Əlimərdan bəy Topçubaşı haqqında düşüncələr
Əlimərdan bəy Topçubaşının ömür yolu Azərbaycanın çoxminillik tarixində növbəti dəfə dəyişiklik ərəfəsində olduğu vaxta təsadüf etmişdi. Amma bu dəfə gözlənilən dəyişiklik keyfiyyət etibarı ilə bütün əvvəlkilərindən fərqlənirdi. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə orta əsr ənənələrinin qapalı, dar və məhdud dairəsini parçalayıb cəmiyyət qarşısında yeni vəzifələr qoydular. Həsən bəy Zərdabi isə bani ataların ziyalı şüurunu milli azadlıq hərəkatı ilə əlaqələndirən ötürücü rolu oynadı.
Bu elə dövr idi ki, Rusiya imperiyasının müsəlman əhalisində digər xalqların artıq yiyələndiyi siyasi, hüquqi, mülki biliklərə yadlıq, uzaqlıq vardı. Müsəlmanların çoxu üçün hüquq anlayışı gücün etirafı çərçivəsindən kənara çıxmırdı. Siyasi və sosial dirçəliş ideyaları müsəlman mühitində hələ çox zəif yayılmışdı.
Yaranmış vəziyyətdə Azərbaycan ziyalısının ənənəvi siması dəyişməyə başlamışdı. Əgər ziyalı əvvəllər xalq arasına istisnasız şəkildə mənəvi-əxlaqi və etik mövzularla çıxırdısa, indi insanlarla görüşəndə cəmiyyətin sosial və siyasi baxımdan yenidən qurulması, məqsədyönlü dövlət fəaliyyətinin təcrübi ideyaları kimi məsələlərə daha çox diqqət yetirirdi.
Azərbaycan üçün ənənəvi ziyalı tipi - əxlaq mübəlliği, yaxud filosof idisə, indi siyasətçi-ziyalı, hüquqşünas və sosioloq, sosial, hüquqi və siyasi islahatçıya çevrilirdi. Ziyalı tipinin bu şəkildə parlaq təzahürlərindən milli hərəkatın struktur məzmunun təkamülünə çevrilən yeni hadisə meydana çıxdı.
XIX əsrin 70-ci illərindən Rusiyanın müsəlmanlar yaşayan digər yerlərində olduğu kimi, Azərbaycanda da yeni ziyalı nəsli formalaşırdı. İlk baxışdan onların xalqa yad olduğu, xüsusən də imperiya ənənələri zəminində yetişməsi təəssürat yarada bilərdi. Sanki hər şey yeni tipli ziyalı nəsli, onların rəhbər tutduğu prinsiplərin milli və dini ənənələrlə tarixi konfliktinə doğru gedirdi. Eyni zamanda, Rusiya müsəlmanlarının məhz bu nəslinə mənsub ziyalılar mövcud baxış bucaqlarının ən ifrat tərəflərinin birləşdirici və barışdırıcısına çevrildilər. Məhz müsəlman əhalinin obyektiv tələbatı ilə öz dövrünü arxada qoymuş siyasi, sosial və dini qeyri-bərabərlik rejimi arasında getdikcə artmaqda olan uyğunsuzluq milli şüurun möhkəmlənməsi, ruslaşdırma meylinə can atan radikal dairələrə qarşı mübarizənin xeyrinə seçim etmişdi.
Bu elə dövr idi ki, hələ Azərbaycan ictimai xadimlərinin vahid siyasi təşkilatı yox idi. Onlar yetərincə işlənib hazırlanmış ideologiyaya da malik deyildilər. Azərbaycan milli burjuaziyası kifayət qədər möhkəm deyildi. Zəiflik bir tərəfdən onun mütləqiyyət rejimindən asılılığı, digər tərəfdən isə yerli əhali arasında ciddi dəstəyə malik olmamasından irəli gəlirdi.
Azərbaycanda humanitar sahə sürətlə inkişaf edirdi. Amma onun həyati əhəmiyyətinə baxmayaraq, həmin maarifçilik hələ ölkənin çox böyük ehtiyac duyduğu, amma formalaşmasında dəhşətli dərəcədə gecikdiyi siyasi-hüquqi epoxa idi.
Yeni yaranan Azərbaycan siyasi elitasının qarşısında dayanan vəzifə, ilk növbədə, kütlələrin siyasi cəhətdən maarifləndirilməsinə nail olmaq idi. Çünki kütlənin fəallığı xaricində vətəndaş həmrəyliyi baxımından hansısa bir irəliləyişə ümid bəsləmək qeyri-mümkün idi. Ona görə də yaşanan tarixi dövrün gələcək siyasi elitanın onurğa sütununa çevrilə biləcək yeni siyasi elitaya böyük ehtiyacı vardı. Məhz onlar maarifçilərin uğurlarına əsaslanıb Azərbaycan cəmiyyətinin müasirləşmə prosesinin hüquqi və siyasi hərəkət xəttinin inkişaf istiqamətini müəyyən edə bilərdilər.
Bu yeni tipli milli xadimlərin sırasında birinci olmaq məsuliyyətini tale Əlimərdan bəy Topçubaşının bəxtinə yazmışdı. Çar Rusiyası şəraitində müsəlman kütlələri rus və Avropa mədəniyyəti ilə müqayisədə gerilikdən xilas etmək yolunda bütün təşəbbüslərin məğlubiyyətə məhkumluğu mifini dağıtmaq təşəbbüsü Əlimərdan bəyin gerilik və ehkamçılıqla mübarizəsini məhdudlaşdırmırdı. Əksinə, bu mübarizəni tarixi zərurətə çevirirdi.
Ə.Topçubaşının tərcümeyi-halı üzdə olan hadisələr və həyatının sərt dönüşləri ilə zəngin idi. Onun ömür yolu özünü bütünlüklə doğma xalqının, maarif və tərəqqinin xidmətinə həsr edən, addım-addım kütlələrin, geniş siyasi və ictimai dairələrin etimadını qazanan bir insanın həyat hekayəsi idi.
O, filoloq ola bilərdi. Nəslinin tanınmış nümayəndəsi, Sankt-Peterburq universitetinin professoru Mirzə Cəfər Topçubaşov kimi bütün həyatını Şərq dillərinin, ədəbiyyatının tədqiqinə həsr edə bilərdi.
Ali təhsilini başa vurarkən rəhbərliyin təklif etdiyi kimi xristian dinini qəbul edə və eyni yolu seçən soydaşı Mirzə Kazım bəy kimi universitet kafedrası tutub ömrünün sonuna qədər sakit, təmin olunmuş həyat yaşaya bilərdi.
Amma Əlimərdan bəy hələ gənc yaşda başa düşmüşdü ki, mənsub olduğu xalqın ümdə problemlərinin həlli daxil olduğu, slavyan filologiyasının öyrənilməsi, hətta Şərq dillərinin tədqiqi deyil. Öz türk və islam kimliyinə sahib olmaq hüququnun əldə edilməsidir. Ona görə də hələ birinci kurs tələbəsi ikən Rusiya müsəlmanlarının hüquqi müdafiəsi, kütlələr arasında hüquqi maarifçilik işinin əhəmiyyətini anlayıb filoloji təhsil almasına ayrılan güzəştli təqaüddən imtina etməyi, hüquq fakültəsinə dəyişməyi qərara almışdı. Əlimərdan bəy Topçubaşının, peşə seçimini, gələcək siyasi fəaliyyətinin dönüş nöqtəsi adlandırmaq mümkündür. Bu seçim ictimai, siyasi və dövlət xadimi kimi onun sonrakı taleyində müstəsna rol oynadı. Məhz hüquq təhsili Əlimərdan bəyə əvvəlcə vəkillik praktikasında, sonralar isə siyasi fəaliyyətində etnik və dini bərabərlik uğrunda leqal siyasi mübarizə aparmaq imkanı yaratdı.
Əgər XX əsrin əvvəllərində baş verən proseslər Rusiya üçün daha çox iqtisadi səciyyə daşıyırdısa, Azərbaycanda eyni proseslər həm də milli azadlıq uğrunda mübarizə çaları ilə seçilirdi. Məqsədin aydınlığı bəlli olsa da, kütlələr hələlik bu hərəkatın forma və metodlarını müəyyən edən əsas, həlledici ünsürə çevrilə bilməmişdi. Ona görə də ziyalılarımız Azərbaycanın yeni tarixinin ətrafında dövrə vurduğu mərkəzi oxa, xalqı maarifləndirmək yolu ilə ölkənin ictimai həyatının hərəkət istiqamətini təyin edən başlıca qüvvəyə çevrilmişdi.
İki yüzilliyin – keçid dövrünü təşkil edən XIX və XX əsrlərin qovuşağında Azərbaycanda hadisələrin ümumi mənzərəsi və konsepsiyası belə idi.
Adətən, Əlimərdan bəy Topçubaşının siyasi fəaliyyətinin başlanğıc nöqtəsi 1905-ci il hadisələri ilə əlaqələndirilir. Amma həqiqətən də belə idimi? Yox! O, təsadüflərin siyasətçisi deyildi. Onun həyatında ən gənc yaşlarından milli ideyanın hazırlanması və yayılması, daha dəqiq desək, tarixin bu və ya digər kəsimində qarşısına qoyduğu vəzifələrin mənzərəsi kifayət qədər aydın şəkildə izlənir.
Birinci, Ə.Topçubaşının həyatının yeniyetməlik dövrünə təsadüf edən ilk daxili konflikti – şəraitə meydan oxumaq mədrəsə şagirdliyini gimnaziya təhsili ilə əvəz etmək fikrinə düşdüyü vaxt ortaya çıxmışdı. Amma mədrəsədən uzaqlaşmaq qərarına gəlsə də, bütün həyatı boyu dini maarifçiliyə böyük əhəmiyyət vermişdi.
İkinci, gənc universitet tələbəsi Əlimərdan bəyin siyasi cəhətdən formalaşması 19 yaşında, tarix-filologiya fakültəsində slavyan filologiyası ixtisası üzrə təhsil almaq üçün ayrılan güzəştli təqaüddən vaz keçib hüquq fakültəsinə keçmək kimi radikal seçim edəndə başlanmışdı. Bu dəfə pul, maddiyyat xatirinə onu öz iradəsinə tabe etmək istəyənlərə meydan oxumuşdu.
Üçüncü, siyasi savadlanma, tələbə Ə.Topçubaşının Lev Tolstoyun yasaq məqalələrini mütaliə etməsi və narodovolçular təşkilatı ilə əlaqə yaratması idi. Buna görə onu universitetdən xaric etmişdilər. Yalnız bir müddət sonra rektorun əmri ilə bərpa oluna bilmişdi.
Dördüncü, 23 yaşlı Əlimərdan bəyin islam dininə arxa çevirərək xristianlığı qəbul etmək bahasına universitetdə qalıb professuraya hazırlaşmaq təklifindən qəti boyun qaçırması, bu yolla da imperiya qanunlarına, imperiya təfəkkürünə kəskin etirazını bildirməsi idi. İslama münasibətinə gəldikdə isə həyatının bütün mürəkkəb keşməkeşlərinə baxmayaraq Əlimərdan bəy ömrü boyu dini inancına sədaqət və bağlılığını qoruyub saxlamışdı.
Beşinci, 42 yaşlı andlı iclasçı Əlimərdan bəyin Bakıda, islamın yalançı şahidliyi məqbul saydığını iddia edən prokurorun loru dildə desək, abrını ətəyinə bükməsi idi.
Altıncı, 1898-ci ildə rusdilli “Kaspi” qəzetinin redaktorluğunu öz üzərinə götürüb qısa müddət ərzində rus dilli qəzeti, Azərbaycan milli-dini maraqların ruporuna çevirməklə Qafqaz canişinliyinə və imperiya ağalarına meydan oxumuşdu.
Nəhayət, Ə.Topçubaşı fenomeninin qiymətləndirilməsi prosesində ən vacib məqam geniş ictimai-siyasi fəaliyyətinin liderlik fazasına daxil olmasıdır. Bu isə həqiqətən də 1905-ci ildən başlamışdı. Sonra da hər dəfə növbəti transformasiya və keyfiyyət etibarı ilə siyasi iyerarxiyanın daha yüksək mərhələsinə “faza” keçidləri mövqeyini daha da möhkəmləndirmişdi. Siyasi həyatda baş verən hadisələr nəticəsində onun fərdi taleyi yalnız doğma vətəninin, hətta daha mühüm və geniş anlamda Zaqafqaziya, yaxud Qafqazın deyil, Rusiya imperiyasının ucsuz-bucaqsız ərazilərində məskunlaşan bütün müsəlman əhalinin taleyi ilə qırılmaz şəkildə bağlanmışdı. İslam dini və türk etnosuna mənsubluq zəminində bir araya gələn Rusiya ictimai xadimləri ilə əməkdaşlıq Ə.Topçubaşının özünün də ideoloji cəhətdən zənginləşməsinə, siyasi mənada təkmilləşməsinə təkan verirdi.
Yeni ərsəyə gələn müsəlman, xüsusən də Azərbaycan siyasi iyerarxiyası necə deyərlər, əl altdan rəhbər, lider axtarışında idi və tezliklə belə bir rəhbər Əlimərdan bəy Topçubaşının simasında tapıldı.
Beləliklə, Ə.Topçubaşı 1905-ci il hadisələri ilə bağlı qarşıda duran işləri görmək baxımından siyasi, mənəvi, peşəkarlıq və təşkilatçılıq meyarlarına tam şəkildə cavab verirdi və ondan gözlənilən hər şeyi uğurla həyata keçirmişdi. O, yeni şəraitə, yeni forma və tələblərə uyğunlaşmaq nöqteyi-nəzərindən də müstəsna dərəcədə həssas və uyumlu idi. Özünü siyasətçi hesab edənlər hər zaman olduğu kimi, onda da bol idi. Lakin şərait və şəxsi keyfiyyətlər yalnız az sayda siyasətçiləri “rəhbər siyasi xadimlər” sırasına çıxarır. 1905-ci ildən etibarən Rusiya miqyasında qəbul olunan belə seçkin siyasi liderlərdən biri də Ə.Topçubaşı idi.
Nəyə görə 1905-ci ildə məhz zadəgan mənşəli Əlimərdan bəy - sovet dövründə inadla burjua ideoloqu, burjua ziyalısı kimi qələmə verilən bu şəxs bir çoxları ilə müqayisədə xalqa daha yaxın olmağı bacardı, ilk gündən bütün siyasi-hüquqi vəzifələri öz üzərinə götürdü? Ən müxtəlif təbəqələrin - burjuaziya ilə proletariatın, mülkədarla kəndlinin, ziyalı ilə savadsız kütlənin maraqlarını necə birləşdirdi, sosial tələblərlə milli azadlıq istəyini necə uzlaşdırdı?
Şübhəsiz, hər bir siyasi xadimin fəaliyyət konsepsiyasının, hətta liderlik keyfiyyətlərinin formalaşması tarixi situasiyanın parametrindən, siyasi startın hansı şəraitdə başlanmasından asılıdır. Siyasətçinin fəaliyyətinin mühüm şərtlərindən biri onun mövqeyinin, yanaşma tərzinin tarixin konkret mərhələsində millətin siyasi mədəniyyəti ilə hansı şəkildə uzlaşmasıdır. Beləliklə, bir siyasi lider kimi Ə.Topçubaşının siyasi baxışlarına, fəaliyyətini hansı metodlarla həyata keçirməsinə, heç şübhəsiz, mövcud situasiya ilə bağlı amillər, ilk növbədə isə siyasi sistemin xüsusiyyətləri, yaşadığı dövlətin - Rusiyanın “siyasi iqlimi” öz təsirini göstərmişdi. Bu zaman təbii ki, milli mentaliteti, Rusiya imperiyasının çoxmilyonlu müsəlman əhalisinin, ilk növbədə, isə azərbaycanlıların siyasi mədəniyyətinin səviyyəsini də yaddan çıxarmaq olmaz. Əlimərdan bəy bütün diqqətini dövrün, zamanın ortaya çıxardığı problemlərə yönəltmişdi. O, aydın başa düşürdü ki, yalnız müsəlman toplumun siyasi fəallığını açıq mübarizə şəraitində, qısa müddətdə və kəskin şəkildə artırmaq, onların qarşılıqlı şəkildə əlaqələndirilən və həmrəy fəaliyyətinə nail olmaq, mütəşəkkil siyasi qüvvəyə çevrilmək bahasına xalqı milli azadlıq hərəkatının növbəti mərhələsinə aparmaq mümkündür.
Ə.Topçubaşı hər tarixi mərhələdə, üzərinə yeni missiya qoyulanda həmin missiyanın tarixin qanunauyğunluğu və məntiqi zərurətdən asılılığını dəqiq müəyyən edirdi. Hər yeni tarixi missiya ondan ötəri həyatının mütləq, dəyişməz şərtlərindən biri kimi təzahür edirdi.
O, hüquqi məsələlər üzrə mütəxəssis idi. Aydın fəaliyyət proqramı vardı. Yararlandığı forma və metodlar dövrün ruhuna, tələbinə uyğun gəlirdi. Eyni zamanda real tarixi şəraitdə inkişaf edən, fəaliyyət göstərən mötədil radikalizm hissinə malik idi. Bəyannamələrdən başlayan islahatçı mövqeyi zamanla hüquqi və konstitusiya dəyişiklikləri səviyyəsinə yüksəlmişdi. Kadet partiyası sıralarında başlayan siyasi fəaliyyəti müstəqil ümumrusiya müsəlman partiyası miqyası almışdı. İlk dəfə çəkingən qəzet məqalələrində ortaya çıxan liberalizmi Vıborq hadisələri zamanı hökumətə tabe olmama və açıq qarşıdurma şəkli almışdı. Bolşevik-daşnak tələbləri ilə məcburi razılığı zamanı yetişəndə bu koalisiya ilə açıq mübarizə müstəvisinə keçmişdi. Etnik-dini bərabərlik və demokratik Rusiyanın tərkibində muxtariyyət arzusu Azərbaycanın tam müstəqilliyini tanımaq tələbinə çevrilmişdi.
Əlimərdan bəy Topçubaşı böyük siyasi, hüquqi, intellektual potensiala malik idi. Ən başlıcası isə bu potensialdan məharətlə istifadə etməyi bacarırdı. Siyasi düşüncə tərzi özünəməxsusluğu ilə seçilirdi. Onu hər hansı şablon, yaxud standarta aid etmək səhv addım olardı.
Siyasi baxışları dar partiya məqsədləri ilə məhdudlaşmırdı. İdeyası milli səciyyə daşıyırdı. Koalisiyası milli qüvvələrin birliyi idi. Əlimərdan bəyin siyasi hərəkatda qazanılmış təcrübə ilə sıx bağlı şəkildə siyasi ruhun dərinliyinə nüfuz etməsi, siyasi uzaqgörənlik və konstruktivizmi, qərar və hərəkətləri üçün tarixi məsuliyyət hissi, xalqın maraqlarına tabe tutulan fərdi fəaliyyətə bütövün bir parçası kimi baxmaq məharəti, sektantlıq və fraksiyaçılıqdan uzaqlığı, hamını bir ideya ətrafında birləşdirmək bacarığı milli azadlıq hərəkatının bütün mərhələlərində onu əvəzsiz siyasi şəxsiyyətə və liderə çevirmişdi.
Əgər sosialistlər siyasi radikalizm hissinin dəli-divanəsi idilərsə, Əlimərdan bəy tarixə real baxışı ilə fərqlənirdi. Əgər sosialistlər əksərən dindən xali maksimalizmi üstün tuturdusa, Əlimərdan bəyin nəzərində islam həm mənəvi, həm də sosial mahiyyətə malik idi. Ona görə də islam Azərbaycan milli şüurunun ən mühüm aspektini təşkil edirdi. Doğrudur, o tez-tez sosialist mövqeyindən çıxış edirdi, lakin özlərini liberal sayan kadetlərdən də tam təcrid olunmurdu. Həmin dövrdə Əlimərdan bəy üzərində ciddi düşündüyü milli problemlərin həlli, yaxud bu problemlərə anlayışlı münasibət baxımından uyğun siyasi təşkilat axtarışları zəminində kadetlərlə yaxınlaşmışdı. Kadet partiyasının proqramı ona sadəcə gələcək fəaliyyətində siyasi mübarizənin müxtəlif, bəzən son dərəcə mürəkkəb xarakterli dəyişkənliyinə daha dərin bələdlik üçün lazım olmuşdu. Onu da xatırlatmaq yerinə düşərdi ki, 1917-ci il fevral inqilabından bir neçə gün sonra kadetlər Əlimərdan bəyi təzədən əməkdaşlığa dəvət etmişdilər. Lakin o, təklifdən yenə boyun qaçırmışdı. Çünki yeni tarixi məqamda şəksiz lideri Ə.Topçubaşı olan Azərbaycan siyasi elitası özü koalisiya qurmağa qadir siyasi strukturlara malik idi.
Onun həllinə nail olduğu ən mürəkkəb problemlər sırasına əvvəla, etnik və dini şüurla bağlı ziddiyyətlərin aradan qaldırılması, ikincisi isə Rusiyanın türk-müsəlman əhalisində etnik-dini həmrəylik duyğusunun yaradılması daxil idi.
XX əsrin əvvəlində Rusiyanın müsəlman əhalisi onlarla milyon insandan ibarət idi. Lakin onlar əvvəla siyasi cəhətdən mütəşəkkil deyildilər, digər tərəfdən isə ərazi və ünsiyyət baxımından biri-birindən təcrid vəziyyətində idilər. İctimai xadim kimi Əlimərdan bəyin ən böyük xidməti Azərbaycanla imperiyanın digər müsəlman əhalisi arasında körpü yarada bilməsi idi. Ə.Topçubaşının müsəlman hərəkatı çərçivəsində Ümumrusiya miqyaslı fəaliyyəti Azərbaycan milli ideologiyası üçün etnik və dini şüuru yalnız Zaqafqaziya deyil, bütün ölkə miqyasında sosial birlik və mənəvi enerjinin təcəssümünə çevirmişdi.
Əlimərdan bəyin dini görüşləri ilk növbədə ağır sınaqlardan keçməsinə baxmayaraq islama sədaqətini, həyatı qoruyub saxlamasında təzahür etmişdi. Başqa bir cəhət sünni və şiə məzhəb müsəlmanlar arasında tam qarşılıqlı etimad və anlaşmanın, birgə fəaliyyətin bərqərar olması idi. Üçüncüsü, xalq maarifi, kütləyə siyasi mədəniyyət aşılanması məsələsində müsəlman ziyalıları və siyasətçilərinin din xadimləri ilə sıx əməkdaşlığa nail olunmuşdu. Əlimərdan bəy müasiri olan din xadimlərində bir tərəfdən islamın, digər tərəfdən isə dünyəvi təlimlərin cəmiyyət həyatında yeri və rolu haqda yeni, qeyri-ənənəvi təsəvvür formalaşmasına mühüm diqqət yetirirdi. Onun fikrincə, Azərbaycan cəmiyyəti üçün dünyanın yenidən dərki son dərəcə vacib idi. Odur ki, hər vasitə ilə ənənəvi dünyagörüşü sistemlərini dövrün ruhu və tələbləri ilə uyğunlaşdırmağa çalışırdı.
Belə şəraitdə dini-dünyagörüşü problemləri özləri dövlət-hüquq və sosial-iqtisadi doktrinalar kimi əhəmiyyət qazanırdılar.
Əlimərdan bəyin “bizim gücümüz türk mənşəyimizdə və islam dinimizdədir” formulu orta azərbaycanlının təfəkküründə əsrlər boyu şüuraltı şəkildə qarşı-qarşıya dayanmış dini (islam) və milli (türk) mənsubluq hissini artıq biri-birinə kömək edən, biri digərinin xidmətində dayanan amilə çevrilməsinə yardımçı olmuşdu. Milli şüur din üçün cəmiyyətin yeniləşməsi baxımından vacib alətə çevrilmişdi. Din isə milli şüur üçün inancın və etik normaların mühüm amili rolunu oynayırdı.
Ə.Topçubaşının dövlətçilik görüşləri müstəqilliyin əsaslarının mərhələli formalaşması zəruri olan tarixi şərtlərinin inkişafına tam uyğun şəkildə inkişaf etmişdi. Bu etnik və dini bərabərlikdən muxtariyyətin müxtəlif formalarına, nəhayət milli müstəqilliyə aparan yol idi.
Möhkəm kök salmış belə bir fikir mövcuddur ki, Azərbaycanda muxtariyyət uğrunda mübarizə ümumən 1917-ci il fevral inqilabından sonra yaranan siyasi situasiyanın bəhrəsi və nəticəsi kimi meydana çıxıb. Həqiqətənmi belə olmuşdu?
Rusiyanın demokratikləşilməsi və vahid mərkəzdən idarə edilməsinin qeyri-mümkünlüyü məsələsi I Dövlət duması və 1905-ci ildən sonra Əlimərdan bəyin davamlı iştirakı ilə keçirilən müsəlman qurultaylarında gündəliyə çıxarılmışdı. Ə.Topçubaşı sıravi muxtariyyət tərəfdarı deyildi. Dövlət dumasında Muxtariyyətçilər İttifaqının sədr müavini idi. Onun təklifi ilə qərarlarında Rusiyanın müsəlmanlar yaşayan hissəsini mərkəzləri böyük müsəlman şəhərləri olmaqla 16 vilayətə ayırmaq müddəasının əksini tapdığı I Nijni Novqorod müsəlman qurultayına (15 avqust 1905-ci il) sədrlik etmişdi. Muxtariyyətin iki səviyyəsi və ölkəni vilayətlərin ittifaqı şəklində qurmaq haqda əsasnamə hazırlamışdı. Və təsdiq etmişdi ki, muxtariyyət qurumları öz mülahizələrinə əsasən səlahiyyəti mərkəzi hökumətə verə bilərlər.
Fevral inqilabından xeyli əvvəl, 1906-cı ildə hökumət komissiyasının sədri olan Ə.Topçubaşı Şərqi Zaqafqaziyanın gələcəyini çoxpilləli yerli özünüidarə sisteminin inkişafı ilə əlaqələndirmişdi. Bu yerli özünüidarənin əsasında kiçik zemstvo vahidi – sahə zemstvosu dayanırdı. Sahə zemstvoları isə, öz növbəsində, əhalisi eyni milli mənsubiyyətə malik kompakt dairələrdə birləşirdi.
1917-ci ilin aprelində Bakı müsəlman ictimai cəmiyyətləri şurasının sədri seçilən Əlimərdan bəy Azərbaycan siyasi elitası ilə birlikdə azad və demokratik Rusiyanın tərkibində geniş hüquqlara malik Azərbaycan vilayət muxtariyyətinin yaradılmasına çalışırdı. 1917-ci ilin oktyabrından sonra isə gələcək müstəqil Azərbaycan dövlətçiliyinin qurulması barədə düşünürdü.
1905-ci il hadisələrindən 1917-ci ilin aprel-may aylarına qədər davam edən tarixən qısa müddət ərzində etnik-dini bərabərlik və Qafqaz muxtariyyəti fikrindən Azərbaycanın muxtariyyəti ideyasına qədər bir yol keçilmişdi.
Zəifləmiş Rusiya imperiyası şəraitində Azərbaycan dövlətçiliyinin dirçəldilməsi ideyasının mərhələ-mərhələ inkişafını müasir tələblər baxımından çıxış edərək qiymətləndirmək olmaz.
Həmin dövrdə polyaklar, finlər, yaxud gürcülər üçün muxtariyyət tələbi sırf milli maraqlarla izah olunurdu. Erməni muxtariyyəti məsələsi aparıcı Rusiya siyasətçilərinə Türkiyə torpaqlarının Rusiyaya birləşdirilməsi baxımından cəlbedici görünürdü. İmperiyanın müsəlman xalqları üçün hansı bir muxtariyyət tələbinə təşəbbüs göstərilməsi isə Rusiyadan qopub ayrılmaq, əsas etibarı ilə Türkiyənin simasında dünya müsəlman birliyinə inteqrasiya olunmaq və bu yolla da güclü antirus müsəlman bloku yaratmaq kimi qiymətləndirilirdi.
Hətta Ümumrusiya müsəlmanlarının qurultaylarında da Rusiyanın bölünəcəyi təqdirdə Qafqaz regionu vahid orqanizm kimi qəbul edilirdi. Bunun mühüm səbəbi isə özünü onda göstərirdi ki, Şimali Qafqaz müsəlmanları bir tərəfdən dini və milli hüquqlarının əldə edilməsi məsələsində artıq güc mənbəyinə çevrilməkdə olan Azərbaycan siyasi elitasına üz tuturdular. Digər tərəfdən isə Qafqazın müsəlman xalqlarının birliyi Azərbaycan siyasətçilərinin müstəqillik mübarizəsinin daha geniş, daha güclü xarakter almasına kömək edirdi.
Volqaboyu və Türküstanın türk xalqları, hətta Qafqazdakı erməni və gürcülərdən fərqli olaraq Azərbaycan siyasətçiləri birmənalı azərbaycanlıların muxtariyyəti məsələsini birmənalı şəkilə qaldırmırdılar. Təbii ki, bu problemin dərkində siyasi şüurun yetərsizliyindən irəli gəlmirdi. Belə yanaşma tərzinə daha çox ona görə üstünlük verilirdi ki, həmin tarixi dövrdə azərbaycanlı əhali Zaqafqaziyanın demək olar ki, hər yerində yaşayırdı. Ayrılıqda götürülmüş bir ərazidə muxtariyyət elanı siyasi düşüncədə Zaqafqaziya əhalisinin digər azərbaycandilli və müsəlman sakinlərinin taleyinə laqeydlik faktı kimi qəbuledilməz sayılırdı.
Əlimərdan bəy qeyri-adi zəhmətsevərliyə, əqli və işgüzar qabiliyyətə malik universal yaradıcı şəxsiyyət kimi yetişmişdi. Onun ensiklopedizmi özünü ilk növbədə yüksək peşəkarlıq səviyyəsində göstərirdi. Tərcümeyi-halı ilə tanışlıq zamanı elə təəssürat yarana bilər ki, buradakı məlumatlar yalnız bir şəxsin deyil, bir neçə yüksək istedadlı insanın həyat və yaradıcılığını əks etdirir.
O, hüquqşünas, vəkil, andlı iclasçı hüquqçu/yurist, publisist, qəzet redaktoru, naşir, Dövlət dumasının deputatı, parlament fraksiyasının rəhbəri, Ümumrusiya müsəlman partiyasının qurucularından biri və ilk sədri, zemstvo məsələləri üzrə ekspert və zemstvo özünüidarə sisteminin Zaqafqaziyada tətbiqi üzrə mütəxəssis, siyasi tarixçi və tribun idi. Müsəlman ictimai təşkilatları Bakı şurasının rəhbəri və Bakı dumasının sədri kimi Azərbaycanda dövlət idarəçiliyinin hələ rüşeym halında olan müasir prinsiplərinin əsasını qoymuşdu. O, xarici işlər naziri, ikitərəfli və çoxtərəfli diplomatiya sahəsində mütəxəssis idi. Tarixçi və ədəbiyyatşünas, həyatının bütün mərhələlərində son dərəcə fəal, prinsipial ictimai xadim idi.
O, ali hüquq təhsili alıb peşəkar səviyyədə siyasətlə məşğul olan ilk azərbaycanlı idi. Rusiya imperiyasının ədliyyə sistemində ilk dəfə məhkəmə prosesində islam dininin mənəvi prinsiplərini açıq müdafiə etmişdi. Bununla da yalnız bir şəxsin həyatını deyil, bütünlükdə xalqının şərəf və ləyaqətini qorumuşdu. O, Ümumrusiya müsəlman partiyasının ilk sədri olmuş, Rusiya müsəlmanlarının bütün qurultaylarının işinə sədrlik etmişdi. Bu qurultaylar isə öz növbəsində Rusiyada islam inancının ardıcıllarının daha monolit şəkildə birləşməsinə, Qafqaz, Krım, Volqaboyu, Türküstan türklərində milli şüurun güclənməsinə ciddi təkan vermiş, çar Rusiyasının süqutu dövründə türk xalqlarına milli dövlət qurmaq imkanı yaratmışdı. Dövlət dumasında milyonlarla müsəlmanın marağı uğrunda fəal parlament mübarizəsi aparan fraksiyanın qurucusu və dəyişməz rəhbəri olmuşdu.
O, 1917-ci il Rusiya ingilabından dərhal sonra ilk Ümumqafqaz müsəlman qurultayının, həmin qurultayda seçilən və tarixdə XX əsrin ilk Azərbaycan milli hökuməti statusu alan müsəlman ictimai təşkilatları Bakı şurasının sədri idi. 1919-1920-ci illər Azərbaycan Parlamentinin ilk və yeganə qiyabi sədri seçilmişdi. Beynəlxalq təşkilatda – qalib ölkələrin Versal sülh konfransında Azərbaycan diplomatik missiyasının ilk başçısı olmuşdu. Qafqazın siyasi, hərbi, iqtisadi və mədəni birliyini qarşısına məqsəd qoyan Qafqaz Konfederasiyası paktını Azərbaycan adından imzalamışdı. Ən ön cərgələrdə Azərbaycanın dövlət müstəqilliyinin tanınması uğrunda mübarizə aparan, bu mühüm tarixi qərarı birinci eşidən böyük siyasi şəxsiyyət və lider olmuşdu. Nəhayət, özündən sonra zəngin irs – yaxın tarixi keçmişimizə dair səliqə ilə toplanmış bütöv bir siyasi arxiv və maraqlı diplomatik xatirələr qoyub getmişdir.
Ə.Topçubaşının öz istəyi ilə qəbul etdiyi qərarlar ona bəzən həddindən artıq amansız bir tale yaşadıb. 1918-ci ildə Bakı qırğını dəhşətli hadisələrin qarşısını almaq üçün o, könüllü şəkildə bolşeviklərin cinayət yuvasına getməkdən çəkinməmiş, nəticədə həbs olunmuşdu. Həbsdən çıxan kimi şəxsi təhlükəsizliyini düşünüb Bakını dərhal tərk edə bilərdi. Amma o başqalarını düşündüyünə görə belə etməmişdi. Sentrokaspi diktaturası Əlimərdan bəyi yenidən həbsə atmışdı. Anarxiyanın hökm sürdüyü şəraitdə həyatı tükdən asılı idi. Həmin hadisələrin əks-sədası kimi Müvəqqəti hökumətin xarici işlər naziri P.N.Milyukov Parisdə Əlimərdan bəylə görüşərkən demişdi: “Axı yazmışdılar ki, sizi güllələyiblər”.
Əlimərdan bəyin həyatında “siyasi ölümdən” başqa hər şey olmuşdu. 1907-ci ilin sonunda vətəndaş itaətsizliyi və “Vıborq bəyannaməsi”ni imzalamasına görə mühakimə edib üç aylıq həbsə atmışdlar. Üstəlik, bütün siyasi hüquqlarını itirmişdi. İstənilən seçkili vəzifəyə, xüsusən də Dövlət duması və Bakı şəhər dumasına seçkilərdə iştirakı qadağan edilmişdi. Özünün araya-ərsəyə gətirdiyi “Kaspi” qəzetinə, ümumən mətbu orqana redaktor olmağı yasaqlanmışdı. Amma o siyasi istefadan, ictimai fəaliyyətsizlikdən qaçmaq üçün mümkün olan hər şeyi etmişdi. Deputat seçilmək hüququ olmasa da, II Dövlət dumasında Müsəlman fraksiyasına “kənardan” rəhbərlik etməklə misli-bərabəri görünməyən bir vətəndaşlıq aktını qorxmadan və uğurla davam etdirmişdi. Rusiyanın türk-müsəlman əhalisi arasında həmrəylik və birlik ideyasının təbliği məqsədilə imperiyanın müsəlmanlar yaşayan əksər ərazilərini gəzib-dolaşmışdı. Ümumrusiya müsəlmanları qurultaylarında məruzə, 1917-ci ilin avqustunda Rusiya Dövlət müşavirəsində isə müsəlmanlar adından çıxış etmişdi. Demək olar ki, on il qanunvericilik qaydasında siyasi fəaliyyətdən uzaq saxlanmasına baxmayaraq 1917-ci ilin fevralında yenidən Zaqafqaziya müsəlmanları arasında ən populyar və nüfuzlu siyasi xadim, Rusiya imperiyasının isə aparıcı siyasətçilərindən biri kimi tanınırdı.
Əlimərdan bəyin həyatı boyu gördüyü nəhəng işlərdən geniş söz açmadan yalnız onu demək kifayətdir ki, diplomat kimi ən uca zirvəni fəth etmişdi – milli müstəqilliyin de-fakto tanınmasına nail olmuşdu. Lakin müqabilində minnətdarlıq əvəzinə on illər boyu müasirlərinin sükutu, sonrakı nəsillərin laqeydliyi ilə üzləşmişdi. Dövlət müstəqilliyinin tanınması ilə bağlı Azərbaycan Cümhuriyyətinin heç bir sənədində Əlimərdan bəyin adı heç bir şəkildə xatırlanmır. İstər müasirləri, istərsə də sonrakı dövrlərin bütöv nəsilləri onun şəxsiyyətinə və fəaliyyətinə tam laqeydlik nümayiş etdiriblər. Bu isə yalnız ədalətsizlik deyil, həm də bilgisizlikdən qaynaqlanıb.
XX yüzilliyin əvvəlində milli azadlıq hərəkatında xalqımızın ən böyük nailiyyəti kollektiv təcrübəyə yiyələnməsi olmuşdu. Həmin təcrübə isə millətimizin yetişdirdiyi onlarla görkəmli xadimin - böyük milli-azadlıq hərəkatının onurğa sütununu təşkil edən insanların həyatı bahasına qazanılmışdı. İrəliyə doğru fasiləsiz hərəkət və irəliləyişdə, real və sistemli siyasi fəaliyyət məcrasında yetişən bu siyasi kaqortanın ən parlaq nümayəndələrindən biri, heç şübhəsiz, Ə.Topçubaşı idi.
Xalqımızın fədakar oğullarının xidməti və zəhməti yalnız müstəqil Azərbaycan dövlətində öz layiqli qiymətini aldı. Bunun ən parlaq nümunəsi Prezident İlham Əliyevin görkəmli siyasi və dövlət xadimi Əlimərdan bəy Topçubaşının 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamıdır.
Həsən Əziz oğlu HƏSƏNOV,
Azərbaycan Prezidentinin TDT Ağsaqqallar Şurasında səlahiyyətli nümayəndəsi,
ictimai-siyasi xadim

