Xalq TV-nin budəfəki qonağı Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Nailə Yusifovadır. Xatırladaq ki, Nailə xanım İrəvan-Türk Pedaqoji Texnikumunun yaradıcılarından biri olmuş Bəhlul Yusifovun nəvəsi, Azərbaycanda qədim Şərq tarixinin görkəmli tədqiqatçısı, mixi yazılar üzrə nadir alim Yusif Yusifovun qızıdır.
Söhbətin əsas mövzusu isə Qərbi Azərbaycandakı tarixi irsimiz, İrəvan mədəni mühitinin milli-mənəvi dəyərlər sistemimizdə önəmli yeri, Yusifovlar nəslinin tanınmış ziyalılarının xalqımıza göstərdiyi xidmətlərdir.
– Nailə xanım, babanız Bəhlul Yusifov bir elm adamı kimi tanınsa da, onun tərcümeyi-halında Abasqulubəy Şadlinskinin yaratdığı “Qırmızı tabor”un izləri də var. Elə bu baxımdan, babanızdan eşitdiklərinizin yaddaş tarixinə sizinlə birgə nəzər salmaq istəyirik.
– “Xalq qəzeti”nin və Xalq TV-nin Qərbi Azərbaycan mövzusunda verdiyi ardıcıl materialları icma üzvləri böyük maraqla izləyir. Xüsusən, İrəvan ziyalıları haqqında oxucu və tamaşaçı auditoriyasına təqdim etdiyiniz tarixi mövzulu yazılar milli yaddaşın qorunmasına və zənginləşməsinə xidmət edir. Xalqımız hər zaman dəyərli övladlarına yüksək etimad və məhəbbət göstərib. Belə insanlardan biri də babam Bəhlul Yusifov olub.
Bizim soy-kökümüz Vedibasar elindəndir. Babam 1903-cü ildə Vedibasarda - Böyük Vedi mahalında doğulmuşdur. Onun uşaqlığı və gəncliyi erməni daşnaklarının Azərbaycan torpaqlarına qanlı yürüşləri zamanına təsadüf etmişdir. Babam mahallarında partizan hərəkatına qoşulmuş, Abasqulubəy Şadlınskinin yaratdığı “Qırmızı tabor”un tərkibində erməni qəsbkarlarına qarşı döyüşmüşdür. Abasqulubəyin necə bir vətənpərvər, fədakar insan olmasını babam həmişə danışardı. Babam deyərdi ki, Abasqulubəy Vedinin mərd, cəsur oğullarını öz ətrafına yığdı. Namusumuzu, qürurumuzu qorudu. Ermənilərin törətdikləri cinayətlər elə bir vəhşilikdir ki, onu sözlə ifadə etmək çox çətindir. Çünki nankor qonşularımız bizdən torpaq alan gündən dost yox, düşmən simalarını göstərməyə başladılar.
Babam deyirdi ki, bu qədim yerlərə dinsiz-imansız düşmənin ayağı dəyəndən torpaqlarımızın bərəkəti də qaçdı. Rahatlığımız belə yox idi. Çünki düşmənimiz son dərəcə hiyləgər və amansız olub. O illərdə “Qırmızı Tabor”un tərkibində döyüşən oğullar həm də, Azərbaycanın ziyalılıq tarixində özlərinəməxsus iz qoyan şəxsiyyətlər olub. Yadımdadır, babam Bəhlul Yusifov söhbət edirdi ki, Abasqulubəy elə bir şəxsiyyət idi ki, yanında cəsur döyüşçülər yetişdirməklə yanaşı, şəxsiyyətlər də formalaşdırırdı.
Bəhlul Yusifovun İrəvan–Türk Pedaqoji Texnikumunun yaradılmasında xidmətləri bu gün tarix kitablarında tədqiqatçılar tərəfindən yazılaraq, yaddaşlara həkk olunmuşdur. Bəhlul Yusifov Vedibasarda xalqın maariflənməsində çox işlər görmüşdür. O, 1921–26-cı illərdə Vedidə savadsızlığın aradan qaldırılmasında bir vətəndaş yanğısı ilə mücadilə etmiş, 1927-ci ildə Gümrü qəza komitəsinin Amasiya rayonunda təlimatçı işləmiş, 1928-ci ildə Zaqafqaziya Kommunist Universitetinə daxil olmuşdur. 1933-cü ildə oranı qurtardıqdan sonra, elə həmin il İrəvan-Türk Pedaqoji Texnikumuna direktor təyin olunur.
Yeri gəlmişkən deyim ki, İrəvan–Türk Pedaqoji Texnikumu 1924-cü ilin ok-tyabr ayının 15-də açılıb. 1925-ci ildə texnikuma görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun adı verilib. Texnikumun ilk rəhbəri böyük maarifçi Mehdi Kazımovdan sonra, babam Bəhlul Yusifovun namizədliyi irəli sürülür. O illərdə savadlı insanları yetişdirmək çox ağır idi. 1933-cü ildən 1942-ci ilə qədər azərbaycanlı gənclərin təhsil alması, dünyagörüşünün formalaşması üçün direktor kimi bacardığını etmişdir.
Babam həmişə deyərdi ki, mən Türk adı çəkiləndə ürəyim dağa dönürdü, qürur keçirirdim ki, mən İrəvan mahalı üçün savadlı kadrlar hazırlayan təhsil ocağına rəhbərlik etmişəm. Bəhlul Yusifov 1943–44-cü illərdə Zəngibasar rayonu MTS-nin siyasi şöbəsinin rəisi vəzifəsində işləmiş, 1944-46-cı illərdə yenidən İrəvan-Türk Pedaqoji Texnikumuna direktor təyin olunmuşdur. Çox təəssüf ki, sonralar, şovinizm üzündən həmin texnikumun adından Türk sözü götürülmüşdür. Babamın həmin hadisələri necə bir nisgillə xatırlamağı indi də gözlərim qarşısındadır. Onun bir kəlamı ailəmizin hər bir üzvü üçün müqəddəs qanun idi. O, söyləyirdi: “Oxuyun, elm, maarif insanın ziyasıdır. Ziyalı insan müdrük olur. Nadanlıq insanlığın faciəsidir”.
Bəhlul Yusifov 1952-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, tarix elmləri namizədi adına layiq görülmüşdür. Babam 1950-ci ildən Azərbaycan Neft və Kimya İnstitutunda müəllim, dosent, kafedra müdiri vəzifələrində çalışmış, ömrünü milli Azərbaycan kadrlarının hazırlanması işinə həsr etmişdir.
– Ümummilli lider Heydər Əliyev Azərbaycan idealına xidmət etmiş milli ziyalılar nəslinin görkəmli simaları sırasında Yusifovlar şəcərəsinə də ehtiramla yanaşırdı. O, Azərbaycan tarixinin müəyyən mərhələsini yazmaqda atanızın bilik və fədakarlığından xəbərdar idi.
– İnanın, mübaliğəsiz deyirəm ki, bu cəsur “Qırmızı tabor”çu olmuş babam təpədən dırnağa qədər ziyalı idi. 1984-cü ildə babam Bəhlul Yusifov haqq dünyasına qovuşdu. Amma o, cismən aramızdan getdi, ruhu hər zaman bizimlədir. O, ailəmizdə, nəslimizdə elə bir maarif işığı yandırmışdı ki, Yusifovlar şəcərəsi Azərbaycanın tarix elminə xidmət etməkdən qürur duyurdular.
Bəlkə, elə buna görə də, onun övladları – atam professor Yusif Yusifov, əmim Nəriman Yusifov, eləcə də bibim Sona Bəhlul qızı Azərbaycan elminə ömürlərinin sonuna qədər xidmət göstərmişlər. Bibim Sona Bəhlul qızı babamın dərs dediyi Azərbaycan Neft Akademiyasının dosenti idi. O, 19 noyabr 2019-cu ildə haqq dünyasına qovuşdu. Bütün bunları ona görə sadalayıram ki, İrəvan ziyalılarının görkəmli nümayəndəsi Bəhlul Yusifovun ailə şəcərəsi Azərbaycan elminə görkəmli ziyalılar yetişdirmişdir.
Bu gün mən Yusifovlar nəslinin davamçısı olaraq, ölkəmizin ictimai-siyasi həyatında, Qərbi Azərbaycan icmasında bacardığım qədər dövlətimə, xalqıma xidmət göstərməkdən şərəf duyuram. Bilirsiniz, illər qarşısında ömrümüz, sanki, imtahan verir. Bu, həyatın, zamanın biz insanlara sorğusudur: “Sən Vətən üçün nə etmisən? Bu kəlam mənim həyat devizimdir!”.
Övladlarım – Mahmud, Səid qarşısında həmişə bir tələbim olub. Onlara deyirəm: “Harada olursunuzsa olun, Azərbaycan naminə düşünün. Əlinizə qələm alanda, sizə söz veriləndə unutmayın ki, siz bu torpağın, bu Vətənin övladlarısınız”. Xüsusilə, auditoriyaya daxil olanda dərs dediyim gəncləri də bax, bu ruhda yetişdirmək, formalaşdırmaq ən böyük amalımdır. İstəyirəm ki, illər keçəndən sonra, tələbələrim desinlər ki, biz bu əməlləri, bu düşüncəni Nailə müəllimədən öyrənmişik. Babamın da, atamın da, əmilərimin, bibimin simasında bütövləşən Yusifovlar şəcərəsinin bundan sonrakı mərhələsinin məsuliyyətini mən daşıyıram.
– İstərdik ki, professor Yusif Yusifovun Azərbaycan türkologiya elminə, xüsusilə, elam mənbələrinin araşdırılmasına verdiyi töhfələrdən danışasınız. Atanız haqqında məşhur bir kəlam var: “Ölü dillərin dilmancı”.
– Söhbət ən qədim Azərbaycan tarixi ilə bağlı mixi yazılardan gedir. Şərqin qədim xalqlarından – şumerlər, akkadlar, elamitlər, urartular, midiyalılar mixi xətlərdən istifadə etmişlər. Bu xalqların çoxu ölüb getmiş, lakin onlardan daş, bişmiş kərpic üzərində yazılı mətnlər yadigar qalmışdır. Bu yazılar həmin xalqların dilini, mədəni irsini tədqiq etmək üçün böyük əhəmiyyətə malik bir xəzinədir. Professor Yusif Yusifov məhz elmin bu sahəsinin ilk tədqiqatçılarından biri olub. Ona görə də, ümummilli lider Heydər Əliyev professor Yusif Yusifovun Azərbaycan tarix elminə, Azərbaycan şərqşünaslığına xidmətlərini yüksək dəyərləndirmişdir.
Atam da Böyük Vedidə doğulmuşdu. O, 1946-cı ildə İrəvanda Pedaqoji Texnikumu bitirdikdən sonra, Leninqrad (hazırda Sank-Peterburq) Şərqşünaslıq Universitetində Qədim Şərq dilləri üzrə təhsil almışdır. 1952-ci ildə Azərbaycana qayıdan Yusif Yusifov Qədim Şərq dillərini bilən mütəxəssis kimi Azərbaycan elminə əvəzsiz tədqiqat əsərləri bəxş etmişdir. Təsadüfi deyil ki, Böyük Sovet Ensiklopediyasının 1981-ci il tarixli nəşrinə Yusif Yusifov Azərbaycan SSR-nin görkəmli tarixçi alimi, ilk və yeganə Elamşünası kimi daxil edilmişdir.
Professor Yusif Yusifovun 1993-cü ildə yazdığı “Qədim Şərq tarixi” dərsliyi bu gün də ali məktəblərdə yüksək ixtisaslı kadrların hazırlanmasında əvəzsiz mənbə rolunu oynayır. Yusif Yusifovun Azərbaycan elmi üçün xidmətləri Yusifovlar şəcərəsinin üzərinə bu gün də böyük məsuliyyət qoyur. Bir filoloq kimi çalışıram ki, babamın, atamın ruhuna layiq elmi, mədəni, ictimai-siyasi həyatımızda uğurlara imza atım. Elə buna görə də, bu gün Azərbaycanın qüdrətlənməsində hər birimizin səfərbər olmasını düşünürəm.
– Siz Qərbi Azərbaycan İcmasının da ziyalı fəallarındansınız. İtirilmiş tarixi türk yurdu bu gün onun zəngin mədəni irsində yaşayır.
– Əlbəttə, söhbətimin əvvəlində dediyim kimi, Yusifovlar şəcərəsinin davamçısı kimi özümü Vətənə borclu bilirəm. Mənim valideynlərimin hər ikisi Vedibasar mahalında doğulub boya-başa çatıblar. Hər ikisi rəhmətə gedib. İnsan öz kökünü, soyunu yaşatmalıdır. Bu mənada, Prezidentİlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşü zamanı çıxışından bəzi sitatları diqqətinizə çatdırmaq istəyirəm: “Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var”.
Bəli, bir Qərbi Azərbaycan kökənli vətəndaş kimi zamanın bizə verdiyi şansdan istifadə etməyi özümə, sanki Vətənin bir ali tapşırığı kimi qəbul edirəm. Tələbələrimlə də bu ruhda işləyirəm. Babam da, atam da həmişə ailəmizin bütün üzvlərinə belə bir kəlamla müraciət edərdi. Əslində, bu kəlamlar babamdan bütün Yusifovlar şəcərəsinə keçmişdir: “Hər biriniz işinizdə, ailənizdə, ətrafınızda, insanlarla münasibətdə Vətən olun. Vətən olun ki, bu torpaqlar müqəddəsləşsin”.
Bəli, düşünürəm ki, ölkənin hər bir vətəndaşı təpədən-dırnağa qədər Vətən olarsa, qarşımıza qoyduğumuz böyük amallar naminə yaşamaq əzmini qüdrətləndirərik. Son olaraq, onu demək istəyirəm ki, bu ölkənin sahib olduğu ən qiymətli kapital savadlı, zəngin təxəyyüllü insanlardır. Gəlin, hər birimiz Vətən naminə, Azərbaycan naminə bu gerçəkliyi vətəndaş aliliyi ilə qəbul edib, dövlətimizin bundan sonra da qüdrətlənməsi naminə çalışaq, işləyək, mübarizə aparaq, ən başlıcası “Dəmir yumruq” kimi bir olaq!
– Müsahibə üçün Sizə təşəkkürümüzü bildiririk.
Söhbəti apardı:
Kəmalə ABDINOVA
XQ