Tezliklə Ağdamdan Xankəndiyə də dəmir yolu çəkiləcək
“Azərbaycan Dəmir Yolları’’ QSC-nin (ADY) Tikinti layihələrinin idarə olunması departamentinin müdiri Tural Abbaslının bildirdiyinə görə, Ağdam–Xankəndi dəmir yolunun layihələndirmə işlərinə başlanılıb və artıq yerində baxış keçirilərək dəmir yolu marşrutu ilkin olaraq müəyyənləşdirilib. Gələn ildən bu yolun tikinti işlərinə başlanılması planlaşdırılıb.
T.Abbaslı, həmçinin Yevlax–Bərdə layihəsinin (Bakı – Böyük Kəsik dəmir yolu xəttinin Qarabağa gedən qolu) texniki-iqtisadi əsaslandırılması işlərinin isə yekunlaşdığını xatırladıb.
Qeyd edək ki, Ağdam–Xankəndi dəmir yolu Yevlax–Xankəndi xəttinin bir hissəsidir və 1979-cu ildə inşası başa çatdırılıb. Bununla Dağlıq Qarabağ regionunu respublikanın digər bölgələri ilə daha sıx şəkildə bağlamaq mümkün olub. Bakı ilə birbaşa dəmiryolu əlaqəsi bərpa edilməklə Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətlənib. Bu əhalinin maddi-texniki təchizatını yaxşılaşdırmaqla bərabər, həm də regionun iqtisadi göstəricilərinin əhəmiyyətli dərəcədə artmasına imkan verib. Xammalın tədarükü və məhsulların daşınması xərclərinin aşağı düşməsi səbəbindən Qarabağda istehsal olunan məhsulların maya dəyəri xeyli aşağı düşüb. Onun bazarda rəqabət qabiliyyətini və alıcıların sayını artırıb. Bütün bunlar məhz ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində əldə olunub.
O dövrün statistik məlumatlarına görə, Yevlax–Xankəndi xəttinin Bərdə–Ağdam dəmir yolu xətti hissəsi üzrə yük daşınmalarının illik dövriyyəsi 1,5 milyon ton, Ağdam–Xankəndi (27 kilometr) dəmir yolu xətti hissəsi üzrə isə 1 milyon ton olub.
Ermənistanın işğalı nəticəsində digər sahələrdə olduğu kimi, dəmir yolu infra-strukturuna da ciddi ziyan dəyib. Mövcud dəmir yolu xətti dağıdılıb, yollar, stansiyalar, ərazidəki hərəkət vasitələri (vaqonlar, lokomotivlər) və digər qurğu və avadanlıqlar tamamilə məhv edilib. Bununla da Yevlax–Xankəndi dəmir yolunun fəaliyyəti dayandırılıb, bu xəttin Ağdam, Əsgəran və Xankəndi stansiyaları uzun illər işğal altında qalıb.
2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatdıqdan sonra həmin ərazilərdə yenidən geniş quruculuq işlərinə başlanılıb. Bu, dəmir yolu xətlərinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirləri də əhatə edilib. Yevlax–Xankəndi dəmir yolu xəttinin Bərdə–Ağdam hissəsinin layihələndirilməsi və tikintisi işlərinə başlanılıb. Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli sərəncamına əsasən, inşa olunan Bərdə–Ağdam dəmir yolunun uzunluğu 47,1 kilomet olub. Yan yolları ilə birlikdə isə 57 kilometr təşkil edib.
Həmin xəttin Köçərlidən Ağdama qədər olan hissəsi –26 kilometri işğal altında idi. Ərazidə düşmən saysız-hesabsız partlamayan silah-sursat yerləşdirmişdi. Aidiyyatı qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görüldükdən sonra tikinti işlərinə başlanıldı. Reyslərin döşənməsi üçün torpaq yatağında işlər görüldü. Bundan sonra dəmir yolunun üst quruluşunda çəkilişlər başlanıldı. Artıq Ağdam şəhərinə qədər dəmir yolu çəkilib.
Yol boyunca Bərdə, Köçərli, Təzəkənd stansiyaları istifadəyə hazırlanıb. Ağdam dəmir yolu vağzalında tikinti işlərinə başlanacaq. Vağzal milli arxitektura üslubunda dizayn edilib. Eyni zamanda, onun tikintisində milli ornamentlər əsas götürülməklə, şüşə elementlərdən geniş istifadə olunacaq. Vağzal Ağdam rayonunun logistik imkanlarını genişləndirəcək. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Stansiyanın tikintisi isə 2024-cü ildə başa çatacaq.
Görülən işlər Bərdə–Ağdam dəmir yolunun davamı olaraq Ağdam–Xankəndi dəmir yolunun tikintisini gündəmə gətirib. Gələn ildən bu yolun tikinti işlərinə başlanılacaq. Tural Abbaslının sözlərinə görə, bu xəttin əsas təyinatı Xankəndi və Şuşa şəhərlərinə, həmçinin ətraf kənd və qəsəbələrə sərnişinlərin və eyni zamanda, yüklərin daşınması fəaliyyəti ilə bağlıdır. Bu isə, öz növbəsində, azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin daha da sürətlənməsinə təkan verəcək.
Pünhan ƏFƏNDİYEV
XQ