Müharibənin ən qanlı günlərinin birində əsgərlərdən biri yaxın dostunun irəlidə vurulduğunu görür. Güllə yağışı altında komandirin yanına qaçıb deyir:
– İcazə verin, gedib dostumu gətirim.
– Getmək? Nə danışırsan.? Ona güllə dəyib, yəqin çoxdan ölüb. Özünü təhlükəyə atma.
Əsgər israr edir.
“Yaxşı , get…” – deyir komandir.
Möcüzə baş verir.
Əsgər o güllə yağışının altında dostunun yanına sağ-salamat çatır və onu götürüb səngərə qayıdır. Birlikdə səngərin içinə yuvarlanırlar. Komandir qan içindəki əsgəri yoxlayır. Sonra onu səngərə daşıyan dostuna deyir:
– Sənə dedim axı, risk eləmə. Onsuz da ölüb… Dəyməzdi.
– Dəydi, yoldaş komandir.
– Necə yəni dəydi? Görmürsən ki, ölüb?..
– Yenə də dəydi. Çünki onun yanına çatanda hələ sağ idı. Onun son sözlərini eşitmək mənim üçün hər şey idi.
– Nə dedi? Vəsiyyət elədi?
– Yox, yoldaş komandir. Vəsiyyət eləmədi. Sadəcə bunu dedi: “Bilirdim ki, gələcəksən”.
P.S: Bu hekayə 5-ci sinif üçün “Azərbaycan dili” (Bakı, 2024) dərsliyinə aid metodik vəsaitin 1-ci hissəsinin 24–26-cı səhifələrində qrammatik təhlil məqsədilə Rafiq Ələkbəroğlu imzası ilə verilib. Amma Vətən müharibəsi zamanı “FB” sosial şəbəkəsində gənc yazıçı Kəramət Böyükçöl (30 oktyabr 2020) və Məzahir Məmmədli (2 noyabr) öz səhifələrinə imzasız qoyublar. Yazıçı Natəvan Dəmirçioğlunun “Açar” romanında da belə bir epizod var. Mina Rəşidin “Vətən səsi” onlayn qəzetində (23 fevral 2024) eyni ad altında şəhid baş leytenant Muxtar Qasımlı haqqında verdiyi oçerkdə isə epizod kimi ona aid edilib. Buna görə də müəllifin kim olduğu mübahisələr doğurub. Kimsə öz şərhində əhvalatın illər öncəyə, kimsə hətta Çanaqqala savaşına aid olduğunu bildirib.
Biz də olayın, hekayənin konkret kimə aid olduğunu, bu barədə ilk dəfə kimin yazdığını bilmirik. Hər bir halda, ibrətamiz müharibə səhnəsi kimi Zəfər Günü səhifəsində təqdim etdik.