Şarovski: Həyatımı Bakısız təsəvvür etmirəmHava

post-img

Görkəmli aktyor və rejissor, Xalq artisti Aleksandr Şarovski müasir Azərbaycan teatr sənətinin inkişafında danılmaz xidmətləri olan qüdrətli sənətkarlardandır. 1991-ci ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissorudur. Səhnədə 50-dən çox parlaq obraz yaradıb, 54 tamaşaya quruluş verib. Bugünlərdə XQ-nin müxbirləri sevimli sənətkarla görüşərək geniş müsahibə alıblar. 

– Aleksandr Yakovleviç, bildiyi­mizə görə, siz peşəkar teatr təhsili almamısınız. Necə oldu ki, teatr alə­minə qədəm basdınız? 

– Mən, həqiqətən, ixtisasca aktyor deyiləm. Bu sahədə fəaliyyətə 1967-ci ildə Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində başlamışam. Məni bura xoş bir təsadüf gətirib. Etiraf edirəm ki, teatra gəlişimin səbəbi ilk sevgim ilə bağlı olub. Belə ki, hələ orta məktə­bin 10-cu sinfində oxuyarkən bir gözəl qıza bərk vurulmuşdum. Qız da mənə biganə deyildi. Bir-birimizdən ayrı qala bilmirdik. O qız musiqi məktəbini bitirib Dövlət Gənc Tamaşaçılar Teatrının or­kestrində pianoçu kimi işləməyə baş­ladı. Nə gizlədim, onu hər gün, hər an görmək istəyirdim. Axı, həyatımın çox qaynar çağları idi. 

Bir dəfə qızı təəccübləndirməyi qə­rara aldım. Məktəbdə dram dərnəyində məşğul olmuşdum, aktyorluq bacarı­ğım var idi. Özümdə cəsarət tapıb te­atra getdim. Yaxşı xatırlayıram, o vaxt teatrın baş rejissoru Zəfər Nemətov, direktoru isə Bala Qasımov idi. Çox peşəkar və xeyirxah insanlar idilər. On­lara dedim ki, aktyor olmaq istəyirəm. Məni yoxladılar və teatrın truppasına qəbul etdilər.

Qız biləndə ki, onunla bir kollektiv­də çalışıram, buna çox sevindi. Mən bu teatrın səhnəsində 1976-cı ilə qədər çalışdım. Beləcə bu sənətə əbədi bağ­landım. Qeyd etmək istərdim ki, mənə ən çox uğuru A.Dümanın “Üç muşket­yor” əsərindəki müşketyor Dartanyan obrazı gətirib. 

Atam aktyor olmağıma heç razı de­yildi. Artıq səhnədə müxtəlif tamaşalar­da rol alsam da, onun könlünü almaq üçün Xarici Dillər Universitetinə qəbul olundum. Atama vəd verdim ki, institu­tu bitirən kimi, teatrla vidalaşacağam. 

– Lakin teatrdan ayrıla bilmə-diniz...

– Səhnənin qeyri-adi bir aurası var. Ona ürək vermisənsə, ayırlmaq olmur. Başa düşdüm ki, teatr mənim taleyim­dir. Burada özümü azad və xoşbəxt hiss edirəm. 

Bir müddət sonra Gənc Tamaşa­çılar Teatrı artıq mənə “dar gəlməyə” başladı. O vaxt bir teatrdan başqasına keçmək çox çətin idi. Bəxtim gətirdi ki, həmin ərəfədə məni Dövlət Akade­mik Rus Dram Teatrına Fərhad roluna (S.Vurğunun “Fərhad və Şirin” əsəri nəzərdə tutulur – red.) dəvət etdilər. O vaxtdan bugünə qədər bu istedadlı kollektivin üzvüyəm. Fərhad rolundan sonra Ostrovskinin, Puşkinin, Qoqolun, başqa klassik rus və dünya dramaturq­larının əsərlərində əsas rolları oyna­dım. Bu gün də səhnədəyəm. 

– Bəs rejissorluğa necə keçdi­niz? 

– Dartanyan rolundan sonra qəlbi­min dərinliklərində rejissor olmaq arzu­su baş qaldırmışdı. Həmin tamaşada mən həm də rejissor assistenti olmu­şam. Rus Dram Teatrında “Müqəddəs günahkar” tamaşası səhnəyə hazırla­nırdı, mənə İblis obrazı həvalə olun­muşdu. Məşq vaxtı quruluşla bağlı müəyyən təkliflərimi verirdim. Hiss edirdim ki, aktyorlar məni eşidirlər və rejissorun dediklərindən daha həvəslə qəbul edirlər. 

Bir gün teatrın direktoru Qəzənfər Topçuyev məni kabinetinə çağırıb dedi ki, tamaşanı sənə həvalə etmək istə­yirəm. Dedim ki, axı, rejissor məndən inciyə bilər. Topçuyev bir an düşünüb təklif etdi ki, o zaman tamaşanı birlikdə hazırlayın. 

O vaxtdan məni teatra rejissor şta­tına qəbul etdilər. Bir çox tamaşalarda həm aktyor, həm də rejissor kimi çalı­şırdım. Uzun müddət qoşa fəaliyyətim bu münvalla davam etdi. Sonra o vaxt­kı mədəniyyət naziri Polad Bülbüloğlu məni teatrın baş rejissoru təyin etdi. 

– Bir çoxları deyirlər ki, aktyor Şarovski teatrda parlaq obrazlar yaradıb, amma, kinematoqrafiyada bəxti gətirməyib.

– Bu, həqiqətən, belədir. Cəmi 4 fil­mə çəkilmişəm. Etiraf edirəm ki, mən kinoya çəkilməyi sevmirəm. Ona görə də kino taleyim yoxdur. Çəkiliş meyda­nında bir gün bir kadrı, sabah isə digər bir kadrı çəkirlər, sonra da uzun montaj prosesi başlayır. Bütün bunlara mənim səbrim çatmır. 

Teatr sənəti isə tamamilə başqadır. Burada hər şey təbii və canlıdır. Teatr­da məşq prosesi, premyeralar, canlı tamaşalar daha maraqlıdır. Səmimiy­yətimə inanın, teatr mənim həyatımdır. Mən tamaşa hazırlayanda dincəlirəm. İnsan sevdiyi işlə məşğul olanda yo­rulmur.

Özünü tərifləmək olmasın, inzibat­çılığı sevmirəm. İclaslar, yığıncaqlar keçirmək mənlik deyil. Həmişə de­mişəm, bu gün də deyirəm ki, aktyor məşqdə olar, iclasda yox. Teatrımızda çox səmimi bir ab-hava var. Biz tama­şaçıları heyrətləndirmək üçün əlimiz­dən gələni edirik. Teatrsevərlər bunu hiss edirlər. 

– Repertuar ilə bağlı çətinlikləri­niz varmı? 

– Bu, çox vacib məsələdir. Bəzi müəlliflər özlərinin yarıtmaz pyesləri­ni teatra “sırımağa” çalışırlar. Onlara qətiyyətlə “yox” deməyi bacarıram. Repertuarda Rüstəm və Maqsud İb­rahimbəyovların, Anarın əsərləri əsa­sında tamaşalar var. Bir müddət əvvət mənim quruluşumda “Üç gözəl” adlı yeni tamaşanın premyerası olub. 

Hazırda əlimdə Avstriya drama­turqunun bir əsəri var, onu səhnəyə hazırlayıram. Amma düşünürəm ki, za­man-zaman klassik əsərlərə müraciət etmək mütləq lazımdır. Klassika hər bir aktyorun yaradıcılıq imkanlarını üzə çıxarır. Bir müddət əvvəl Çexovun “Al­balı bağı”nı səhnəyə qoymuşuq. Çox uğurlu alınıb. 

– Aleksandr Yakovleviç, 4 ildən sonra 80 yaşınız olacaq. Yubileyinizi hansı əsərə quruluş vermək, yaxud obrazı yaratmaqla qeyd etmək istər­diniz? 

– Mən sizi başa düşdüm. Siz, yəqin ki, Kral Lir obrazını nəzərdə tutursu­nuz. Böyük Şekspirin eyni adlı faciə­sində mən illər öncəsi Henrix rolunu səhnədə canlandırmışam. 80 yaşımla bağlı planlarıma gəldikdə isə, necə deyərlər, yaşayarıq, görərik... 

– Yaş üstünə yaş gəldikcə “iş­dən, gücdən yoruldum, usandım, bezdim” dediyiniz anlar olurmu? 

– Əksinə, illər keçdikcə daha çox teatrla bağlı olmaq istəyirəm. Mənə elə gəlir ki, teatrı hələ indi dərk etməyə başlamışam. Yadınızdadırmı, rəhmət­lik estrada müğənnisi İlhamə Quliye­vanın belə bir mahnısı vardı: “Yaşın nə fərqi var...”(Gülümsəyir).

Əlbəttə, yaş öz işini görür. Amma illər keçdikcə təcrübə də qazanırsan. Bir də ki, insan gərək ruhən qocalma­sın. Teatr elə peşə sahəsidir ki, orada bütün yaş qruplarında olan insanlara ehtiyac var. 

– Siz həm də ölkəmizin ictimai-si­yasi həyatında fəal iştirak edirsiniz. Bakıdakı Avropa Yəhudiləri İcması­nın rəhbərisiniz...

– Dünayda çox az dövlət tapmaq olar ki, müxtəlif xalqların nümayən­dələri bizim ölkədə olduğu qədər azad, sərbəst və əmin-amanlıq içərisində yaşasınlar. Mən dəfələrlə dünyanın böyük şəhərlərindəki teatrların rəhbər­lərindən iş təklifləri almışam. Amma seçim etmək barədə heç vaxt düşün­məmişəm. Sadəcə, ona görə ki, balıq susuz yaşaya bilmədiyi kimi, mən də Bakısız qala bilmərəm. 

– Siz 2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu” ilə təltif edilibsiniz. Əməyi­niz ondan əvvəl də yüksək qiymət­ləndirilib...

– Mən dövlətimdən çox razıyam. 2008-ci ildə ölkə Prezidentinin sərən­camı ilə “Şöhrət”, 2018-ci ildə “Şərəf” ordenləri ilə təltif olunmuşam. Hər dəfə belə mükafatlara layiq görüləndə de­yirəm ki, bu yüksək qiymət, bütövlük­də, bizim teatrın kollektivinin əməyinə verilən böyük dəyərdir. 

Söhbəti qələmə aldılar:
Ramilə QURBANLI,
Məsaim ABDULLAYEV
XQ



Müsahibə