“Azərbaycan Ermənistanın dinc qonşusu ola bilər”

post-img

Bu sözləri Serbiyanın sabiq prezidenti Boris Tadiç “Caliber.az” saytının siyasi analitiki Orxan Amaşovla müsahibəsində söyləyib 

Azərbaycanı, Cənubi Qafqazı, eləcə də dünyanı narahat edən məsələlərdən söhbət açılan müsahibəyə marağı nəzərə alaraq, onun tərcüməsini qısa ixtisarla “XQ” oxucularının diqqətinə çatdırırıq. 

– Salam! Zəngin təcrübənizə əsaslanaraq bizə izah edə bilərsinizmi ki, dünyamız niyə bu qədər parçalanıb? Parçalanmış bu dünyanı bərpa etmə­yin yolları varmı? Əlbəttə ki, panasea axtarma­yacağıq, amma arqumentasiya qurmağımız üçün baza rolunu nə oynaya bilər?

– Parçalanmağımızın səbəbi ondan ibarətdir ki, bö­yük dövlətlər ümumi problemləri müzakirə etmək ye­rinə bir-birinə qarşı çıxırlar. COVID-19-un bütün dün­yaya necə təsir etdiyini xatırlayırsınız? İnsanlara yeni və effektiv peyvənd təklif etmək üçün elmi mərkəzlər arasında əməkdaşlıq yox idi. Çünki ortada rəqabət var idi və zəruri tədbirlər barədə məlumatı paylaşmadılar. Xoşbəxtlikdən peyvəndi tez hazırladılar, amma, bu, əməkdaşlığın deyil, texnoloji tərəqqinin və inkişafın sayəsində baş verdi. Bəli, bəşər tarixinin, hətta çox çətin və təhlükəli dönəmində də əməkdaşlıq etmədik. Bizdə qarşılıqlı inam əvəzinə yeni fikir ayrılıqları möv­cuddur və bu amil dünya düzənini formalaşdırır. İndi bunun necə düzəldilməsi üzərində düşünürük.

– Əlbəttə ki, Ukrayna böhranı hazırda parçalan­mış dünyanın əsas tərkib hissəsidir. Qərb liderləri, Amerika prezidenti Ukraynanın ərazi bütövlüyünü axıra qədər dəstəkləməkdə israrlı olduqlarını bil­dirirlər. “Axıra qədər” nə deməkdir? Bu, o, demək­dirmi ki, Ukrayna ərazi bütövlüyünü, o cümlədən Krımı tam bərpa edəcək? Yoxsa, bu, Moskva və Kiyev arasında hansısa kompromisin əldə edilə­cəyi mənasına gəlir? Bu məsələyə münasibətiniz necədir?

– “Böyük güclər”, hətta Qərbin nüfuzlu dövlətləri bu proqnozu həmişə öz maraqlarına uyğun nəzərdən keçirirlər. Onların maraqları təmin olunana qədər mü­haribə davam edəcək. Rusiyanın Ukraynada fərqli marağı var və bu maraq ABŞ-nin dünyanın müxtəlif nöqtələrindəki maraqlarına çox bənzəyir. Bu müha­ribənin məhz maraqların ciddi şəkildə fərqləndiyinə görə çox davam edəcəyindən qorxuram. Bizim ara­mızda fərqli maraqlar və mövcud münaqişələrlə bağlı mübahisə mövcuddur və üfüqdə heç bir sülh sazişi görünmür. Və bu, ona görə çox çətin vəziyyətdir ki, hər hansı bir razılaşmanı təklif edə bilmərik. Qarşıdur­manın dinc yolla həllindən çox uzağıq və bu reallıq dünyadakı cari vəziyyətə görə məsuliyyət daşıyan hər kəsi narahat edir. Bunun nə qədər davam edə biləcə­yini soruşursunuz. Bir il də davam edə bilər, on il də. Əsas problem budur.

– Qarşılaşdıqları problemlər baxı­mından oxşarlıqları olan Azərbaycan və Serbiyanın ümumi maraqları han­sılardır? Bizim enerji sahəsində ol­duqca yaxşı əlaqələrimiz var. Serbiya və Azərbaycanı birləşdirən maraqları qısaca necə təsvir edərdiniz? 

– Prezident İlham Əliyevlə ilk dəfə on beş–on altı il bundan əvvəl görüş­müşəm. Bakının hansısa restoranında təşkil etdiyimiz qeyri-rəsmi şam yeməyi idi. O vaxt bir-birimizi tanımırdıq. Bizi na­rahat edən problemlər, ümumi çağırışlar barədə söhbət etməyə başladıq. İlham Əliyev Qarabağın adını çəkərək, vəziy­yətin çətinliyini, problemin mahiyyətini izah etdi. Mən də ona Kosovo proble­mindənn danışdım. Xoşbəxtlikdən, si­zin Qarabağınızda NATO-nun, yaxud KFOR-in qoşunları yox idi. Amma bizim Kosovoda var idi. Biz öz problemimizi həll etdik. Siz də bütün sülh prosesini başa çatdırmağa yaxınsınız və bu, çox yaxşıdır. Buna görə Prezidentinizə hör­mət edirəm. 

Əslində, biz problemimizi həll etmə­mişik, çünki NATO qoşunları hələ də Kosovodadır. Yəni, beynəlxalq müqa­vilələrə uyğun olaraq Serbiya ilə Kosovo əyaləti arasındakı inzibati sərhədi əldə silahla belə keçə bilmərik. Bu, o demək­dir ki, biz problemi Azərbaycan kimi həll edə bilmərik. Dinc danışıqlar aparmalı­yıq. Ötən illər ərzində Azərbaycanın da niyyəti bu olub. Amma təəssüf ki, erməni tərəfi bu təklifi qəbul etmədi, biz isə da­nışıqlara getməyə məcburuq. İntəhası, danışıqlar bizi daha çətin duruma gətirir. Amma Kosovodakı alban liderləri bütün diyarda, hətta Kosovonun yüz faiz serb­lərin məskunlaşdığı ərazilərində də sə­lahiyyətləri ələ keçiriblər. Bu, bizim üçün çox təhlükəli vəziyyət yaradır və təkcə diyarda yox, həm də bütün Serbiyada gərginliyi artırır. Düşünürəm ki, gələcək tərəqqimiz naminə biz bu məsələlərdə çox diqqətli olmalıyıq.

– Əlbəttə, Azərbaycanın Qarabağ təcrübəsindən, məlum səbəblərdən, Serbiya istifadə edə bilməz. Qara­bağla bağlı onilliklər boyu danışıq­lar gedib, amma ATƏT-in Minsk qru­pu tamamilə iflasa uğradı. Bu, təkcə azərbaycanlıların deyil, kənardakı insanların da fikridir. Və sonda Azər­baycan öz ərazisində qanuni tədbir­lər görməyə məcbur oldu. Gürcüstan, Moldova və Ukrayna kimi postsovet məkanının bəzi ölkələri də oxşar problemlərlə üzləşiblər. Sizcə, oxşar duruma düşən bu ölkələr Azərbayca­nın təcrübəsindən nə dərəcədə istifa­də edə bilərlər? 

– Bütün bunlar İosif Stalindən qa­lan mirasdır. Onu nəzərdə tuturam ki, o, sərhədləri olduqca spesifik şəkildə müəyyən edib. Məqsəd hər bir respubli­kada problem yaratmaq və bununla ma­nipulyasiya etməyə çalışmaq idi. Bu isə Stalindən sonrakı onilliklər ərzindəı sə­riştəsiz rəhbərliyin nəticəsidir. Yəni, bu məsələdə hər bir ölkənin rəhbərliyinin səriştəliliyini nəzərə almalıyıq. İkincisi, problemlərin həllində düzgün yolun tapıl­ması baxımından hər bir ölkənin rəhbəri kifayət qədər yetkin, savadlı və bacarıqlı olmalıdır ki, bu da çox vacib amildir. Ser­biya da bu problemlə üzləşib. Bəli, biz Kosovodan imtina edə bilmərik, eyni za­manda, Azərbaycanın Qarabağda etdiyi kimi, regionun ölkənin suveren ərazisinə inteqrasiyası da mümkün deyil. Sizinlə tamamilə razıyam ki, hər bir hal özünün səciyyəvi xüsusiyyətinə malikdir və bu, nəzərə alınmalıdır. Serbiya danışıqlar aparmalı, amma qanuni maraqlarından da imtina edə bilməz. Biz Kosovonun müstəqilliyini tanımaq fikrində deyilik, fəqət dayanıqlı həll yolunu tapmaq, barışıq istiqamətində işləmək üçün, fik­rimcə, səylərimizi davam etdirəcəyik. Barışıq olmadan möhkəm sülh, inkişaf və tərəqqi də olmayacaq. Buna görə mən barışıqda israrlıyam. Azərbaycanın Ermənistanla bağlı problemə, eləcə də Qarabağ məsələsinə yanaşmasını yük­sək qiymətləndirirəm. Bu, həqiqətən də bütün dünyaya ümidlər verir.

– Azərbaycan Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən son­ra Avropanın bəzi institutlarının son dərəcə mənfi reaksiyasının əlamətləri görünməyə başladı. Məsələn, bu ilin yanvarında Azərbaycanın AŞPA-da­kı nümayəndə heyətinin səlahiyyət müddəti uzadılmadı. Avroparlament səviyyəsində Azərbaycana qarşı bir sıra qətnamələr qəbul edildi. Belə təəssürat yaranır ki, Azərbaycan Qa­rabağda əldə etdiyi möhtəşəm uğu­run, ərazi bütövlüyünü və suverenli­yini bərpa etməsinin əvəzini ödəyir. Sizcə, bu, uğura görədir?

– Bəli, sizinlə razıyam. Yəqin ki, elə­dir. Eyni zamanda, XX əsrin əvvəllərin­də ermənilərin başına gələnləri, onlarda qonşularına qarşı hansı dünyagörüşü­nün formalaşdığını da nəzərə almalı­yıq. Erməni diasporu çox böyükdür və müxtəlif ölkələrdə, o cümlədən Avropa İtifaqının üzvü olan bəzi ölkələrdə fəa­liyyət göstərir. Bu səbəbdən erməni diasporunun öz səsi var. Siz də bu və­ziyyətə uyğunlaşmalısınız. Əsəbiləşmə­dən, sakit və düzgün reaksiya verməklə. Düşünürəm ki, gələcəkdə bu vəziyyət həllini tapacaq. Yeri gəlmişkən, Prezi­dent İlham Əliyevin və onun köməkçilə­rinin bu məsələyə yanaşma tərzləri hər cür hörmətə layiqdir.

– Gəlin Ermənistandan danışaq. Hər şeydən göründüyü kimi, Ermə­nistanın suverenliyi ciddi “zədələ­nib”. Azərbaycanda belə bir fikir var və bunu bir sıra erməni ekspertləri də bölüşürlər: İrəvan 90-cı illərin əv­vəllərində yanlış geosiyasi seçim edib. Bu seçim Qarabağın işğalını saxlamaq naminə Ermənistanın su­verenliyinin Rusiyaya təhvil verilməsi üzərində qurulmuşdu. İkinci Qara­bağ müharibəsi onlar üçün həyəcan siqnalı oldu və məlum kompromisi də sarsıtdı. Çünki, ermənilərin göz­lədiyi kimi, Rusiya müharibəyə mü­daxilə etmədi. İndi onlar, belə demək mümkünsə, rus hökmranlığından qurtulmaq istəyirlər. Ermənistanın öz ölkəsində Rusiyanın mövcudluğunu məhdudlaşdırmaq səylərini necə qiy­mətləndirirsiniz?

– Bu səylər Ermənistanın hazırkı ha­kimiyyətinin strateji planlarına uyğundur. Paşinyan hakimiyyətə diasporun böyük dəstəyi ilə gəlib. Diaspor isə Rusiyanı dəstəkləmir. Bu mənada biz ermənilə­rin, məsələn, Fransada Azərbaycan abidələrinə hücumlarla nəticələnən qəzəbini başa düşməliyik. Onlar keç­mişdə də, indi də sizin başqa ölkələrdə­ki mədəni irsinizə və abidələrinizə qarşı belə hərəkətlər ediblər. Mən bunun qəti əleyhinəyəm və ümid edirəm ki, digər tərəfdaşlar da məsələyə ciddi yanaşa­caqlar. Dünyadakı hər bir xalqın mədəni irsinə normal yanaşma vacibdir. Burada ən önəmlisi bəşəri məsələlərə diqqət yetirməli və ermənilərlə, dünyanın hər bir erməni icması ilə Azərbaycan arasın­da, bir növ, körpü yaratmağa, durmadan izah etməyə, başa salmağa çalışmalı, təslim olmamalıyıq. Danışıqlar, təmas­lar baxımından da təzyiq göstərməli, iki xalq, iki ölkə arasında münbit şərait yaratmalıyıq. Dediyiniz kimi, Ermənis­tan indi müəyyən çətinliklərlə üz-üzədir. Amma düşünürəm ki, hətta baş verən­lərdən sonra da bu yöndə müəyyən rol oynamalıyıq. Azərbaycan Ermənistanın ən yaxşı dostu ola bilər.

– Bəli, Azərbaycanın Ermənistanı məğlub etməsi, faktiki olaraq, ona geosiyasi vəziyyət və Rusiya ilə mü­nasibətlər barədə düşünmək üçün imkan yaratdı. Sizin fikrinizcə, Azər­baycanla Ermənistan arasında sülh sazişi ikincinin suverenliyini güclən­dirə, həm də Rusiyanın mövcudluğu­nu məhdudlaşdıra bilərmi?

– Mən də belə düşünürəm, amma İrəvanın buna cürət edəcəyinə əmin deyiləm. Ermənistan heç də həmişə dost sayılmayan dövlətlərlə əhatə olun­muş kiçik bir ölkədir. Bu baxımdan indi onlara dost lazımdır. Hesab etmirəm ki, Moskva İrəvanın əsl dostudur, amma Rusiya ermənilərin bəzi siyasi layihələ­rinin dostudur və bu, böyük problemdir. Düşünürəm ki, Azərbaycan bu qonşu ölkə ilə ən yaxın münasibətlərdə ma­raqlıdır.

– Bu il COP29 sammiti Azərbay­canda keçiriləcək. Bu, genişmiqyaslı tədbir və böyük məsuliyyətdir. Dün­yada qazla zəngin ölkə olduğunu əsas gətirərək BMT-nin ən böyük iqlim konfransının Azərbaycanda ke­çirilməsi ideyasına müəyyən qərəzli münasibət var. Bu barədə nə düşü­nürsünüz? Sizcə, Azərbaycan kimi ölkələrin COP29-a evsahibliyi etmək imkanı olmalıdır?

– Azərbaycan geostrateji baxımdan çox böyük və əhəmiyyətli ölkədir. Ərazi­sinə və ya əhalinin miqyasına görə yox. Amma, eyni zamanda, nəzərə almalıyıq ki, azərbaycanlılar təkcə Azərbaycan­da deyil, Türkiyə və İranda da yaşayır­lar. İkincisi, Azərbaycan belə mötəbər konfransın keçirilməsi üçün ən doğru məkandır. Çünki siz Cənubi Qafqazda – Xəzər və Qara dəniz arasında yerlə­şirsiniz. Bu, transmilli enerji dəhlizidir. COP29-da enerji istehlakı və istehsalı məsələlərinin müzakirə edilməsi çox va­cibdir. Hesab edirəm ki, Azərbaycan belə bir konfransa evsahibliyi etməklə, “yaşıl enerji” baxımından, xüsusilə Xəzər və Qara dəniz hövzəsində, Balkanlarda çox işlər görə, yeni enerji arxitekturasın­da son dərəcə mühüm oyunçu ola bilər. Həm Avropada, həm də, demək olar ki, bütün dünyada.

– Qarşılıqlı əlaqələr gündəliyi kon­tekstində Serbiyanın Orta dəhliz kon­sepsiyasına yanaşması necədir?

– Mən əvvəldən hökumətimi Orta dəhlizə qoşulmağa çağırdım, amma təəssüf ki, təklifimi qəbul etmədilər. İndi buna yaxınlaşırıq və bu, təqdirəlayiqdir. Ona belə gec qoşulmağımızı başa düşə bilmirəm. Ancaq nə olursa–olsun, biz indi layihədəyik. Mən bu dəhlizə xüsusi alternativ görmürəm. Keçmişdə Rusiya idi, amma o, artıq Avropaya lazım olan qazı ixrac eləmir. “Şimal axını” işləmir. “Cənub axını” isə hələ tam həcmdə işə düşməyib. Yeni dəhlizin yaradılması çox vacibdir. Bizim alternativ qaz mən­bəyimiz kimi, Azərbaycan var. Bəlkə gələcəkdə Türkmənistan da ola bilər. Bu, Türkmənistan və Azərbaycan ara­sında əməkdaşlıq məsələsidir. İsraillə Kipr arasında qaz yataqları var. Misiri də unutmayaq. Nəhayət, deyə bilə­rik ki, Norveç və Şimal dənizi də var. Amma oradan Cənubi Avropaya nəql problemi həll olunmayıb. Ona görə də mən Rusiyanın qaz sənayesində təsirini əvəzləmək üçün bu üç imkandan bəhs etdim. Əgər tam səmimi desəm, rus qazının əleyhinə deyiləm. Bu məsələ­də Rusiyanın əsas neft-qaz şirkətləri ilə əməkdaşlığın tərəfdarıyam. Amma, eyni zamanda, ölkəmin iqtisadiyyatı üçün strateji baxımdan çox vacib olan bir qaz mənbəyindən tamamilə asılı olmağımızı da istəmirəm.

– Azərbaycanın enerji resursları­nın ixracı baxımından Avropa üçün çox etibarlı tərəfdaşdır. Ümumiyyətlə, Rusiya ilə münasibətlərdəki çətinlik­ləri nəzərə alaraq, Azərbaycanın Av­ropadakı bu rolunun gələcəkdə daha da güclənəcəyini düşünürsünüzmü?

– Azərbaycan bir çox aspektlərdə eti­barlı tərəfdaşdır və biz bunu, həqiqətən, yüksək qiymətləndiririk. Mən rəsmi Bakı ilə siyasi sahədə çalışmışam, sonra da iqtisadi sahədə əməkdaşlıq qurmuşuq. İnfrastruktur layihələrində çox yaxşı əməkdaşlığımız mövcuddur. Azərbay­can şirkəti paytaxt Belqradda avtomobil yollarının inşası ilə məşğuldur. Onun işindən çox razıyam. Ola bilsin ki, bu şirkətin Serbiyada görünməsində mə­nim də müəyyən rolum olub. Amma indi biz enerji sektorunda əməkdaşlığın yeni mərhələsinə keçirik. 

Neçə illər əvvəl SOCAR-ı idarə edənlərə Serbiyaya gəlməyə inandırma­ğa çalışmışam. Təkcə öz ölkəmdə neft emalı zavodu qurmaq və ya qaz səna­yesinə təsir göstərmək baxımından de­yil, həm də gübrə şirkətinə sərmayə qoy­mağa təşviq etmişəm. Bu, Serbiya üçün çox vacib sahədir. Çünki inkişaf etmiş kənd təsərrüfatımız var və buna görə də ölkəmin qaz sənayesində SOCAR kimi etibarlı tərəfdaşın olmasının strateji əhə­miyyət daşıdığını düşünürəm. Təəssüf ki, mən hələlik Azərbaycan tərəfini bura gəlməyə inandıra bilmədim. 

Ancaq indiki dövrdə əlaqələrimizin nə qədər genişmiqyaslı, ümumiyyətlə, dünyada əməkdaşlığın nə qədər çox­şaxəli ola biləcəyini təsəvvür etmək üçün bunu qeyd etdim. Məsələn, əgər siz Serbiyada gübrə istehsal edirsinizsə, onu bütün Balkan ölkələrində sata bilər­siniz. Yəni, bu formada özünüz üçün yeni bazarlar fəth edirsiniz. Təbii ki, bu, hər bir fərdi şirkətin biznes ideyasına və biznes planlarına uyğun olmalıdır. Mən buna göz yumacaq qədər sadəlövh de­yiləm. Fəqət bu yolla biz Cənub-Şərqi Avropa regionunda əməkdaşlığımızı ge­nişləndirə bilərik.

– Əlbəttə ki, bunun üçün imkanlar var. Sadəcə, onlardan düzgün istifa­də etmək lazımdır. Cənab Tadiç, bizə vaxt ayırdığınıza və çox maraqlı söh­bətə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

– Çox sağ olun!

Təqdim etdi:
İmran BƏDİRXANLI
XQ



Müsahibə