Prezidenti İlham Əliyevin bu il noyabrın 28-də imzaladığı sərəncamla Xankəndidə Qarabağ Universitetinin yaradılmasını təkcə ölkə ictimaiyyəti deyil, xaricdə yaşayan həmvətənlərimiz də böyük sevinc və hədsiz məmnunluqla qarşılayıb. Türkiyənin Egey Universitetinin professoru Ürfət Nuriyev də redaksiyamıza telefon zəngində bu qərarın tarixi önəmini vurğuladı. Soydaşımızla bu barədə ətraflı söhbət mövzunun aktuallığı ilə onlayn müsahibəyə çevrildi.
– Ürfət müəllim, qardaş Türkiyədəki fəaliyyətiniz əvvəlki əlaqələrimizlə redaksiyamıza bəllidir. Madam ki, ciddi bir mövzuda söhbətə başlayırıq, istərdik ki, oxucularımız əvvəlcə müsahibimizin kim olduğunu bilsin.
– 1997-ci ildən Türkiyənin İzmir şəhərindəki Egey Universitetində çalışıram, 2005-ci ildən bu universitetin professoryam. 29 beynəlxalq və 1 milli konfransın elm və təşkilat komitəsinin, 1 beynəlxalq və 2 milli jurnalın redaksiya heyətinin üzvüyəm. Beynəlxalq statuslu elmi jurnalın baş redaktoruyam. Türkiyədə 22 nəfər elmlər doktorunun (onlardan biri soydaşımızdır) və 26 magistr tələbənin elmi işinə rəhbərlik etmişəm. 20-dək azərbaycanlı tələbənin riyaziyyat bölməmizdə magistr və doktorantura təhsili almasına dəstək vermişəm.
Hazırda mənim rəhbərliyimlə 8 tələbə doktorluq, (onlardan biri azərbaycanlıdır) və 8 tələbə isə magistrlik dissertasiyası üzərində çalışır. Bundan əlavə, 20 universitet və 2 TÜBİTAK layihəsinin icrasında iştirak etmişəm. Tələbələrimlə birlikdə hazırladığımız proqram sistemlerindən bəziləri müxtəlif təşkilatlarda istifadə olunur.
Tələbə və həmkarlarımla bərabər kompüter riyaziyyatı sahəsində 100-dənçox elmi məqaləmiz nəşr olunmuş və 100-dən çox elmi konfranslarda məruzələrimiz dinlənilmişdir. Yetişdirdiyim tələbələr ABŞ, Almaniya, Hollandiya, Azərbaycan, Qazaxıstan, İran, Albaniya və Türkiyənin 10-dan çox məşhur universitetlərində və elmi mərkəzlərdə çalışırlar. Erdem Alkım adlı tələbəm 100 min ABŞ dolları dəyərində “Facebook”un “Internetin təhlükəsizliyi“ mükafatına layiq görülub.
– Bunlar qardaş ölkədəki fəaliyyətinizi əhatə edir, bəs Azərbaycanla əlaqələriniz necədir?
– Vaxtilə çalışdığım BDU ilə Egey Universiteti arasında elmi əlaqələrin yaradılmasının təşəbbüskarlarından olmu-şam. Egey Universitetinin Gəncə şəhərindəki Azərbaycan Aqrar Universiteti ilə ikili diplom proqramının həyata keçirilməsində yaxından iştirak etmişəm, 3 semestr Gəncədə Aqrar Universitetində tələbələrə dərs demişəm. Gələn ilin aprelində Azərbaycanda keçiriləcək Beynəlxalq Konqresin Təşkilat Komitəsinin üzvüyəm və elmi məclisə Türkiyə tərəfdən sədrlik mənə həvalə edilib.
– Keçək əsas mövzuya. Xankəndidə Qarabağ universitetinin yaradılması sizi niyə bu qədər təsirləndirib. Oxucularımıza bu barədə nə demək istərdiniz?
– Qarabağda yüksək ixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili azadlığına qovuşmuş ərazilərin iqtisadi potensialı, eləcə də əmək bazarının tələbləri baxımından son dərəcə vacibdir. Xankəndidə yeni universitetin yaradılması çox müdrik və gərəkli bir addımdır. Ümumiyyətlə, tarixə, Qarabağda elmə-təhsilə xüsusi qayğı göstərilib və bu məsələ daim diqqətdə saxlanılıb.
30 illik işğal dövründə isə Qarabağ ziyalıları həm Azərbaycanın, həm də dünyanın müxtəlif bölgələrinə səpələndilər, elm və təhsil sahəsində fəaliyyətlərini davam etdirdilər. İndi Türkiyənin elə bir məşhur universiteti yoxdur ki, orada azərbaycanlılar, eləcə də Qarabağ bölgəsinin yetirmələri olan alim və ziyalılara rast gəlməyək. Uzun illər Türkiyədə çalışdığımdan Ankaranın, İstanbulun, İzmirin, Konyanın, Adananın, Samsunun və başqa şəhərlərin məşhur dövlət və özəl universitetlərində çalışan və həmyerlilərimizin sayı onlarcadır.
Yeri gəlmişkən söyləyim ki, bu alimlər istər elmi potensialları, istərsə də tədrisdəki uğurları ilə Türkiyənin təhsil sisteminə dəyərli töhfələr veriblər. Bunlar təkcə onların savadlı və yetkin kadrlar olmaları ilə yox, həm də zəngin təcürbəyə, geniş dünyagörüşünə və böyük elmi potensiala malik olmaları ilə də bağlıdır. Dediklərim təkçə Türkiyənin yox, azərbaycanlı alimlərin çalışdığı digər ölkələrin də elm və təhsil sisteminə aiddir.
Bunları niyə söylədim?! Ən əvvəl ona görə ki, mən xaricdə çalışan alim və müəllimlərimizin potensialının zəngin və əhatəli olduğunu görürəm. İkincisi, bu baxımdan Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin, modern bir ali məktəbin və elm –mədəniyyət mərkəzinin yaradılması mühüm tarixi önəm daşıyır. Bu ali məktəbin beynəlxalq səviyyəli bir təhsil və elm ocağına çevrilməsi üçün xarici ölkələrdəki intellektual potensialımız mütləq öz köməyini göstərməlidir.
– Şübhəsiz, bu dəstək dəyərli təkliflər verməklə başlayıb, bilavasitə universitetin qurulmasında iştirakla davam etməlidir.
– Qarabağ hər iki ölkənin birgə səyləri ilə azad edildiyi kimi, bu torpağa sahibliyimizin ciddi bir təsdiqi olan Qarabağ Universitetinin yaradılması da Azərbaycan və Türkiyə təhsil əməkdaşlığının ön cəbhəsinə çevrilməlidir. Hər iki ölkənin, buraya türk dövlətlərini də əlavə edə bilərik, ən yaxşı təhsil qurucuları, alim və pedaqoqları Qarabağ Universitetinin yenidən təşkilinə təşəbbüskarlıqla, fədakarlıqla öz töhfəsini verməlidir.
Bu təhsil ocağında ən yüksək səviyyədə kadr hazırlığı təşkil edilməlidir. Burada dünya elminin öncül mövzularında tədqiqatlar aparılmalıdır. Xankəndidə qurulan universiteti əyalət ali məktəbi ola bilməz. Azərbaycanın qüdrət və qüvvəti bu gün Qarabağda gerçəkləşdirildiyi kimi, ölkəmizin ən yaxşı ali məktəbi də Xankəndidə fəaliyyət göstərməlidir. Dünya görməlidir ki, Qarabağ Azərbaycanın ürəyi olduğu kimi, Qarabağ Universiteti də beynəlxalq səviyyəli bir elm-təhsil mərkəzidir. Azərbaycanın ölkədəki və xaricdəki elm-təhsil adamları bu vəzifənin öhdəsindən gəlməyə qadirdir. Beynəlxalq reytinqli ali məktəblərin təcrübəsi əsas götürülməli, dünyanın görkəmli universitet professorlarının səsi Qarabağ Universitetindən gəlməlidir. Bununla ali məktəbə xarici ölkələrdən çoxsaylı tələbə cəlb etmək mümkündür. Bununla isə Qarabağın Azərbaycana məxsusluğunun daha bir təsdiqinə nail ola bilərik.
– Qarabağ Universitetində hansı ixtisaslara üstünlük verilməsi ona beynəlxalq maraq yaradar?
– İndi dördüncü sənaye inqilabının uğurlarının açarlarından biri və ən əsası universitet təhsilidir. Bütün dövrlər ərzində təhsilin məqsədi bu dövrdə cəmiyyətin ehtiyaclarına xidmət etmək, gəncləri müəyyən bir iş istiqamətində hazırlamaq və tərbiyə etmək olmuşdur. Universitetlər tələbələrini bu gün üçün yox, gələcək üçün hazırlamalıdırlar. Hazırda isə yeni texnologiyalar (süni intellekt, böyük məlumatlar), blok zəncirləri, informasiya təklükəsizliyi və s. hər bir sənaye sahəsini misilsiz bir sürətlə dəyişdirdiyi üçün məzunlar bir yox, bir neçə sahədə hazırlanmalı və innovativ iqtisadiyyatın inkişafina hazır olmalıdırlar. Əgər biz bu gün tələbələrimizə dünənki təhsili veririksə, onda onların gələcəyini indidən uğursuz edirik.
– Sizcə, yeni yaradılacaq Qarabağ Universiteti dediyiniz bütün bu tələblərə cavab verməsi üçün nə etməliyik?
– Biz Qarabağda elə bir ali məktəb yaratmalıyıq ki, beynəlxalq arenada rəqabətə davamlı ola bilsin. Bunun üçün peşəkar professor-müəllim heyəti formalaşdırılmalı, universitetin maddi-texniki bazası ən son texnologiyalar əsasında qurulmalıdır. Eyni zamanda, rəqabət qabiliyyətli ixtisasların açılması təmin edilməlidir. Universitetə peşəkar müəllimlər cəlb edilməli, əsasən, Türkiyə və Avropa ölkələrində təhsil almış yüksəkixtisaslı kadrlara üstünlük verilməlidir. Bundan əlavə, distant təhsilin yaratdığı üstünlüklərdən maksimal dərəcədə istifadə edilməli, rəqəmsal iqtisadiyyat sahəsində ixtisaslaşan tədris və elm şəbəkəsi qurulmalıdır.
– Siz özünüz Qarabağ Universiretinə nədə yardımçı ola bilərsiniz?
– Mənim əsas marağım və təcrübəm kibernetika və informasiya texnologiyaları ilə bağlı olduğu üçün Qarabağ Universitetində bu sahənin mövcudluğunu önəmli hesab edirəm. Amma bu heç də o demək deyil ki, ədəbiyyat, tarix, jurnalistika, dimlomatiya kimi sahələr unudulmalıdır. İndi dünya böyük qlobal problemlərin əhatəsindədir. Burada kiber təhlükəsizlik, qida təhlükəsizliyi, enerji, iqlim dəyişikliyi, səhiyyə və s. problemlər davamlı olaraq gündəmə gətirilir. Müasir dövrdə bu istiqamətlərin hər birinə kompüter elmləri, statistika və süni intellekt əsaslı təsir edir. Ona görə ilk olaraq bu sahələrin bazasının yaradılmasını vacib hesab edirəm. Onların ətrafında isə müxtəlif istiqamətləri inkişaf etdirmək lazımdır.
Bir sözlə, Xankəndidə işləyib-işləməməkdən asılı olmayaraq Qarabağ Universitetinin ölkənin və dünyanın ali təhsil sistemində layiqli yer tutması üçün üzərimizə mühüm işlər düşür və hər birimiz bu istiqamətdə çalışmalıyıq. Heç şübhə etmirəm ki, Qarabağ Universiteti modern və müasir təhsil sisteminin önəmli bir nümunəsi olacaq, onun xoş sorağı Qarabağı dünyaya qədim və sivil Azərbaycan torpağı kimi tanıdacaq.
Namiq QƏDIMOĞLU
XQ