Heydər Əliyev: “Gürcüstan burada yaşayan soydaşlarımızın vətənidir”

post-img

Ümummilli lider Heydər Əliyev qədim Borçalını ulu türk yurdu sayırdı. Ulu Öndər Gürcüstan ərazisindəki milli-mənəvi dəyərlərimizin, etnik-mədəni irsimizin qorunmasını və yaşadılmasını müstəqil Azərbaycanın dövlət siyasəti səviyyəsinə qaldırmış və bu sahədə əsaslı tədbirlər həyata keçirmişdi. Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsak Novruzovla III söhbətimiz bu barədədir.

– Ümummilli lider Heydər Əliye­vin tapşırığı ilə Mirzə Fətəli Axun­dovun evinin, Nəriman Nərimano­vun ata mülkünün geri alınması və xalqımıza qaytarılması Gürcüstan­dakı tarixi və mədəni irsimizin qoru­nub-yaşadılması baxımından önəmli hadisələr oldu.

– İndiki Gürcüstanda Azərbaycanın tarixi şəxsiyyətlərini axtarıb tapmaq, yenidən dəyərləndirmək, hər şeydən əvvəl, keçmişimizə dərin hörmət və bu yerlərdəki tarixi haqqımıza sahib çıxmaq deməkdir. Onları gənclərə yaxından tanıtmaq, hüquqlarını bərpa etmək, haqsız olaraq repressiya qur­banları olduqlarını sübuta yetirmək, xalq işi naminə fəaliyyətlərinə bəraət qazandırmaqla bağlı Ulu öndər Heydər Əliyevin atdığı addımlar misilsiz bir fə­dakarlıqdır. 

Müstəqillik illərində Ümummilli li­derin birbaşa göstərişi və nəzarəti ilə Gürcüstanda yaşamış tarixi şəxsiyyət­lərimizin mülkləri müxtəlif yollarla onla­ra sahib olmuş ermənilərdən alınaraq özəlləşdirildi. Daha sonra onların yük­sək səviyyədə əsaslı təmiri aparıldı. Doğrudan da, Mirzə Fətəli Axundovun evinin Heydər Əliyevin tapşırığı ilə geri alınması və bundan sonra ev-muzeyinə və mədəniyyət mərkəzinə çevrilməsi böyük tarixi-mədəni hadisədir. 

Azərbaycanın görkəmli dövlət xadi­mi və ədibi Nəriman Nərimanov Tiflisdə doğulub. Onun boya-başa çatdığı bina babası Kərbəlayi Allahverdinin mülkü olub. Qədim müsəlman məhəlləsindəki bu binanı o, oğlu Nəcəf – Nəriman Nə­rimanovun atası üçün tikdirib. Rus im­periyası Gürcüstanı da işğal edəndən sonra bu mülk də sahiblərini dəyişdi, əldən-ələ keçdi. Ulu öndərin tapşırığı ilə bu binada da yenidənqurma işləri aparıldı, tikili yüksək səviyyədə təmir olundu. Nəriman Nərimanovun ruhu­na ehtiram əlaməti olaraq indi burada onun ev-muzeyi yerləşir. 

Azərbaycan milli mətbuat tarixinin görkəmli nümayəndəsi, böyük demok­rat yazıçı Cəlil Məmmədquluzadənin redaktorluğu ilə Tiflisdə ərsəyə gəlmiş məşhur “Molla Nəsrəddin” jurnalının çap olunduğu “Qeyrət” mətbəəsi də geri qaytarıldı.

Bunlardan başqa, 2001-ci ilin avqustunda daha bir tarixi şəxsiyyə­tin – Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair-pedaqoq Abdulla Şaiqin 120 illik yubileyi ərəfə­sində onun da unudulmuş ünvanı bər­pa edildi. Marneuli (Sarvan) rayonunda, şairin dədə-baba ocağında ev-muzeyi­nin açılışı oldu və həmin küçəyə Abdul­la Şaiqin adı verildi. 

– Heydər Əliyev Tbilisidə ana dili­mizdə çıxan “Gürcüstan” respublika qəzetinin fəaliyyətini davam etdirmə­sinə də qayğı və diqqət göstərib. Hət­ta Gürcüstana səfərində Naxçıvanda blokada şəraitində yaşayarkən bu qəzetin əməkdaşlarının onunla gö­rüşlərini, müsahibə alıb dərc etmələ­rini də məmnunluqla xatırlayıb.

– Vaxtı ilə “Sovet Gürcüstanı” adı ilə nəşr edilən qəzetin böyük ənənələri olub. Bu nəşr Gürcüstanda Azərbay­can dilində nəşr edilən ən uzunömürlü respublika qəzeti olub. 2 il əvvəl 100 yaşı tamam oldu. Azərbaycan və Gür­cüstan arasında mənəvi körpü olan qəzet 1990-cı ildən nəşrini “Gürcüstan” adı ilə davam etdirir. Qəzet ölkələrimi­zin müstəqilliyi dövründə də Gürcüstan­da milli-mənəvi dəyərlərin yaşadılması, iki xalq arasında dostluğun möhkəm­ləndirilməsi ideallarına öz töhfələrini verməkdə davam edir. Gürcüstanın dövlət nəşrlərindən biri kimi bu qəzetin fəaliyyətinə yüksək önəm verilir. Çünki Ulu öndər belə istəyirdi və gürcülər də bunu yaxşı bilirlər.

1996-cı ildə Gürcüstana səfəri za­manı Ulu öndər nəşrin Azərbaycan üçün əziz olduğunu qeyd etdi, onun Gürcüstan və Azərbaycan dövlətləri, eləcə də iki xalq arasında əlaqələrin inkişaf etdirilməsində gərəkli xidmətlər göstərdiyini bildirdi. Heydər Əliyev Nax­çıvanda yaşayarkən onu unutmadıqla­rını xatırlayaraq dedi: “O vaxt mənim üçün bu, böyük mənəvi dayaq idi. Mən Naxçıvanda sürgündə idim, bir tərəf­dən gürcülər, o biri tərəfdən Gürcüs­tanda yaşayan azərbaycanlılar məni unutmamışdılar. Bunu qəzet vasitəsilə etmişdilər. Ona görə də “Gürcüstan” qəzetini yaşatmaq lazımdır. Mən böyük vəd verən adam deyiləm. Ancaq bu gün bəyan edirəm ki, “Gürcüstan” qəzetinin yaşaması, mütəmadi çıxması üçün Azərbaycan dövləti və şəxsən mən la­zımi tədbirlər görəcəyik”.

Prezident Heydər Əliyevin həmin səfəri zamanı “Gürcüstan” qəzetinin nəşri dayanmışdı. Ulu öndər qəzetin fəaliyyətinin bərpa olunmasının vacibli­yini qeyd edəndən sonra redaksiya qə­zet kağızı, kompüter dəsti ilə və digər lazımi avadanlıqlarla təmin edildi. Re­daksiya əməkdaşlarının iş şəraiti yax­şılaşdırıldı, mətbəə-maliyyə xərclərinə yardım edildi. Beləliklə, “Gürcüstan” qəzetinin fəaliyyəti bərpa edildi. 

– İsak müəllim, vaxtı ilə Tiflisdə erməni daşnakların qətlə yetirdiyi si­yasi xadim Fətəli Xan Xoyskinin qəb­rinin tapılması və Tbilisi Botanika bağının ərazisində yerləşən müsəl­man qəbirstanlığında dəfn edilməsi də Ulu öndərin adı ilə bağlıdır.

– Bu barədə vaxtı ilə mərhum As­lan Aslanov mənimlə belə bir söhbət eləmişdi: “1996-cı ilin soyuq qış günlə­rindən birində Tbilisiyə növbəti yardım apardıqdan sonra Şəmkirə qayıtmağa hazırlaşırdıq. Bildirdilər ki, yaşlı bir qa­dın mənimlə görüşmək istəyir. Bu qa­dınla söhbət zamanı məlum oldu ki, o, Fətəli Xan Xoyskinin dəfn edildiyi yerin harada olduğunu bilir. O dedi ki, Fətəli Xan Xoyskini o zaman Şeyx Sənan da­ğının ətəyindəki qəbiristanlıqda, mənim qardaşımın yanında basdırıblar. Sonra qadın gedib həmin yeri göstərdi. Sonra bildirdi ki, əgər buradakı ermənilər bil­sələr, Xoyskinin qəbrini dağıdarlar, bu məsələni cənab Heydər Əliyevin bilmə­si çox vacibdir”. 

Həmin gün axşam Heydər Əliyevlə əlaqə saxlayıb Gürcüstanla bağlı tapşırıq­larının icrası ilə əlaqədar ətraflı məlumat verdim, sonda cənab Prezidentə yaşlı qadın müəllimin dediklərini də çatdırdım. Heydər Əliyev soruşdu ki, bu məsələdən səndən başqa daha kimin xəbəri var? Cavab verdim ki, sürücümün və daha iki nəfərin. Heydər Əliyev yenə soruşdu ki, yorulmamısan? Dedim ki, xeyr.

Ulu öndər dedi: “Elə isə geri qayı­dıb, deyilən yeri nəzarətə götürün ki, dəyib-toxunan olmasın. Səhər isə Tbili­si Cümə məscidinin axundunu götürüb, müsəlman adət-ənənəsi və deputat­larımızın iştirakı ilə Xoyskinin qəbrinin M.F.Axundovun büstünün yanına köçü­rülməsini təmin edin. Xoyskiyə xüsusi məhəbbətim olduğu üçün qəbirüstü abidənin açılışında özüm iştirak edə­cəyəm”.

Aslan müəllim elə həmin gecə Tbi­lisiyə qayıtmışdı və Xoyskinin qəbrini səhəri gün deyilən yerə – M.F.Axundo­vun büstünün yanına köçürmüşdü. Qə­birüstü abidənin açılışında isə Heydər Əliyev özü iştirak etdi. Büstün açılış mərasimində onunla birlikdə Gürcüs­tan prezidenti Eduard Şevardnadze və digər dövlət rəsmiləri də iştirak etdilər.

Sonralar Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbü­sü ilə Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, habelə Fətəli Xan Xoys­kinin qəbirüstü abidələrinin əsaslı bər­pası həyata keçirildi və orada xiyaban yaradıldı. Bu həm də varislərinin Hey­dər Əliyev ideyalarına sadiqliyinin nü­münəsi idi. 

– Ötən ay Azərbaycan Preziden­ti İlham Əliyevin Gürcüstana səfəri göstərdi ki, iki ölkənin dostluq mü­nasibətləri Ulu öndərin istədiyi kimi, onun müəyyən etdiyi yolla davam edir. Bu münasibətlərinin inkişafı re­giona da böyük perspektiv vəd edir. Böyük gələcəyi ola bilən Qafqaz evi­nin əsası iki xalqın dostluğu ilə qo­yulub.

– Böyük fəxr hissi ilə deyə bilərəm ki, xalqlarmızın təhlükəsizliyinin və iqtisadi əlaqələrimizin sarsılmaz bünövrəsini dünya şöhrətli siyasətçi Heydər Əliyev qoyub. Ulu öndər deyirdi ki, Gürcüstan burada yaşayan azərbaycanlıların tarixi vətənidir, Gürcüstan da onların dövlə­tidir. Müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümum­milli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Gürcüstan–Azər­baycan dostluq münasibətləri uğurla davam etməkdədir. 

Prezidentlər Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoy­duğu strateji əməkdaşlıq keçən müd­dətdə bütün sahələr üzrə davam edib. Bu gün Gürcüstanla Azərbaycanı tarixi özüldən əlavə, Bakı–Supsa, Bakı–Tbi­lisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, TRASEKA, Bakı–Tbilisi–Qars və Trans–Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasi­ya layihələri birləşdirir. Qeyd olunan layihələr ölkələrimizi bir-birinə strateji cəhətdən bağlayır.

Görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin qonşu Gürcüs­tan Respublikası və orada yaşayan soydaşlarımızın qayğı və problemləri ilə bağlı siyasi kursu bu gün Azərbay­can Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vaxtı ilə Ulu ön­dərin yaxın dostu, böyük ictimai-siyasi xadim Eduard Şevardnadze deyirdi: “Bu gün Heydər Əliyevin işini və ölkələ­rimizin qardaşlıq ənənələrini onun oğlu – böyük ziyalı, gənc dövlət xadimi İlham Əliyev davam etdirir. O, atasının irsinə dəyərli şəkildə başçılıq edir və Azərbay­canda, eləcə də Gürcüstanda böyük inam və nüfuz qazanıb”.

Mən həm Gürcüstan parlamentinin deputatı, həm də nazir müavini olanda Prezident İlham Əliyevlə dəfələrlə gö­rüşmüşəm, hətta iki dəfə şəxsən qəbu­lunda olmuşam. Doğrudan da, o, ata­sının irsinə layiqli şəkildə sahiblik edir. Məhz onun səylərinin nəticəsidir ki, Azərbaycan–Gürcüstan münasibətləri və qardaşlığı təkcə bu iki dövlətin deyil, eyni zamanda, digər region ölkələrinin inkişafına, regionda sülhün və təhlükə­sizliyin möhkəmlənməsinə xidmət edir. 

Azərbaycan lideri İlham Əliyev Gürcüstan nümayəndə heyəti ilə gö­rüşlərinin birində demişdir: “Ölkələri­miz arasında münasibətlərin tarixi çox qədimdir. Xalqlarımız həmişə yanaşı, qonşuluqda, sülh və mehribanlıq şərai­tində yaşamış, həmişə bir-birinə kömək etmişlər. Bu gün iki müstəqil dövlətin inkişafına, əməkdaşlığa və həm təh­lükəsizliyimizi, həm də iqtisadi firavan­lığımızı təmin edən, qlobal dünya pro­sesləri üçün böyük əhəmiyyətə malik olan layihələrdə iştirakına kömək edən münasibətlərin təməli budur”.

– Həyat göstərir ki, qonşuluq si­yasətində ədalətli münasibət və sə­mimi olmaq əlaqələrin inkişafında önəmli amilldir.

– Bəli, belədir, biz həmişə qonşu­larımızdan da, dünya ictimaiyyətindən də özümüzə qarşı ədalətli münasibət gözləmişik. Azərbaycan ərazi butöv­lüyünü bərpa etmək üçün səfərbər olanda onu dəstəkləyən dövlətlər sı­rasında Gürcüstan da var idi. Gürcüs­tan dövləti Ermənistana silah daşıyan dövlətlərlə hava və quru nəqliyyat yol­larını bağladı, bununla həm də bölgə­də sülhün tərəfdarı olduğunu təsdiqlə­di. Xoş niyyətlər, qardaşlıq və dostluq amalları ilə birləşən iki qonşu ölkə arasında münasibətlər bundan sonra da inkişaf edəcək və hər iki xalqın ma­raqlarının təmin olunması üçün daha böyük perspektivlərin və əməkdaşlıq əlaqələrinin açılmasına geniş şərait yaradacaq.

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsı­dıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr Gürcüstandakı azər­baycanlılar tərəfindən böyük sevinclə və ruh yüksəkliyi ilə qarşılandı. Xaricdə, eləcə də Gürcüstanda yaşayan azər­baycanlılar bu nailiyyətlərə görə Prezi­dent, Ali Baş Komandan İlham Əliyevin səylərini, yorulmaz fəaliyyətini yüksək qiymətləndirirlər. Biz qədim Borçalı əhalisi həmişə onun yanında olduğu­muzu bildiririk.

Azərbaycanın müdrik və qüdrət­li Prezidenti İlham Əliyev Ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Əslində, biz hamımız bu yolun da­vamçılarıyıq. Azərbaycanla bağlı hər şey bizim üçün əziz və müqəddəsdir. Bundan sonra da ölkələrimiz arasın­da əsrlər boyu mövcud olmuş dostluq münasibətlərini daim yaşatmağa çalı­şaçağıq. Heydər Əliyevin nurlu xatirəsi isə Gürcüstan azərbaycanlılarının və gürcü xalqının yaddaşından heç vaxt silinməyəcək. 

Söhbəti hazırladı:
Namiq ƏHMƏDOV
XQ

Bakı – Tbilisi – Bakı



Müsahibə