Nizami Kino Mərkəzində Qlobal və Regional İnkişaf: “Cənubi Qafqaz regionunun iqtisadi inkişafının prioritet istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Türkiyə Respublikasının İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi” və “Çinar Yayımları” nəşriyyatının tərəfdaşlığı ilə keçirilən, ümummilli lider Heydər Əliyevinanadan olmasının 100 illiyinə həsr olunmuş mərasimdə Azərbaycan və Türkiyənin dövlət rəsmiləri və ziyalıları iştirak ediblər.
ATMU-nun rektoru İlham Mədətov müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin həyat və yaradıcılığı barədə geniş məlumat verib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı, türkiyəli qonaqlar Mustafa Lətif Əmək, Güray Alpar, Mehmet Tümay, Hasan Yavuz çıxış edərək ölkələrimiz arasındakı qardaşlığın davamı olaraq müstəqillik illərində Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Qars, TRASSEKA layihələrinin reallaşmasında, Böyük İpək yolunun bərpasında, Türk dünyası ölkələri arasında əlaqələrin genişlənməsində Heydər Əliyevin müstəsna rolundan danışıblar. Məhz Heydər Əliyevin səyi nəticəsində bağlanan “Əsrin müqaviləsi”nin reallaşması bu gün Azərbaycanı Cənubi Qafqaz regionunda iqtisadi cəhətdən dayanıqlı və güclü bir dövlətə çevirmişdir.
Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində, o cümlədən, ölkəmizin diplomatik arenada uğur qazanmasında yüksək təhsilli gənclərin rolunun önəmli olduğu vurğulanıb.
Konfransda müxtəlif ölkələrdən gələn nümayəndələrin panellər üzrə məruzələri dinlənilib.
Məclis ulu öndərin xatirəsinə həsr olunmuş konsert proqramı ilə yekunlaşıb.
Zərifə BƏŞİRQIZI
XQ