Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2025-ci ildə Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatlarını 2,6 trilyon kubmetr səviyyəsində qiymətləndirib və bu göstəricinin 2021-ci ildən bəri dəyişməz olaraq qaldığını bildirib. Bu barədə məlumat qurumun son hesabatında yer alıb.
Bildirilib ki, ölkədə əmtəəlik təbii qaz hasilatı davamlı artım nümayiş etdirir və ötən il, təxminən, 38,7 milyard kubmetr təşkil edib. Bu da 2024-cü ildəki 38,66 milyard kubmetrlə müqayisədə, demək olar ki, dəyişməyib. Müqayisə üçün qeyd edək ki, ölkəmizdə qaz hasilatı 2021-ci ildə 32,6 milyard kubmetr, 2022-ci ildə 35,24 milyard kubmetr, 2023-cü ildə 36,4 milyard kubmetr səviyyəsində olub.
2025-ci ildə təbii qaz ixracı isə, təxminən, 25,2 milyard kubmetr təşkil edib ki, bu da əvvəlki ildəki 25,3 milyard kubmetrlə müqayisədə cüzi azalma deməkdir. Bununla belə, əvvəlki illərin göstəricilərindən əhəmiyyətli dərəcədə yüksək olaraq qalır. Belə ki, 2021-ci ildə ixrac 18,8 milyard kubmetr, 2022-ci ildə 22,3 milyard kubmetr, 2023-cü ildə isə 23,9 milyard kubmetr təşkil edib.
Eyni zamanda, ötən il Azərbaycanda təbii qaza daxili tələbat 13,2 milyard kubmetr təşkil edib və bu göstərici 2024-cü ildəki 13,7 milyard kubmetrlə müqayisədə azalıb. Bununla belə, həmin göstərici 2021-ci ildə 13 milyard kubmetr, 2022-ci ildə 13,5 milyard kubmetr və 2023-cü ildə 13,4 milyard kubmetr səviyyəsində olub ki, bu da daxili istehlakın nisbətən sabit dinamikasını göstərir.
XQ

