Emin Qəhrəmanov: Rəssam yalnız bir rəngi yox, bütün rəngləri sevməlidir

post-img

Hər bir rəssamın özünəməxsus əl işi və maraqlı dəst-xətti var. Kimisi boyakarlıq sənəti ilə kətan və ya ağac üzərində monumental təsvirlər yaradır, kimisi də qrafika, dekorativ-tətbiqi sənət və başqa növlərdə müxtəlif mövzularda olan əsərlər ərsəyə gətirir. Haqqında danışacağım rəssam təsviri sənətin demək olar ki, bütün növləri ilə sərbəst rəsmlər işləyir.

Emin Qəhrəmanov 1976-cı ildə Azərbaycanın dilbər guşələrindən biri olan Lənkəran bölgəsində doğulub. Atası hərbçi olduğuna görə bir müddətdən sonra Gürcüstana köçüblər. 1990-cı ildə Gürgüstanın “Moses Toidze” litseyini bitirib. Sonra 1992-ci ildə ailəsi ilə birlikdə Bakıya qayıdıb. Ömrünün 12 ilini burada yaşamış və Tiflis Rəssamlıq Məktəbinin məzunu olan E. Qəhrəmanov rəssamlıq sənətinin müxtəlif növlərində qarışıq əsərlərin müəllifidir. Çəkdiyi rəsmlərdə modern, qrafika, avanqard və başqa üslublara rast gəlmək mümkündür. Pedaqoji fəaliyyətlə də məşğul olan Emin Qəhrəmanovun xeyli sayda tələbələri var. Rəssam söhbətində bildirir ki, rəssamlıq fəaliyyətində gürcü rəssamlarının çox böyük təsiri olub:

- Yeniyetmə dövründə rəssamın hansı mühitdə yaşaması, fəaliyyət göstərməsi  onun yaradıcılığında böyük rol oynayır. Niko Pirosmani var, gürcü rəssamı olub. Onun əsərlərinin texnikası, üslubu və sair. həmişə xoşuma gəlib. Tez-tez muzeyə gedib onun rəsmlərinə tamaşa edirdim. Bu əsərlər məndə o qədər heyrətamiz hisslər oyadırdı ki, çalışırdım öz işlərimdə də ondan bəhrələnim. Ümumiyyətlə, gürcü rəssamlarının əsərlərində rəngkarlıq üslubundan tamam fərqli formada istifadə olunur. Onlar rəsmlərdə daha çox insan xarakterini açıb göstərməyə çalışırlar. Orda rəssamların işləri də qətiyyən bir-birinə bənzəmir. 

Hazırda rəssamlığın dekorativ-tətbiqi sənət növü ilə məşğul olan Emin Qəhrəmanov rəsm əsərləri üzərində işləyərkən sərbəst yanaşma tərzinin olduğunu deyir: 

-Bir əsəri çəkəndə hansısa tərzi tam düşünüb işləmirəm. Sərbəst mövzuda rəsmlər çəkirəm. Ümumiyyətlə modern üslubu daha çox sevirəm. İndi görürsünüz, kollaj üslubunda rəsmlər işləyirəm. Bu özü rəssamlıq sənətində fərqli bir yanaşma tərzidir. Müxtəlif ölçü və rənglərdə olan xırda kağızları kəsirəm, çəkdiyim hər hansı heyvan fiqurunun üzərinə yapışdırıram. Bunu sərbəst formada edirəm. Nəticədə, müxtəlif rənglərin qarşığı meydana gəlir. Nəticədə görürsən ki, necə  maraqlı iş alınıb. Daha çox əlvan rənglərdən istifadə edirəm. Həmin rəngləri almaq üçün gərək, hər hansı rəngin müxtəlif çalarlarından istifadə etməyi bacarasan. Mürəkkəb texnikalara daha çox müraciət edirəm. Əvvəlcə kətanı müxtəlif rəng çalarları ilə doldururam. Daha sonra, ikinci və üçüncü qatları çəkirəm. Rəngləri qarışdıra-qarışdıra hansısa bir nəticəni ala bilirəm. Tələbə olanda yaşıl və narıncı rəngləri çox sevirdim. Sonra başa düşdüm ki, rəssam yalnız bir rəngi yox, bütün rəngləri sevməlidir. İndi isə qarışıq rənglərdə işləmək daha çox zövq verir.   

Emin bəy həm də pedaqoji fəaliyyətlə məşğul olur. Bu sahədə 18 ildir ki, rəssam-tələbələr yetişdirir: 

-Hazırda iki studiyam fəaliyyət göstərir: “Salam-Art” və “M-Art”. Hər iki studiyada həm uşaqlar, həm də böyüklər üçün rəsm dərsləri keçirilir. Tələbələri, əsasən Rəssamlıq Akademiyası, Memarlıq və İnşaat Universiteti və digər tədris ocaqlarının dizayn fakültəsinə  hazırlayırıq. Rəngkarlıqla bağlı uşaqlar və həvəskar rəssamlarla da işləyirik. Burada rəssamlıqla yanaşı, heykəltaraşlıq da öyrədilir. Bəzən olur ki, bir sıra çətinliklər və problemlərlə üzləşirik. Lakin uğura gedən yolda bunların hər birini normal proseslər kimi dəyərləndirirəm. Peşəkar rəssamlar var, mənə deyirlər ki, sən gənc rəssamlara çox vaxt ayırırsan. Onların istedadı yoxdur. Rəssam gərək Akademiyanı bitirsin və sair. Ancaq elə tələbələrim var ki, onların heç bir akademik təhsili yoxdur. Onlarda olan özünəməxsus yanaşma tərzi istənilən akademik təhsildən üstündür. Rəssamın daxili dünyası zəngin olmalıdır. Özünü çərçivəyə salmamalıdır. O cür rəssamlara belə sözlər deyib həvəsdən salmaq da olar. Ancaq öz daxili enerjini onlarla paylaşmaq, onlarda bu peşəyə həvəs oyatmaq, onları istiqamətləndirmək olduqca vacibdir. Sonra baxıb görürsən ki, həmin rəssamın necə fərqli işləri var. Akademik yanaşma rəssam olmaq demək deyil. Bu, sadəcə hansısa bir aləti düzgün istifadə etməyi öyrənməyə bənzəyir. Hər hansı peşəyə olan istək və həvəs insanın daxilində olmalıdır. Başqalarından seçilmək və fərqli olmaq üçün rəssam öz üslubunu tapmalıdır. Rəssam ilk növbədə  özünü inkişaf etdirmək üçün işləməli, daha sonra əsərlərini nümayiş etdirməlidir. Bu, bir tərəfdən də maraqlı rəssamların meydana çıxmasına səbəb olur. Ümumiyyətlə ölkəmizdə gənc rəssamların tanınması üçün daha çox işlər görmək olar. Bu işdə müəyyən qədər dəstək olur, köməklik göstərilir. Lakin lazımi qədər diqqət göstərilmir. 

Rəssam, yerli sərgilərlə yanaşı bir çox beynəlxalq sərgilərdə də əsərləri ilə çıxış edib. Bu gün Emin Qəhrəmanovun bir çox əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Belçika və Lüksemburqdakı “Qarabağ” Qalereyası, ABŞ, Türkiyə, Böyük

Britaniya, Rusiya, İsveç, Lüksemburq və başqa ölkələrin rəsm qalereyalarında kolleksiya nümunəsi kimi qorunub saxlanır:

-2014 cü ildə “Odlar diyarında üzüm bağları”, Azərbaycan Rəssamlar İttifaqında təşkil olunmuş “Rənglərin əksi”, 2015-ci ildə “Təsadüflər”, Muzey Mərkəzinin İncəsənət qalereyasında “Qəhvə tonları”, 2023-cü ildə “Dörd element” və müxtəlif illərdə, fərqli adlarda qrup sərgilərim təşkil olunmuşdur. Gələn ilin fevral və mart ayları üçün sərgi təşkil etməyi planlaşdırıram. Beynəlxalq Qadınlar Günü ilə bağlı “Qadın və güllər” adlı sərgiyə hazırlıq işləri gedir. Fevral ayında da Azərbaycan xalça ornamentlərinin heyvan rəsmləri üzərində əks etdirilməsi ilə bağlı sərgi etməyi düşünürəm. Bu sərgi “Mix Media” adlanır. Burada, qarışıq - kollaj, akril, yağlı boya və sair. tərzdə işlənmiş əsərlər nümayiş olunacaq. 

Emin bəy deyir ki, əsərləri təkcə, qalereyalarda, sərgi salonlarında nümayiş olunmur, onların satışı da təşkil olunur:

- Bir neçə şəxs var ki, mənə bu işləri görməkdə köməklik göstərirlər. Məsələn, Amerikada bir xanım var, işlərimin satışı ilə məşğul olur. Rəsmləri satan insanın da rəssamlıqdan anlayışı olmalıdır. Əl işinin dəyərini bilməlidir. Strateji yanaşması güclü olmalıdır. İşin təqdimatından da çox şey asılıdır. Bu işdə sosial şəbəkələrin də rolu çox böyükdür. Təbliğat güclü olanda işin nəticəsi də bir o qədər yaxşı olur. Məsələn, əsərlərini paylaşırsan, kimlərsə görüb bəyənir və sair. Adam var ki, hansısa xarici ölkədən məni, işlərimi izləyir. Mənə yazır və ya zəng edib deyir ki, sizin əsərlərə baxmaq, ünsiyyət qurmaq üçün Azərbaycana gəlmək istəyirəm. Danışıram görürəm ki, adam özü kolleksionerdi. Maraqlı işləri yığır, saxlayır. Onların düşüncəsi tamam fərqli olur. Sənətə qiymət verirlər. Mən özüm satış işindən çox yaradıcılığa üstünlük verirəm. Rəssamlıq o qədər maraqlı bir sənətdir adam işlədikcə daha çox şeylər öyrənir. İnkişaf edir. 

Əsərləri heç vaxt çəkib saxlamıram. Onun dəyərini bildiyim üçün daha çox kiməsə bağışlayıram. Ya kimsə o əsəri alır. Biləndə ki, əsərim kiminsə evində və ya başqa bir yerdə divardan asılıb o an özümlə qürur duyuram. Bunu bir növ rəssamın əməyinə verilən dəyər kimi qəbul edirəm.

-Səmimi müsahibəyə görə Sizə təşəkkür edirik, Emin bəy.  

Fidan SALMANOVA

XQ    

 

 



















Mədəniyyət