“Yaşıl” gələcəyin qurucuları kimlər olacaq?

post-img

Ətraf mühit problemləri qlobal səviyyədə ciddi olsa da, ölkə gənclərinin bu istiqamətə marağı, nədənsə, bir qədər azdır. DİM-in ali məktəblərə qəbul üzrə 1-ci ixtisas qrupunda yer alan ekologiya mühəndisliyi, həmçinin 4-cü qrupda ekologiya ixtisaslarının son illərdə keçid ballarının aşağı olması da bunu sübut edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, ekoloq Amin Məmmədovla bu məsələlər ətrafında həmsöhbət olduq.

– Amin müəllim, öncə bu iki ixtisasın fərqləndirici cəhətlərindən danışardıq.

– Ekologiya ixtisasında əsasən, işin nəzəri və fundamental elmi tərəfləri, ekologiya mühəndisliyində isə infrastruktur və iqtisadi istiqamətlər, eləcə də ətraf mühitin idarə edilməsində istifadə olunan qurğular və avadanlıqlar öyrədilir. Məsələn, suyun, havanın, torpağın, fauna və floranın araşdırılması, öyrənilməsi, eləcə də konseptual təkliflərin verilməsi isə ekoloqun, istifadə edildikdən sonra çirkab suların təmizlənməsində istifadə edilən qurğular, onların quraşdırılması isə mühəndisin işidir.

– Deməli, ekoloq biologiyanı, kimyanı yaxşı bilməlidir.

– Elədir. Hətta bioloq, kimyaçı, hidroloq təcrübə toplayıb ekoloq ola bilər.

– Təhsil ekspertləri bu iddiadadırlar ki, ekologiya mühəndisi və ekologiya ixtisasları birləşdirilsə, daha yaxşı nəticə əldə etmək olar. Hansı istiqamət bakalavra maraqlı gəlirsə, magistratura pilləsinə ixtisaslaşa bilər. Necə düşünürsünüz, bu ixtisasların birləşdirilməsi perspektivli görünürmü?

– Fikrimcə, bu birləşdirmə böyük dəyişikliyə səbəb olmaz, poblem yaratmaz. Amma buna ehtiyac yoxdur, zəruri deyil. Bizə mühəndis də, ekoloq da lazımdır. Çünki ekoloq nəzəriyyəçidir, təhlillər aparır, mühəndis isə bunu praktikada həyata keçirir.

– İllərin statistik nəticələrini təhlil edəndə görürük ki, bu ixtisaslara maraq azdır, keçid balı 150-dir. Az biliklə ekoloq, mühəndis olmaq nə dərəcədə düzdür?

– Səbəblər müxtəlifdir. Ola bilsin, ekologiya, ətraf mühit məsələləri yetəri qədər təşviq edilmir. Az balla bu ixtisaslara qəbul olmağı problem kimi görmürəm. Yaxşı ekoloqu, mühəndisi ali məktəb yetişdirir, ümid bu təhsil ocaqlarınadır.

– Bəs ali təhsil müəssisələrində bu ixtisasların tədrisi səviyyəsi nə yerdədir? Təhsil vermək üçün universitetlərimizin infrastruktur imkanları, kadr potensialı hansı vəziyyətdədir?

– Müşahidələrimə və məzunlarla əməkdaşlığıma əsasən deyə bilərəm ki, Bakı Mühəndislik, Neft və Sənaye, Bakı Dövlət universitetlərində bu ixtisaslar yaxşı tədris edilir. Məzunları xaricdəki prestijli universitetlərdə magistratura pilləsini qazana bilirlər. Deməli, baza təhsili səviyyəlidir. İnfrastruktur imkanlar, kadr potensialı da qənaətbəxşdir. Pedaqoji heyətin bir çoxu bu sahələr üzrə elmi işlər həyata keçirib, kifayət qədər yaxşı nəticələr var. Praktiki işləyən, istehsalat təcrübəsi olan müəllimlərimiz də var. Sahəni inkişaf etdirmək, ixtisaslaşmaq isə gənclərdən asılıdır.

– Prezident İlham Əliyev 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etmişdi. Keçən payız ölkəmizdə COP29 kimi mötəbər tədbir keçirildi. Müxtəlif tədbirlər, geniştərkibli müzakirələr aparıldı və real işlər görüldü. Sizcə, bütün bunlar növbəti tədris illərində ekologiya mühəndisliyi və ekologiya ixtisaslarına marağı artıra biləcəkmi?

– Sözsüz ki, müəyyən mənada təsiri olacaq. Biz bunun effektini illər sonra görə biləcəyik. Ətraf mühit vacib sahədir və bu istiqamətdə dərin biliyi olan gənc mütəxəssislərə ehtiyac var.

– Bu ixtisasların məzunlarının iş imkanları hansı qurumlarda və sahələrdə realdır?

– Bu ixtisaslarda 4 illik təhsil almaq ilkin nəticədir. Məzunlar dövlət qulluğu imtahanından keçməklə, dövlətin ekologiya siyasətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyində və onun tabeliyindəki qurumlarda karyera qura bilərlər. Həmçinin xarici dil biliyi olan və ixtisasın texnoloji tərəfini bilən məzunlar neft və tikinti şirkətlərində yüksək maaşla çalışa bilərlər. Eyni zamanda, ekoloqların və ekologiya mühəndislərinin elmi-tədqiqat və pedaqoji istiqamətlərdə də karyera imkanları genişdir.

– Amin müəllim, qəbul imtahanlarından sonra abituriyentləri ixtisas seçimi mərhələsi gözləyir. İstərdik ki, bu ixtisasların seçilməsi baxımından gənclərə tövsiyələrinizi verəsiniz. Niyə məhz ekoloq, ekologiya mühəndisliyi?

– Təbiəti sevən, ətraf mühitin sirli aləminə baş vurmaq və bu istiqamətlərdə mütəxəssis kimi yetişmək istəyən gənclər üçün bu ixtisaslarda oxumaq əla fürsətdir. Hədəfinizdən, məqsədinizdən geri çəkilməyin.

Rizvan FİKRƏTOĞLU
XQ



Müsahibə