Bəxtiyar Siracov: Nobel mükafatı alan azərbaycanlı

post-img

Norveç Sülh Komitəsinin qərarı ilə 2005-ci ildə Nobel Sülh Mükafatına layiq görülən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) əməkdaşları sırasında soydaşımız, azərbaycanlı alim Bəxtiyar Tahir oğlu Siracov da var. O, bu mükafatı alan ilk azərbaycan əsilli alimdir. Bu barədə Gürcüstanda yaşayan tədqiqatçı alim Mahmud Kamaloğludan məlumat aldıq. Uzun illərdir ki, Nobel Sülh Mükafatı laureatı Bəxtiyar Siracovla səmimi və mehriban dostluq əlaqələri olan  professor Mahmud Kamaloğlunun söylədikləri məşhur həmyerlimizi daha yaxından tanımağa və tanıtmağa  imkan verdi.  

Bəxtiyar Siracov 1957-ci il oktyabrın 21-də Bakıda ziyalı ailəsində doğulub. 1974-cü ildə Bakı şəhərindəki 82 saylı orta məktəbi, 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Tətbiqi riyaziyyat” fakültəsini bitirmişdir. Əmək bioqrafiyasında  Azərbaycan Milli Elimlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun (indiki İdarəetmə Sistemləri İnstitutu), Rusiya Elmlər Akademiyasının, Slovakiyanın paytaxtı Bratislava şəhərindəki Slovakiya Elmlər Akademiyasının adları keçir. 1995-ci ildə Avstryada Vyana Beynəlxalq Mərkəzinin (VBM) nəzdində yerləşən AEBA-da  işə qəbul olunur.  Bəxtiyar Siracov keçən əsrin 80-ci illərində SSRİ-də fərdi kompüterlər üçün proqram texnologiyaları sahəsində öndə dayanan tədqiqatçılardan olub, bu gün də AEBA-da çalışır və informasiya sistemlərinin proqram təminatı şöbəsinə rəhbərlik edir.

2005-ci ildə Norveç Sülh Komitəsinin qərarı ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və onun Baş Direktoru Məhəmməd əl-Baradei nüvə enerjisinin hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınmasında və nüvə enerjisindən dinc məqsədlər üçün təhlükəsiz şəkildə istifadə edilməsinin təmin edilməsində göstəridikləri xidmətlərə görə Nobel Sülh mükafatına layiq görülüblər. Bəxtiyar Siracov da məhz o tarixdən AEBA-da çalışan digər əməkdaşlarla bərabər Nobel Sülh Mükafatını alanlar sırasındadır. Agentliyin binasının girişində asılmış lövhədə bu mükafata layiq görülmüş bütün əməkdaşlarla birlikdə Bəxtiyar Siracovun da adı görünməkdədir. Beləliklə o, Bakının Balaxanı qəsəbəsində neft mühəndisi ailəsində dünyaya gəlmiş, XX yüzilliyin əfsanəvi fiziki,  azərbaycanlı alim Lev Landaudan sonra Nobelə layiq görülən ikinci azərbaycanlı kimi tarixə düşüb.

Bəxtiyar Siracov elmi fəaliyyəti  ilə yanaşı, mədəni-ictimai fəaliyyətlə də məşğuldur. O, Vyana Beynəlxalq Mərkəzinin nəzdində yaradılmış incəsənət klubunun üzvüdür,  təşkilatçılığı  ilə Vyanada azərbaycanlı rəssamların sərgiləri keçirilib.

Evlidir, Eldar və Elşən adlı iki oğlu var. Eldar Vyana Texnologiya Universitetinin məzunudur, şəxsi kompüter şirkəti var və kompüter qrafikası ilə məşğuldur.  Kiçik oğlu Elşən İngiltərənin Royal Holluey Universitetində və ABŞ-da ali təhsil alıb. Hazırda Vyanada yaşayır və işləyirlər.

 


N. Qədimoğlu,

XQ

 



Sosial həyat