AMEA – müstəqil dövlətçiliyin xidmətində

post-img

III MƏQALƏ

Vaxt gələcək, insan öz fikirlərini ən uzaq məsafələrə göndərə biləcək.

Nikola TESLA

Yeni vəzifələr və istiqamətlər

2023-cü ildə həyata keçirilən fəaliyyət istiqamətlərinin təqdimatı və qərar layihə­sində 2024-cü il üçün nəzərdə tutulan fəaliy­yətin punktlar üzrə ifadəsi bizi çox maraqlı və yeni tarixi mərhələdə Azərbaycan dövlət­çiliyi üçün aktual olan bir məqama yönəldir. Onun aktuallığını gerçəkdən anlamaq üçün iki ümumi faktı yada salmaqda fayda vardır. 

AMEA-nın dövlət başçısı tərəfindən təs­diq olunmuş yeni nizamnaməsində təşkilatın 21 vəzifəsi müəyyən olunmuşdur. Onlardan 5-i aşağıdakı kimidir:

– Elm sahəsində normativ hüquqi aktla­rın, dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların hazırlanmasında, bu sahənin prioritet inki­şaf istiqamətlərinin və inkişaf strategiyasının müəyyənləşdirilməsində iştirak etmək;

– Azərbaycan dilinin qorunmasında, azərbaycançılıq və milli dövlətçilik ideologi­yasının elmi əsaslarının işlənib hazırlanma­sında iştirak etmək, bu istiqamətdə ardıcıl və sistemli tədqiqatlar aparmaq;

– Azərbaycan ədəbi-ictimai fikrinin, mədəniyyətinin, tarixi-mədəni irsinin, adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunmasına və inkişaf etdirilməsinə dair elmi tədqiqatlar həyata keçirmək;

– görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin elmi irsini, şəxsi arxivlərini, əl­yazmalarını, tarixi əhəmiyyət kəsb edən di­gər materialları qoruyub saxlamaq və istifadə üçün təqdim etmək, elmi məktəbləri inkişaf etdirmək;

– apardığı elmi tədqiqat işlərini elmin prioritet inkişaf sahələrinə və istiqamətlərinə uyğunlaşdırmaq.

Bu vəzifələrdən fəlsəfi xarakterli müəy­yən nəticələr çıxarmaq olar: 

Birincisi, nizamnamə AMEA-nın üzə­rinə elmi vəzifə kimi dövlətin elm siyasətinə xidmət etməyi qoyur. Bu, o deməkdir ki, AMEA-nın vəzifəsi hazırda dövlət başçısı­nın müəyyən etdiyi kurs üzrə elm siyasətinə ciddi dəstək veməkdən ibarətdir. Təşkilatın ümumi yığıncağında AMEA rəhbərliyinin irəli sürdüyü firkirlərdə bu özəllik ciddi yer tutmuşdur. 

İkincisi, AMEA üçün məsələ ümumi halda elm siyasətinə uyğun fəaliyyət göstər­məyi deməklə qətiyyən məhdudlaşmır. Bu fəaliyyətin əməli tərəfi konkret məzmunda müəyyən edilmişdir və praktiki tətbiqdədir! Onların sırasında yuxarıda vurğuladığımız 5 vəzifənin hər biri vardır. Burada “döv­lət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların ha­zırlanmasında, bu sahənin prioritet inkişaf istiqamətlərinin və inkişaf strategiyasının müəyyənləşdirilməsində iştirak etmək”, “azərbaycançılıq və milli dövlətçilik ideo­logiyasının elmi əsaslarının işlənib hazır­lanması” və “Azərbaycan ədəbi-ictimai fik­rinin, mədəniyyətinin, tarixi-mədəni irsinin, adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunması və inkişaf etdirilməsi” xüsusi vur­ğulanmışdır. 

Üçüncüsü, burada əksini tapmış ümumi tezis – ideyanın qarşılıqlı əlaqədə həyata keç­məsi əlavə vəzifə kimi məntiqi olaraq alınır. 

Bəs həmin məqamları tədqiqat prosesin­də və mövzularında hansı ümumi parametrə görə vahid məntiqi əsasda reallaşdırmaq mümkündür? Bunun üçün nizamnamədə yer almış 6 fəaliyyət istiqamətindən 3-nün məz­mununa diqqət yetirək. Onlarda deyilir:

–Azərbaycanın iqtisadi, sosial, mədəni və innovativ inkişafına xidmət göstərmək AMEA-nın fəaliyyətinin əsas məqsədidir;

–elm sahəsində dövlət siyasətinin for­malaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

–həyata keçirdiyi elmi tədqiqatların Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair milli prioritetlərə və inkişaf strategiyasına uyğun təşkilini və inkişafını təmin etmək.

Aydın görünür ki, AMEA rəhbərliyi döv­lət başçısı tərəfindən qarşıya qoyulmuş əsas vəzifələri fəaliyyət istiqamətlərində dəqiq və konkret ifadə etmişdir. Burada “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair milli prioritetlərə və inkişaf strategiya­sına uyğunluq”, “iqtisadi, sosial, mədəni və innovativ inkişafına xidmət” və “elm sahə­sində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək” kimi vəzifələr aparıcıdır. 

Vurğulanan vəzifələrlə konkret fəaliyyət istiqamətlərinin seçdiyimiz punktları ideya, yanaşma və reallaşma aspektlərində bir-biri­ni tamamlayırlar. Fikrimcə, onların qarşılıqlı əlaqəsində AMEA üçün vacib olan bir tezis də yaranmışdır. O tezis yeni tarixi mərhələ­də milli ideyanın konseptual, fəlsəfi, siya­si-nəzəri, hüquqi hazırlanmasında və təkliflər paketi kimi təqdim olunmasında AMEA-nın aparıcı rol oynaması ilə əlaqəlidir. Niyə məhz milli ideya?

Akademiya strateji orqan kimi

Ölkənin baş elmi təşkilatı kimi AMEA strateji dövlət orqanıdır. Onun geniş və güclü elmi kadrlar sistemi mövcuddur. Buna görə də AMEA müasir mərhələdə və gələcək döv­rlərdə dövlətçilik, elm, mədəniyyət, ideologi­ya, təhsil, sosial-mədəni, iqtisadi tərəqqi, hər­bi-müdafiə, kosmik tədqiqatlar, texnologiya, fundamental elmlərin hər bir sahəsi üzrə malik olduğu imkanlarla dövlətin yanında olmalıdır. 

AMEA indi məhz bu funksiyanı tam mə­suliyyəti ilə yerinə yetirməkdədir. Ümumi desək, dövlət üçün strateji əhəmiyyət daşıyan hər bir məsələnin nəzəri-elmi cəhətdən araş­dırılması və onun praktiki reallaşma yolları­nın müəyyən edilməsi AMEA-nın missiyası­na daxildir. 

Strateji xarakterli ümumdövlət əhəmiy­yətli məsələlər sırasında yeni tarixi mər­hələdə milli ideyanın yeri və rolu haqqında Prezident İlham Əliyev kifayət qədər aydın və dəqiq mövqe bildirmişdir. Eyni zamanda, dövlət başçısı, bütövlükdə, cəmiyyəti mil­li ideyanın hazırlanması prosesində geniş iştiraka səsləmişdir. Bu müraciətdən sonra AMEA əsaslı şəkildə milli ideyanın həm yeni mərhələ üçün təhlilinə, həm də onun müza­kirəsinə baş vurmaqdadır. Bunun sadəcə söz olmadığını konkret fəaliyyət göstərir. Onları bir neçə səviyyədə qruplaşdırmaq olar. 

Təhlili müzakirələr səviyyəsi

Bu funksiya AMEA Rəyasət Heyətinin uyğun elmi seminarlarında AMEA preziden­tinin koordinasiyası və birbaşa rəhbərliyi ilə həyata keçirilir. O cümlədən, milli ideya ilə əlaqəli müxtəlif xarakterli mövzular həmin seminarlarda müzakirə edilir və konkret ye­kun tezislər müəyyənləşdirilir. Bu proses nə­ticəsində milli ideya ilə bağlı fəlsəfi, tarixi, sosial, kulturoloji, iqtisadi, texnoloji və digər aspektlərə aid tezislər formalaşdırılır, onların vahid ideoloji məntiq çərçivəsində sistemləş­dirilməsi aparılır. İdeoloji məntiq azərbay­cançılıq ideologiyasının ruhuna və məqsə­dinə uyğun məntiqi yanaşmanı ehtiva edir. Burada azərbaycançılıq çərçivəsində multi­kultural dəyərlərin cəmiyyətin bütövlüyünü təmin etmək kimi strateji hədəf kontekstində nəzərə alındığı müşahidə edilir. 

AMEA-nın ümumi yığıncağının qərar­larında ifadə edilmiş “ölkənin hərbi, texno­loji, ideoloji, enerji, informasiya, nəqliyyat və iqtisadi təhlükəsizliyinin qorunmasında, ərazi toxunulmazlığının təmin edilməsində elmin daha yaxından iştirakını təmin etmək üçün kompleks tədbirlər hazırlanıb həyata keçirilsin” və “Azərbaycançılıq ideologiya­sının və multikulturalizm konsepsiyasının el­mi-nəzəri əsaslarının tədqiqi və fundamental istiqamətlərinin müəyyənləşdirilməsi, sosial proseslərə tətbiqi ilə bağlı araşdırmalar daha da genişləndirilsin” punktlarının birbaşa həm də millli ideyanın hazırlanması fəlsəfəsinə aid olduğunu anlamaq çətin deyildir. 

Milli ideyanın hazırlanması aspektində burada AMEA rəhbərliyinin ciddi nəzərə al­dığı və konspetual xarakterə malik bir faktı da vurğulamalıyıq. Biz, milli ideyanın elmi seminarlarda nəzəri təhlili müzakirələrinin konseptual baxımdan sərhədlərini qərarda yer almış iki müddəanın müəyyən etdiyini nəzərdə tuturuq. Onlardan birincisi təhlilin ümumi fəlsəfi və elmi-siyasi “çətiri” ilə bağ­lıdır. Qərarda həmin məqam aşağıdakı kimi ifadə edilmişdir: “Dünyada və regionda geo­siyasi və iqtisadi arxitektonikanın müəyyən­ləşməsində Azərbaycanın əsas faktora çevril­diyi müasir dövrdə respublikada fundamental və tətbiqi tədqiqatların prioritetləri “Güclü Azərbaycan Konsepsiyası”nın elmi əsasla­rının hazırlanmasına yönəldilsin”. Deməli, milli ideya güclü dövlətin milli ideyası olma­lıdır.

Təhlili konseptual fəaliyyətin müasir elmi əsaslandırılmasının başlıca tezisi də qərarda belə ifadə edilmişdir: “texnoloji in­kişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi və s. kimi is­tiqamətlər üzrə elmi araşdırmaların daha da gücləndirilməsi, bu sahələr üzrə respublikada və xaricdə mütəxəssislərin hazırlanması üçün tədbirlər həyata keçirlsin”. 

AMEA Rəyasət Heyətinin tədbirlərində təhlili, konseptual, nəticəverici müzakirələr faktiki olaraq II məqalədə vurğuladığımız üç başlıca vəzifə – blokun sintez halında konkret reallaşma mexanizmidir. Rəyasət Heyətinin milli ideya ilə bağlı seminarlarının predmet istiqamətli olması da təmin edilmişdir. O ar­tıq ikinci səviyyə ilə – tədqiqat institutlarının fəaliyyəti ilə bağlıdır. 

Milli ideyanın araşdırılması

Bu, AMEA-da milli ideyanın araşdırıl­ması prosesinin bazasını təşkil edir. Bu pro­sesdə sosio-humanitar elmlərə aid hər bir institut kollektivi iştirak edir. Təbiət elmləri, riyaziyyat, kibernetika, informasiya, texniki elmlər də bu prosesdən kənarda qalmırlar. Onların hər biri öz layihələri üzrə milli ide­yanın araşdırılmasında iştirak edirlər. 

Məsələn, informasiya texnologiyaları institutu ciddi bir funksiyanı – elmi fəaliy­yətin riyazi-kibernetik-informasion model­ləşdirilməsi, o cümlədən, süni intellektin bu prosesdə iştirakı istiqamətində əhəmiyyətli araşdırmalarını davam etdirir. Həmin bağlı­lıqda yeni alqoritmlərin tətbiqi çox maraqlı hadisədir. Bu istiqamətdə akademik Rasim Əliquliyevin rəhbərlik etdiyi tədqiqat insti­tutunda mütəmadi olaraq elmi seminarların təşkil edilməsi faydalıdır. 

Bunlarla yanaşı, milli ideyanın araşdırıl­masında Fəlsəfə və Sosiologiya, Filologiya,­Tarix, Folklor kimi institutların üzərinə ayrı­ca məsuliyyət düşür. Fəlsəfə və Sosiologiya İnstitutunda bu istiqamətdə intensiv araşdır­malar aparılır. Fəlsəfənin müxtəlif aspektləri üzrə milli ideyanın təhlili aparılır və onlar konkret əsərlərdə, müxtəlif elmi tədbirlərdə ifadəsini tapır. Bu zaman Fəlsəfə və Sosio­logiya, Tarix, Filologiya və Folklor institut­larının birgə tədbirlər təşkil etməsi faydalı gedişatdır. Həmin istiqamətdə Azərbaycanın görkəmli elm, mədəniyyət və incəsənət xa­dimlərinin, yazıçı və şairlərinin yaradıcılıqla­rının institutlararası mühitdə təhlili ilə bağlı tədbirlərin çəkisinin getdikcə artması lazım­lıdır. 

Beləliklə, AMEA geniş şəkildə, elmi əsaslı və müxtəlif araşdırma səviyyələrinin qarşılıqlı əlaqəsində yeni tarixi mərhələdə milli ideyanın hazırlanmasında artıq aparıcı rol oynamaqdadır. Bu təbii və məntiqi pro­sesin daha yüskək səviyyəyə çatacağını göz­ləmək olar. 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət