ABŞ-da nəşr olunan “Bukharian Times” qəzetində və saytında “Azərbaycan musiqisinin dünya mədəniyyətində rolu” sərlövhəli məqalə dərc edilib.
Alman Azərbaycan Mədəniyyət Evinin sədri Ağa Ağayev və “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadə qəzetə təqdim etdikləri yazıda Azərbaycan musiqisinin zəngin tarixi, çoxqatlı inkişaf yolu və qlobal mədəniyyətə verdiyi töhfələrdən ətraflı söhbət açıblar.
Yazıda muğam sənətinin bəşəri dəyəri barədə məlumat verilir. Qeyd edilir ki, muğam duyğuların dərin fəlsəfi və emosional ifadə formasıdır. 2003-cü ildə UNESCO tərəfindən “bəşəriyyətin qeyri-maddi mədəni irsi” siyahısına daxil edilməsi bu sənətin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Məqalədə görkəmli bəstəkar Üzeyir Hacıbəylinin Şərqdə ilk opera olan “Leyli və Məcnun” əsəri vasitəsilə Şərq və Qərb musiqi ənənələrinin uğurlu sintezini yaratdığı vurğulanır. Yazıda aşıq sənəti, xalq mahnıları və milli rəqslərin də dünya musiqi mədəniyyətinə təsirindən bəhs olunur.
Müəlliflər dövlətin musiqi sahəsinə göstərdiyi diqqəti də geniş işıqlandırıblar. Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşada keçirilən “Xarıbülbül” festivalı, eləcə də beynəlxalq muğam festivalları və digər mədəni tədbirlərin Azərbaycan musiqisinin dünyada tanıdılmasına xidmət etdiyi vurğulanır. Sonda vurğulanır ki, Azərbaycan musiqisi Şərq və Qərb arasında mədəni körpü rolunu oynayaraq müxtəlif musiqi ənənələrini birləşdirir və bəşəri dəyərlərin təbliğinə xidmət edir.
XQ

