Dünyada 5 milyon insan bu virusa yoluxub
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Epidemiya və Pandemiyaya Hazırlıq və Qarşısının Alınması Departamentinin qrup rəhbəri Diana Alvarez Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında danq qızdırmasının yayılması halları ilə bağlı açıqlamalar verib.
Danq qızdırmasının insanlara yoluxmuş ağcaqanadların dişləməsi ilə keçən ən çox yayılmış viral infeksiya olduğuna diqqət çəkən Alvarez, bu xəstəliyin daha çox tropik və subtropik iqlimlərdə şəhər yerlərində müşahidə edildiyini deyib.
Banqladeş Səhiyyə Xidmətləri Baş İdarəsi tərəfindən verilən açıqlamada ölkə ərazisində, ümumilikdə, 127 min 700 nəfərin bu xəstəliyə yoluxduğu bildirilib. Ölkədə hələ avqust ayında 342 nəfər danq qripindən həyatını itirib. Ümumiyyətlə, Banqladeşdə bu xəstəlikdən ölənlərin sayı 618-ə çatıb.
Açıqlamada 24 saat ərzində baş verən ölüm hallarının 17-nin paytaxt Dəkkədə baş verdiyi qeyd edilib.
Alimlər virusun simptomlarını özündə müşahidə edən şəxsləri vaxtında xəstəxanaya müraciət etməyə çağırıb. İnkubasiya dövründən sonra yüngül qızdırma ilə davam edən xəstəliyin aldadıcı olduğunu, bəzən ağır fəsadlara səbəb olduğunun müşahidə edildiyini də bildiriblər.
ÜST isə yaydığı məlumatda vurğulayıb ki, dünyada, təxminən, 4 milyard insan danq qızdırması virusuna yoluxma riski altındadır. Qurumun uyğun departamentinin qrup rəhbəri Alvarez verdiyi son açıqlama ilə iqlim dəyişikliyi səbəbindən bütün ölkələrdə temperaturun artdığını deyib. Yoluxmuş ağcaqanadların da məhz bu səbəblə çoxaldığını vurğulayaraq, qarşıdakı ildə daha çox ölkədə danq qızdırması hallarının baş verə biləcəyinə diqqət çəkib.
Danq qızdırmasının əlamətləri arasında yüksək hərarət, baş ağrısı, bədən ağrıları və ürəkbulanma olduğunu deyən Alvarez bildirib ki, xəstələrin çoxu, təxminən, 2 həftə ərzində sağalır, bəzilərində isə bu, immunitet zəifliyi səbəbindən ciddi bir xəstəliyə çevrilə bilir.
Alvarez açıqlamasında deyib:
– Hazırda danq qızdırmasının spesifik müalicəsi yoxdur, lakin erkən diaqnoz və müvafiq tibbi yardıma əlçatanlıq ölüm ehtimalını azaldıb. 2023-cü ilin başlanğıcından bəri bütün dünyada 5 milyondan artlq yoluxma hadisəsi və 5 mindən çox ölüm halı qeydə alınıb.
Z.HÜSEYNOVA
XQ