edir. Azərbaycan da multikultural ölkə kimi, həm də yəhudilərin ikinci Vətənidir.
Amma Azərbaycanın İsraillə münasibətləri heç zaman üçüncü dövlətə qarşı yönəlməyib. Hesab edirəm ki, İrandakı hərbi-siyasi və dini rəhbərlik də bunun yaxşı fərqindədir. Sadəcə olaraq, bizə qarşı düşmənçilik mövqelərini, eyni zamanda, Ermənistana məddahlıq edən simalarını sığortalamaq üçün İsrail kartı ilə Azərbaycana qarşı informasiya hücumları həyata keçirirlər. İran cəmiyyətində ölkəmizə münasibətdə düşmənçilik ab-havası yaratmağa çalışırlar. Amma istənilən halda, dünyanın İrana heç bir inamı və etimadı qalmayıb.


