4 il əvvəl İkinci Qarabağ müharibəsində qazandığımız Böyük Qələbə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. Lakin bu qələbənin qazanılmasında misilsiz pay sahibi olan, taleyi yaralanmış minlərlə insanın həyatı və xalqımızın keçdiyi ağır sınaqlar haqqında çox az adam məlumatlıdır. Onların sırasında qürurla “QAZİ” çağırdığımız Qarabağ müharibəsinin yüzlərlə iştirakçısı bu günün özündə belə iç dünyalarında "səssiz döyüşlər" aparmağa davam edirlər.
Onları döyüşə vətənpərvərlik, doğma torpağa məhəbbət, xalq qarşısında borc və şərəf hissi aparmışdı. Müharibənin zəfərlə bitməsindən və doğmalarına geri dönməsindən sonra isə onlar başqa bir cəbhənin – öz emosiyaları və xatirələri ilə mübarizə aparan cəbhənin “döyüşçülərinə” çevriliblər. Nə qədər şərəfli olsa belə, müharibənin vurduğu psixi və emosional yaralar indi onlara “ömür yoldaşı”dır və onlar hər gün posttravmatik stress pozuntusu (PTSP) baryerlərini aşmağa çalışan döyüşçülərə çevirliblər.
Şanlı qələbəmiz ərəfəsində Azərbaycan Tibb Universitetinin birinci müalicə fakültəsinin V kurs tələbəsi, psixiatriya üzrə gənc tədqiqatçı Rafiq Aslanovla görüşməyimiz də məhz bu məsələnin hazırki durumunu öyrənmək məramından irəli gəldi. Rafiq neçə vaxtdır ki, 44 günlük Vətən müharibəsi iştirakçıları arasında posttravmatik stres pozuntusu (PTSP) vəziyyəti ilə bağlı tədqiqatlar aparır.
– Rafiq, eşitdiyimizə görə, ATU-nun Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti çərçivəsində 44 günlük Vətən müharibəsi qazilərinin PTSP vəziyyəti ilə bağlı tədqiqat işi aparırsınız. Sizdə qazilərimizin psixoloji durumunun elmi araşdırılmasına maraq oyadan nə olub?
– Elmi işimin mövzusunu ATU-nun psixiatriya kafedrasının dosenti Sevda Katibli ilə görüşdən sonra seçdim. Görüşümüz 8 Noyabr Zəfər Günü baş tutdu, bu da özlüyündə simvolik məna daşıyırdı. Biz müharibənin qazilərimizin psixoloji vəziyyətinə ciddi təsir göstərdiyi barədə fikir mübadiləsi apardıq və PTSP kimi aktual və məsuliyyətli mövzunu araşdırmaq qərarına gəldik. Tədqiqat işini həmkarım Ülviyyə Əliyeva ilə birgə araşdırmağa başladıq.
– Niyə məhz PTSP mövzusu?
– Məsələ ondadır ki, PTSP tez-tez nəzərə çarpmayan, lakin insanın həyatına dərin təsir göstərən ciddi psixi vəziyyətdir. Müharibə yalnız fiziki döyüş deyil, eyni zamanda, onun bitməsindən sonra da davam edən psixoloji bir mübarizədir. Bir çox qazilər bu gün də müharibənin travmatik hadisələrinin təsirindən qaynaqlanan “səssiz döyüşlər” aparmağa davam edirlər. Gələcək psixiatr olaraq araşdırmaq istəyirəm ki, müharibə psixiatriya baxımından qazilərimizə necə təsir edib və onların bu problemlə mübarizə aparmasına hansı vasitələr və yollarla kömək etmək olar.
– Araşdırmalarınıza nədən başladınız?
– İlk növbədə, elmi rəhbərimizlə mövzuya yanaşmaları müzakirə etdik. Sonra Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, professor Fuad İsmayılovun dəstəyi ilə 1 saylı Respublika Psixiatrik Xəstəxanasında PTSP diaqnozu qoyulmuş qazilərin müayinəsini təşkil etdik.
Aydındır ki, PTSP hərbi əməliyyatları yaşamış insanların psixi sağlamlığına böyük təsir göstərən ciddi problemdir. PTSP diaqnozu qoyulmuş hərbçilərə və əsgərlərə klinik psixoloqlar tərəfindən müxtəlif növ psixoloji yardımlar göstərilir ki, bu da psixoloji profilaktika, məsləhət, dəstək və psixoterapiyanı əhatə edir. Həmçinin onlara dərman müalicəsi də təyin olunur. Müalicə metodunun seçimi, yəni psixoloji yardım və ya dərman terapiyası, psixi pozuntunun şiddətindən asılı olaraq müəyyən edilir ki, bu da qazilərlə iş prosesində fərdi yanaşmanın vacib olduğunu göstərir.
Hərbi qulluqçular və əsgərlər arasında PTSP əsasən koqnitiv-davranış terapiyası (KDT) vasitəsilə müalicə olunur. Bu, psixoloji yardım və psixoterapiyanın bir növü olaraq, travmatik hadisənin emosional, koqnitiv və davranış nəticələrini hədəf alan qısamüddətli və strukturlaşdırılmış psixoloji müdaxilədir. Terapiya prosesi zamanı PTSP-dən əziyyət çəkən hərbçilər travmatik hadisə ilə bağlı xatirələrlə, eləcə də travma ilə əlaqəli qaçılmaz vəziyyətlərlə qarşılaşır, lakin bunlar nəzarət altında və təhlükəsiz bir mühitdə baş verir. Koqnitiv-davranış terapiyası hərbi qulluqçulara travmatik hadisədən sonra yaranmış mənfi, təhrif olunmuş düşüncələri, həmçinin özlərinə və ətraf dünyaya dair münasibət və inancları müəyyənləşdirməyə, aradan qaldırmağa və dəyişdirməyə kömək edir. Bu məlumatları nəzərə alaraq, xüsusi tibbi yardım alan qazilərimizlə fərdi müsahibələr və müşahidələr keçirməyə başladıq. Bu görüşlər mənə dərin təsir bağışladı. Vətəninin müdafiəsi uğrunda ölümə tərəddüdsüz gedən cəsur əsgərlərin indi öz daxili dünyalarında müharibənin nəticələrinə qarşı necə mübarizə apardıqlarını gördüm.
– Görünür, bu, biz düşündüyümüz qədər də asan məsələ deyil. Elə bilirəm, qazilərlə iş prosesində siz həssas və təsirləndirici məqamlarla çox qarşılaşırsınız. Bu məqamlar haqda açıq danışmaq olarmı?
– Qarabağ müharibəsi qaziləri aldıqları ağır yaralara baxmayaraq, özlərində inanılmaz bir qürur və vətənpərvərlik hissini qoruyub saxlayırlar. Onların bir çoxu hələ də “səssiz döyüşlər” aparırlar; bu döyüşlər onların şüurunda və yuxularında davam edir. Onlar bizə qələbə və sülh bəxş etdilər, lakin bunun əvəzini çox ağır bir psixoloji mübarizə ilə ödəyirlər və bu mübarizə onların həyatında hələ də başa çatmayıb. Bu görüşlər mənə bir daha göstərdi ki, qazilərin yalnız fiziki sağlamlığına deyil, həm də psixi sağlamlığına xüsusi diqqət ayırmaq çox vacibdir.
Bizim tədqiqatımızın əsas məqsədi PTSP-dən əziyyət çəkən qazilərin adaptasiya mexanizmlərini və həyat keyfiyyətini öyrənməkdir. Araşdırmalarımızla onların müharibə şəraitinin təsirləri ilə necə mübarizə apardıqlarını, hansı kopeinq strategiyalarından istifadə etdiklərini və PTSP-nin onların gündəlik həyatına, həm fiziki, həm də emosional olaraq necə təsir etdiyini anlamağa çalışırıq.
PTSP simptomlarının ağırlığı həmişə hərbi təcrübənin yığılması ilə bağlı olmur, yəni ağır döyüşlərdən keçmiş hər bir qazi ağır PTSP-dən əziyyət çəkmir. Bir çox qazi PTSP ilə mübarizə aparmaq üçün müxtəlif kopeinq strategiyalarından istifadə edir. Onlar ən çox dini inanclara yönəlirlər, sosial dəstəkdən istifadə edirlər, bəzən psixoaktiv maddələrdən istifadəyə və ya travmatik xatirələrdən psixoloji uzaqlaşmağa əl atırlar. Təbii ki, müşahidə və tədqiqatlarımızı davam etdirəcəyik, qaziləri yaş göstəricilərinə görə qruplaşdıraraq, PTSP-nin müşahidə olunduğu və müşahidə olunmadığı şəxslər arasında müqayisəli təhlillər aparacağıq.
– Demək olarmı ki, PTSP qazilərin həyat keyfiyyətinə, yaşayışına təsirsiz ötüşmür?
– Təəssüf ki, belədir. Araşdırmanın nəticələri göstərir ki, PTSP qazilərin həyat keyfiyyətinə həm fiziki, həm də psixoloji cəhətdən əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Biz fiziki və emosional fəaliyyət səviyyəsinin azalmasını, sosial funksiyaların pisləşməsini və ağrı intensivliyinin artmasını müşahidə edirik. Bu, PTSP-nin qazilərin həm psixi vəziyyətinə, həm də ümumi fiziki sağlamlığına təsir etdiyini göstərir.
Araşdırmalar, həmçinin PTSP-dən əziyyət çəkən qazilər üçün psixososial dəstəyin sistematik təşkilinin vacibliyini göstərir. Bu dəstək, tibbi və psixoloji yardımla yanaşı, qazilərin travmaları ilə mübarizə aparmasına və sağlam həyata qayıtmalarına kömək edən reabilitasiya proqramlarını da əhatə edir. Peşəkar yardıma çıxışın təmin edilməsi və bu insanların sosial adaptasiyası üçün şərait yaradılması çox vacibdir.
– ATU-nun Tələbə Elmi Cəmiyyətinin faliyyəti haqda qısaca da olsa məlumat verərdiniz.
– Əvvəla ATU TEC-in elmi rəhbəri, startap və elmi koordinasiya şöbəsinin müdiri, tibb elmləri doktoru Müşviq Həsənovun gənc tədqiqatçılara dəstəyini qeyd etmək istərdim. Hər il ATU-da ənənəvi olaraq Tələbə Elmi Cəmiyyətinin konfransları keçirilir. Bizim kimi gənc tədqiqatçılar bu tədbirlərə böyük maraq və məsuliyyətlə yanaşırlar. Konfransların məqsədi elmə maraq göstərən tələbələri erkən yaşlardan elmi tədqiqata cəlb etmək, tədqiqatını kütlə qarşısında təqdim etməyə hazırlamaq və yeni tibbi tədqiqat sahələrində axtarışlara yönəldərək elm xadimlərini yetişdirməkdir. Bu gün bizi tibb sahəsində dünyada təmsil edən çoxsaylı elm xadimlərimiz də ilk addımlarını məhz Tələbə Elmi Cəmiyyətində atıblar. Tibb sahəsində öz istiqamətini tapmaq çox vacib və məsuliyyətli bir addımdır, çünki sən bütün ömrün boyu bu sahəyə xidmət göstərmək istəyirsənsə onu sevməlisən, yeniliklər gətirərək insanlara şəfa verməlisən.
– Gələcəkdə bu istiqamətdə işinizi davam etdirəcəksinizmi?
– Şübhəsiz. Elmi araşdırmalarımı davam etdirməyi və psixiatriya sahəsindəki biliklərimi daha da dərinləşdirməyi planlaşdırıram. İlk araşdırmalarımdan belə qənaətdəyəm ki, müharibə keçmiş insanların PTSP-dən əziyyət çəkməsi və bunun onlara təsiri mövzusu daha geniş araşdırılmalı və yeni müalicə və reabilitasiya metodları işlənib hazırlanmalıdır. Biz həkimlər Vətənimizin ərazi bütövlüyünü təmin edən, xalqımıza sülh və azadlıq bəxş edən qazilərin sağlamlığını bərpa edib onları normal həyata qaytarmağa borcluyuq.
Əbülfəz BABAZADƏ,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, sənətşünas